Osmanlı imperiyasının Azərbaycanla bağlı yeritdiyi siyasət XVII-XVIII əsrlərdə ciddi dəyişikliyə uğramışdı. Məlumdur ki, Osmanlı imperiyası çox qüdrətli olduğu XIV-XVI əsrlərdə Avropada daha fəal siyasət yeridir və əsas səylərini orada möhkəmlənməyə yönəldirdi. Yalnız Səfəvi dövləti ilə müharibəyə başladığı zaman Osmanlı imperiyası müəyyən müddətdə öz qüvvələrini Azərbaycana və İrana qarşı göndərməli olmuşdu.
XVIII əsrin əvvəllərinə yaxın vəziyyət əsaslı şəkildə dəyişdi. Daxilən zəifləmiş Osmanlı imperiyası XVII yüzilliyin sonlarında Avropa dövlətlərinin blokuna qarşı mübarizədə məğlub oldu və xeyli ərazi itirdi. Avropada fəal xarici siyasət yeritmək imkanını itirən Osmanlı dövləti nəzərlərini Azərbaycana və İrana qarşı yönəltdi. Bu zaman həmin ölkələrin daxil olduğu Səfəvi dövləti faktiki olaraq dağıldığından bu əraziləri tutmaq çətin iş deyildi. Rus çarı I Pyotrun Cənubi Qafqazı və İranı zəbt etməyə və bununla da Osmanlı imperiyasının şərq cinahını təhlükə altına almağa yönəldilmiş siyasəti də osmanlıları bu rayonu ələ keçirməyə təhrik edirdi. Qeyd edək ki, bir sıra Azərbaycan xanlıqları yarandıqları gündən Osmanlı imperiyası ilə sıx münasibətlər yaratmağa, onun dəstəyini qazanmağa çalışırdı. Şəkili Hacı Çələbi xan artıq 1747-ci ildə Osmanlı baş vəzirinə məktub göndərərək, Şirvan və Dağıstan əhalisinin İrana qarşı üsyan etdiyini, bu əsnada Nadir şahın öldürüldüyünü yazır, yeni bir şah taxta çıxdığı halda rusların və qızılbaşların müdaxiləsinə qarşı onların müdafiə olunmasının zəruriliyini vurğulayırdı.
Əsası 1747-ci ildə qoyulmuş və 1822-ci ilədək mövcud olmuş Qarabağ xanlığının dövlətçilik tariximizdə rolu və yeri danılmazdır. Nadir şah öldürüldükdən sonra onun yaratdığı imperiya dağıldı. Nadir şah imperiyasının dağılması nəticəsində Azərbaycan ərazisində xırda feodal dövlətlər yarandı. Bunlar ayrı-ayrı xanlıqlar idi. Bu xanlıqların timsalında Azərbaycan özünün dövlət müstəqilliyini bərpa etdi. Gəncə xanlığı ərazisində iki xanlıq – Gəncə və Qarabağ xanlıqları yarandı. Beləliklə də Azərbaycan ərazisində iyirmiyə qədər müstəqil və yarımmüstəqil feodal xanlıqlar təşəkkül taparaq öz varlıqları uğrunda tarix səhnəsinə çıxdılar. Olduqca çətin tarixi şəraitdə Ağdamın Sarcalı oymağından olan, Cavanşirlər sülaləsinin nümayəndəsi, görkəmli dövlət xadimi və sərkərdə olan Pənahəli bəy Qarabağ xanlığının əsasını qoydu.
Kiçik Qaynarca (1774) müqaviləsinə əsasən Osmanlı dövləti Krımı itirdikdən sonra, itirilmiş mövqelərini bərpa etməyin ən mühüm istiqamətlərindən biri kimi Cənubi Qafqazda nəzarətini gücləndirməkdə görürdü. Çünki Kiçik Qaynarca sülhü ilə qane olmayan II Yekaterina "Yunan layihəsi" adlanan layihə irəli sürmüşdü. Bu layihəyə əsasən türklər Avropadan qovulmalı və "Yunan imperiyası" bərpa olunmalı idi. Osmanlı dövlətinin əvvəlki qüdrətin sarsıldığını bilən II Yekaterina bundan istifadə edərək Osmanlı dövlətini məhv etmək qənaətinə gəlmişdi. Bunun üçün Qara dənizə çıxmaq və Krımı Rusiyaya ilhaq etmək, daha sonra isə İstanbulu və Egey dənizindəki adaları Rusiyanın himayəsi altına alaraq sözdə bir yunan dövləti qurmağı planlaşdırmışdı. (Переписи Екатерины II с Иосифом П // Русский Архив. 1880. К 1 С 285, Письма Иосифа II Екатерине II, 13 ноября 1782 г.//РГВИА. Ф.52 оп 2 д 2. л.6300-68 об, РГВИА. Ф. 52. Оп. 2. д. 2. л. 47-62; Переписки Екатерины II с Иосифом II // Русский архив. 1880. Кн. 1. с. 281-291.)
