Xüsusi xidmət orqanları. Tez-tez rastlaşdığımız bu ifadənin arxasında nə durur, həmin orqanların vəzifələri nədən ibarətdir? Bu terminin özü qeyri-rəsmi olsa da, xüsusi xidmət strukturu deyəndə, mənsub olduğu ölkənin qanunvericiliyinə əsasən, kəşfiyyat, əks-kəşfiyyat, kriptoanaliz; dövlətin, onun siyasi sisteminin, yaxud, başçısının təhlükəsizliyinin qorunmasını təmin edən strukturlar nəzərdə tutulur.
Müxtəlif dünya ölkələrinin xüsusi xidmət xidmətlərinin tarixində irili-xırdalı minlərlə əməliyyat olub. Əsrlər boyu bu əməliyyatlar real və ehtimali problemlərə qarşı, bəzən hətta rəsmi müttəfiqlərə qarşı aparılıb. Onların bəzisi “beyin müharibəsi” səviyyəsində cərəyan edib, digərləri qanlı əməliyyatlardan ibarət olub. Bu əməliyyatların məqsədi düşmən, yaxud rəqib üzərində hərbi, siyasi, iqtisadi üstünlüklərə nail olmaqdır. Tarixə bəlli olan xüsusi əməliyyatların bir çoxu dezinformasiya xarakteri daşıyır, yaxud, hər hansı bir ölkədə “qeyri-münasib” rejimin yıxılmasına yönəlmiş əməliyyatlardan ibarət olurdu.
Müxtəlif zamanlarda xüsusi xidmət orqanların boynuna ən müxtəlif, bəzən hətta ağlasığmaz vəzifələr yıxıblar, lakin bütün hallarda bu vəzifələrin uğurla yerinə yetirilməsi tarixin konkret mərhələsində bəlli bir dövlətin maraqlarına xidmət edib. Bu orqanların müxtəlif dövrlərdə çox fərqli istiqamətlərini göstərmək üçün, yaxın keçmişdə hamımızın böyük vətəni olmuş Sovet İttifaqının xüsusi xidmət orqanlarının fəaliyyətinə nəzər salaq. XX əsrin 20-30-cu illərində onların əsas diqqəti ağqvardiyaçılarla, trotskiçi və millətçi qruplaşmalarla mübarizəyə yönəlmişdisə, İkinci Dünya müharibəsi illərində obyekt bəşəriyyətin əsas düşməni sayılan faşist Almaniyası idi. Daha sonralar, yəni “soyuq müharibə” adlandırılan dövrdə isə bu orqanların məqsədi SSRİ-nin müdafiə və iqtisadi potensialının möhkəmləndirilməsi, rəqib dövlətlərin kəşfiyyat və əks-kəşfiyyatları ilə mübarizə oldu.
Xüsusi xidmətlərin bəzi əməliyyatları uzun müddət davam edir, onlara yüzlərlə insan cəlb olunurdu. Başqa əməliyyatlar isə tez başa çatır, bir-iki icraçısı olurdu. Beləliklə, xüsusi xidmət əməliyyatları həm öz miqyaslarına, həm də nəticələrinə görə fərqlənir. Bəzi əməliyyatların əhəmiyyəti lokal olur və bir konkret məqsədə nail olmağa yönəlirsə, digərləri, eyni zamanda bir-neçə böyük problemi aradan qaldırır. Belə əməliyyatlarda xarici və hərbi kəşfiyyat, əks-kəşfiyyaf xidmətləri, diplomatik strukturlar, hətta lazım gələndə, elmlə əlaqədar qurumlar da iştirak edir. Bəzən də elə olur ki, müxtəlif ölkələrin xüsusi xidmət orqanları ümumi bir düşmənlə mübarizə üçün qüvvələrini birləşdirir, problemi aradan qaldırandan sonra isə, öz aralarındakı köhnə rəqabətlərini davam etdirirlər. Bu yanaşmanı Böyük Britaniyanın görkəmli dövlət xadimi, uzun müddət ölkəsinin hərbi və xarici siyasət sisteminə rəhbərlik etmiş, baş nazir olmuş Henri Con Templ, lord Palmerstonun 1848-ci ildəki çıxışında dediyi fikirlər gözəl illüstrasiya edir: “Mən belə hesab edirəm ki, hansısa bir ölkəni İngiltərənin dəyişməz müttəfiqi, yaxud, əbədi düşməni saymaq uzaqgörənlik olmazdı. Bizim dəyişməz müttəfiqimiz və əbədi düşmənimiz yoxdur. Bizim yalnız maraqlarımız dəyişməz, əbədidir və bizim vəzifəmiz həmin maraqlara xidmət etməkdir” İndi bütün dünya dövlətləri lord Palmerstonun bu ideyasına riayət edir.