Elə buna görə də, Osmanlı dövləti ona yardım üçün müraciət edən Azərbaycan xanlıqları ilə əlaqələrin genişləndirilməsinə diqqətini daha da gücləndirir. Qeyd edim ki, Qarabağ xanlığına Osmanlı imperiyası ərazisindən meyvə qurusu, müxtəlif örtüklər, ipək mallar və kofe, Tiflisdən - müxtəlif parçalar, mahud, çay, qənd, rom gətirilirdi (Обозрение Российских владений за Кавказом в статистическом, этнографическом и финансовом отношениях. СПб., Типгорафия департамента внешней торговли, 1836, ц.3, 392 с. ).
Qeyd edək ki, Osmanlı sarayında və əhali arasında Qarabağ barədə ətraflı məlumat var idi. O illərdə sarayda xidmət edən və eyni zamanda məktəblərdə dərs deyən qarabağlı alim və mütəfəkkirlər sayəsində Qarabağ kifayət qədər tanına bilmişdi. Sənanəddin Yusif, Dədə Ömər Rövşəni, İbrahim Gülşəni, Məhəmməd Bərdəi, Məhyəddin Məhəmməd və sair adlar çəkmək olar. Eyni zamanda, III Murad (1574-1595) dövründə Qarabağ ərazisi 1590-cı ildə Osmanlı dövləti ilə Səfəvilər arasında imzalanan İstanbul sülh müqaviləsinə əsasən Osmanlı idarəsinə alınmışdır. (“Osmanlı Eğitimine Katkıda Bulunan Bazı Azerbaycan Müderrisleri (15. yüzyılın II yarısı ve 16. yüzyılın I yarısında), Journal of Qafqaz University, Sayı-26, Bakı, 2009, ss. 215-223.)
Qarabağ xanlığı ilə Osmanlı dövləti arasında ilk yazışmalar 1769-cu ildən başlamışdır .
1768-1774-cü illər Rus-Türk müharibəsində Azərbaycan xanlıqlarının dəstəyini almaq istəyən Osmanlı dövlətinin təşəbbüsləri sayəsində iki tərəf arasında diplomatik əlaqələr qurulmuşdu. Qarabağ xanlığına gələn Osmanlı elçisinin məktubunda ruslara qarşı birlikdə mübarizə aparmaq istədikləri bildirilmişdi. (Başbakanlık Osmanlı Arşivi (BOA), Ali Emiri, I Abdülhamid, Nr.6549.)
Bu məqsədə nail olmaq üçün Osmanlı sultanı I Əbdülhəmid Qarabağ hökmdarı İbrahimxəlil xana məktub göndərir. (Məmmədov H.M. Osmanlı imperiyasının xarici siyasətində Azərbaycan xanlıqları // Azərb.SSR Elmlər Akademiyasının 232 Xəbərləri, tarix, fəlsəfə və hüquq seriyası, 1989, №3, s.44-50) Məktubda İbrahimxəlil xana Rusiya imperiyasına qarşı vuruşmağa hazır olmaq təklif olunurdu. Məktubda eyni zamanda ona Şəki xanı Məhəmmədhəsən xana, Təbriz xanı Xudadat xana, Ərdəbil xanı Əli xana, Quba xanı Fətəli xana və başqalarına müraciət edib, onların da bu işə qoşmağın zəruriliyi dönə-dönə xatırladılırdı. Osmanlı imperiyasının Azərbaycan xanlıqlarından yardım gələcəyinə şübhə ilə baxmağa əsası var idi. Belə ki, bu dövrdə də Azərbaycan xanlıqları arasında kifayət qədər gərgin qarşılıqlı münasibətlər yaranmışdı. XVIII əsrin ortalarından yenicə meydana çıxmış Azərbaycan xanlıqları arasında demək olar ki, həmişə mövcud olmuş mürəkkəb münasibətlərin gərginliyi əsrin son rübündə xarici qüvvələr tərəfindən məxsusi olaraq qızışdırılırdı.
1783-cü ildə Azərbaycan və Qafqaz müsəlmanlarına Osmanlı sultanı I Əbdülhəmid (1774-1789) tərəfindən imzalanan fərman verilmişdi. Bu fərmanda onların himayə edilməsi əmr olunmuşdur. Bu isə Azərbaycan xanlıqları ilə olan münasibətlərin qorunub saxlanılmasının şəxsən padşahın özünün diqqət mərkəzində olduğunu göstərirdi. (Cemal Gökce. Kafkasya ve Osmanli Impratorlugunun Kafkasya siyaseti, Istambul, 1979, s.114)
1787-ci ildə Qarabağ xanı İbrahimxəlil xanın məktubu əsasında Ərzurum və Çıldır valiləri, Qars mühafizə və Bəyazid mütəsərriflərinin adından İstanbula göndərilən məktubda xanlar arasındakı münasibətlərdən bəhs olunurdu.
Osmanlı dövləti Rusiyaya qarşı müharibədə Azərbaycan xanlarının da hərbi qüvvəsindən istifadə etmək istəyirdi. Bu məqsədlə 1784-cü ildə qəbul olunmuş xətti-hümayunda “ləzgi əsgərləri və Azərbaycan xanlarının Dövləti-Aliyyəyə cəlb olunmasına səyin gərək olduğu” göstərilirdi.
Qarabağ hökmdarı İbrahimxəlil xan 1794-cü ildə sultana göndərdiyi məktubda İranda hakimiyyəti ələ keçirmiş Ağa Məhəmməd xan Qacarın Azərbaycan xanlıqlarını tutmaq niyyətindən xəbər verir, xanlıqların bu təhlükəni sovuşdurmaqda Osmanlı sultanının yardımına ehtiyacları olduğunu qeyd edirdi (Osmanlı devleti ilə Azərbaycan türk xanlıklan arasında münasibetlere dair arşiv belgeleri. Karabağ-Şuşa, Nahçivan, Bakü, Gence, Şirvan, Şeki, Revan, Kuba, Hoy. (1578-1914). Ankara, Başbakanlik Basımevi, 1992, c.I. 427 s; c. 2. 481 s).
1791-ci ildə Osmanlı sarayında İbrahimxəlil xan və Avar hakimi Ümmə xanın elçiləri yüksək ehtiramla qəbul olunmuşdu. Bu barədə sultana edilən məruzədə göstərilirdi:
“Şövkətli, Kəramətli, Əzəmətli, Qüdrətli Vəliyyi-Nemətim, Əfəndim, Padşahım, Dağıstan xanlarından Ümmə xanla Şuşa xanı İbrahimxəlil xanın bu dəfə hərəsi bir nəfər adamıyla Əlahəzrət şahanələrinə məruzə və təqdim üçün ərəb və fars dillərində yazılmış qısa məruzələri və qulunuz tərəfindən də məruzə edilən (söylənilən) məktubları mövcud olmaqla bütünlüklə tərcümə etdirilib və rəsmi şəkildə məlumatları olan adamların da digər məlumatları yazılaraq yüksək mərtəbənizə təqdim edildi. Fərman mübarək istəyinə uyğun olaraq şövkətli, kəramətli, əzəmətli, qüdrətli, vəli nemətim əfəndim həzrətlərinindir”.
Diplomatik danışıqlar zamanı, əlbəttə, Osmanlı sarayında xidmət göstərən ermənilər yaddan çıxarılmırdı. Məlumdur ki, Osmanlı dövründə imperiya ərazisində islamı qəbul etmiş ermənilər yaşayırdılar.
İslam dininə etiqad edən erməniləri hemşinlər adlandırırlar və onlar şərq, qərb və şimal olaraq üç qrupa bölünürdü:
Şərqi hemşinlər (Homşetsi): Artvin ilinin Hopa (xüsusilə Kemalpaşa) və Borçka rayonlarında yaşayan ana dili erməni dilinin Qərb dialektlərindən biri olub yerli halkça Homşetsi / Hemşotsi, Homşetsi lizu (Hemşin dili) və ya Hemşince olaraq adlandırılan sünni müsəlman qrupudur. Dilçi Vaux bu dili Homşetsma olaraq adlandırmışdır.