Lent.az bu maraqlı silsilədən yazılarda bəşər tarixində izsiz ötüşməyən xüsusi əməliyyatlardan bəhs edəcək və yaranacaq mənzərənin bütün çalarlarını çatdırmaq üçün ən qədim tarixdən – antik dövrdən başlayırıq.
İran - Yunanıstan qarşıdurması: Marafon döyüşü
Şərqin ən böyük sivilizasiyalarından birinə, böyük İran İmperiyasına nəzər salaq.
Əhəmənilər sülaləsinin nümayəndəsi Darayavahuşun (I Dara e.ə. 522 – 486 illər) hökmdarlıq etdiyi dövr İran imperatorluğunun çiçəklənmə dövrü idi.
İmperiya 5,5 milyon kvadratkilometrlik ərazini tuturdu. Ərazi çox böyük olanda, əyalətlərə nəzarət problemə çevrilir deyə, ara-sıra baş qaldıran qiyamlar Əhəmənilərin də problemi idi. Hökmdar Babilistan, Midiya, Martian, Elam, Misir, Sətəguş qiyamlarını, iskit (skif) qəbilələrindəki iğtişaşları yatırandan sonra, Hindistanın qərb hissəsini də zəbt etmişdi. Kiçik Asiyanın yunan şəhərləri isə çoxdan onun tabeliyində idi. Dara hər əyalətə öz tiranlarını təyin edirdi, onların vəzifəsi isə imperiyaya bac-xərac vermək, İran qoşununu döyüşçü dəstələrilə təmin etməkdən ibarət idi. O dövrlərdə Kiçik Asiya yunanları İran şahlarının istilaçı yürüşlərində iştirak etməyə borclu idilər. Lakin yunanlar bu asılılıqdan çox əziyyət çəkirdilər və iranlıların istilasından qurtulmaq üçün əlverişli fürsət gözləyirdilər.
Bizim eradan əvvəl 514-cü ildə Dara iskit (skif) elini fəth etmək üçün Frakiyadan və Dunay çayından keçəndə, körpülərin mühafizəsi yunanlara həvalə olunmuşdu. Məhz elə həmin yürüş ərəfəsində afinalı sərkərdə Miltiadın təklifi ilə yunanlar bir plan hazırlayır: körpünü məhv etmək, imperatoru iskit çöllərində qoyub, Yunanıstana qaçmaq. Lakin Milet tiranı Gistiey buna mane olur. O gözəl bilirdi ki, iranlıların məhvi onun gələcəyini şübhə altına alacaq və Miletdə daha hökmdarlıq edə bilməyəcək. Bu xidmətinə görə, imperator Gistieyi yüksəldərək, saraya dəvət edir. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Dara zamanında imperator sarayında yunanlar çox idi və hökmdar onların arasından əyalətlərə idarəçi təyin etməklə yanaşı, gələcəkdə xüsusi əməliyyatlar həyata keçirmək məqsədilə etibarlı agentlər də seçirdi.
Bizim eradan əvvəl 500-cü ildə Kiçik Asiyanın yunan şəhər-dövlətlərində (polislərində) iranlılara qarşı qiyamlar baş verdi. Bu qiyamları imperatorun əmri ilə həyata keçirdiyi Naksos yürüşündə müvəffəqiyyət qazana bilməyən Aristaqor hökmdarın cəzasından qorxduğu üçün qızışdırmışdı. Qısa bir zamanda geniş vüsət almış bu qiyama başçılıq edən Aristaqor avropalı yunanlardan kömək gözləyirdi, lakin onun səsinə səs verən yalnız Afina və Eretriya oldu, onlar da cəmi iyirmi gəmi yolladılar. Əvvəlcə üstünlük qiyamçıların tərəfində idi, lakin az sonra imperator iğtişaşları yatırmaq üçün bütün qüvvələri səfərbər etdi. E.ə. 494-cü ildə qiyam yatırıldı, yunan şəhərləri yenidən Daraya və onun şəxsən təyin etdiyi tiranlara tabe oldular.