Qərbi hemşinlər (Armeni): Rizənin Hemşin və Çamlıhemşin bölgələrinin və az miqdardada Fındıqlı, Çayeli, Bazar, Ardeşen və İkizdere bölgələrinin yüksək və dağlıq bölgələrində yaşayan, erməni əsilli lakin ana dili türk dili olan sünni müsəlman qrupudu
Bu ermənilərin bəzilər sarayda mühüm vəzifələr tuturdular. Zahirən müti olan ermənilər o zaman Osmanlı sarayında diplomatlar, həkimlər, tərcüməçilər kimi möhkəm mövqeləri öz əllərində saxlayırdılar. Rusiya, Fransa, İngiltərə və İrana gizli casusluq edən ermənilər Osmanlı sarayında baş verənləri dərhal o dövlətlərə xəbər edirdilər. XVII-XVIII əsrin sonlarına gəldikdə Fransa, İngiltərə, Avstriya, Danimarka, Hollandiya, Dubrovnik və iki Siciliya dövlətinin Osmanlı Dövlətində konsulluqları var. Bu səfirlik və konsulluqlarda çalışan tərcüməçi sayı 194-ə çatmışdı. Tərcüməçilər, Osmanlı siyasi həyatında mühüm rol oynamağa başlayıblar. İlk başlarda elçilərin yanında görünən Türk tərcüməçilərin yerini zamanla Xristian Osmanlı vətəndaşları almağa başlamışdır. Xüsusilə də Osmanlı Dövlətinə məxsus torpaqlar üzərində imperialist əməllər bəsləyən dövlətlər, Osmanlı bu erməni məmur və tərcüməçilərə daha da maraq göstərməyə başlamışdır. Bu marağın səbəbi Osmanlı idarəsində özlərinə casus yetişdirmək dururdu. (Polatcı, T. (2009). Osmanlı Devleti'nde Sefaret Tercümanları. Basılmamış Doktora Tezi, Samsun)
Bu ermənilər Azərbaycan xanlıqlarının Osmanlı sarayı ilə yazışmaları zamanı Sultana təsir göstərmək imkanları əldə etməyə cəhd edirdilər. Osmanlı sarayının Xanlıqlara dəstək göstərməsinin dövlət üçün böyük təhlükə yaradacağını iddia edirdilər. Hətta onlar Rusiya və İrana qarşı çıxmamaları üçün xristian ermənilərin sakitliklərinə təminat belə verirdilər.
XVIII əsrin II yarısında Osmanlı dövləti Rusiya ilə apardığı müharibələrdə itkilərə məruz qalaraq hərbi cəhətdən zəiflədiyinə görə, Ağa Məhəmməd xan tərəfindən sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün onunla müqavilə bağlamışdı. Bu müqavilənin pozulmaması üçün ermənilər ciddi-cəhdlə çalışdılar və elə buna görə də İbrahim xanın Osmanlı imperiyasının himayəsi altına keçmək niyyətini bildirdiyi məktubları İstanbulda müsbət qarşılansa da, Osmanlı sarayının Qarabağ xanına real yardım göstərməsi qeyri-mümkün idi.
Son olaraq qeyd edək ki, İbrahimxəlil xan sultan III Səlimin baş vəzirinə yazdığı məktubdakı “..Sizdən ricamız budur ki, bizləri qoruyub, bizə kömək və inayətinizi əsirgəməyəsiniz...” sözlərə cavab olaraq Osmanlı sarayından aşağıdakı məzmunda məktub almışdı:
“İranla Dövləti-Aliyyə arasında sülh olduğundan, Ağa Məhəmməd şah Qacarın sülhü pozar bir hərəkəti görülmədikcə Osmanlı dövləti tərəfindən İran hövzəsinə əsgərlə müdaxilə edilməyəcək”.
1805-ci il Kürəkçay müqaviləsi ilə Qarabağ xanlığı faktik olaraq Rusiyaya ilhaq edildi. İmzalanan 11 maddədən ibarət müqavilənin şərtlərinə görə, Qarabağ xanı Rusiya çarının vassalı olmağına razılıq verir, müstəqil xarici siyasət hüququndan məhrum edilir. (A.Ə.Rzayev, “Azərbaycan tarixi XIX-XXI əsrin əvvəli”, Bakı Universiteti Nəşriyyatı, 2010, səh18.)
Zaur Əliyev
Siyasi elmlər üzrə fəlsəfə doktoru
AMEA Fəlsəfə və Hüquq İnstitutu