Lakin böyük hökmdar bununla kifayətlənmək fikrində deyildi. O, qiyamçılara yardım əlini uzatmış Afinanı cəzalandırmaq, bütün Yunanıstanı işğal etmək istəyirdi. Darayavahuşu buna həvəsləndirən və bu yürüşdə ona hər cür yardım göstərməyə hazır olan keçmiş Afina tiranı, Hippius idi. Hippius o vaxt imperatorun sarayında yaşayırdı.
E.ə. 492-ci ildə İran qoşunları böyük donanmanın köməyilə Hellespont (Dardanel) boğazından keçərək, Frakiya sahilləri boyunca hərəkətə başlayır. Lakin Afon burnu yaxınlığında görünməmiş bir tufan qopur və işğalçıların üç yüzdən artıq gəmisi dəryada batır. İranlıların qurudakı süvari və piyada qoşunları isə frakiyalıların aramsız hücumlarına məruz qalaraq, böyük itkilər verir. Nəticədə, Daranın ordusu bu yürüşdən geri qayıtmağa məcbur olur. İki ildən sonra hökmdar yunan şəhərlərinə səfirlərini göndərir, onların başçılarından “torpaq və su” istəyir – o dövrün diplomatik əlaqələrində bu tələbin mənası qeyd-şərtsiz itaət demək idi. Şimali Yunanıstanın şəhərlərinə o vaxt Daranın tərəfdarı olan hökmdarlar rəhbərlik edirdi deyə, imperatorun tələbləri ya təcili yerinə yetirilir, ya da, bir qərara gəlmək üçün ondan zaman istəyirlər. Sparta və Afinada isə yadellilərə silahlı müqavimət tərəfdarları üstün gəlir və imperatorun səfirləri qətlə yetirilir.
Görünməmiş dikbaşlıqdan çox qəzəblənən Dara zəruri diplomatik addımlar atmaqla yanaşı, Afinaya qarşı gizli müharibəyə girişir. Onun şəhərdəki geniş casus şəbəkəsi bir siqnalla işə başlayır. Bu şəbəkə həm leqal (farspərəst siyasi partiyalar yaratmaqla), həm də qeyri-leqal (casusluq, əhali arasında təslimçilik təbliğatı, İran qoşunlarının şəhərə yaxınlaşması ərəfəsində silahlı üsyan qaldırmaq və sairə) fəaliyyət göstərir.
E.ə. 490-cı ilin yazında iranlıların donanması Datis və Artafernin sərkərdəlik etdiyi qoşunlarla bir yerdə Egey dənizindən keçməklə, Eretriya və Afinaya yönəlir. Evbeya adasında yerləşən Eretriya qısa mühasirədən sonra təslim olur. Sonra donanma yoluna davam edərək, Afinaya istiqamət götürür və iranlılar böyük fəndgirliklə hazırladıqları hərbi-kəşfiyyat əməliyyatına başlayırlar.
Onlar Attika sahillərinə desant çıxarırlar. Döyüşçülərin sahilə çıxdığı yer Ebveya adası ilə Attika boğazının arasında, Marafon şəhəri yaxınlığında, Afinanın təxminən, 40 kilometrliyində idi. Datis və Artafern Hippiusun məsləhətilə yüzminlik ordunun yalnız kiçik bir hissəsini sahilə çıxarır. Planın məqsədi bu idi ki, afinalılar bütün qüvvələrini desant dəstəsinə qarşı yönəltsinlər, şəhərin özü başsız qalsın, orada iranpərəst partiyaların, imperator casuslarının hazırladığı üsyan başlasın. Darayavahuşun tərəfdarları bu yolla şəhərdə hakimiyyəti ələ keçirib, onu iranlılara təslim etmək istəyirdilər. Plan belə idi ki, üsyan başlanan kimi, İran qoşunlarının Faleron şəhəri yaxınlığında reyddə durmuş gəmilərinə şərti siqnal veriləcək və Afinaya görünməmiş desant çıxaracaqdı.
Marafon çölündə isə vəziyyət bambaşqa idi. Afinalıların yaxınlaşdığını görən Əhəməni sərkərdələri elə başa düşür ki, əməliyyatın başlıca vəzifəsinə nail olublar, yəni, Afina qoşunları şəhəri tərk edib. Onlar yunanların qarşısını kəsmək üçün kiçik bir dəstə qoyurlar və qoşunun əksər hissəsinə gəmilərə qayıtmaq əmri verilir. Bu, e.ə. 490-cı il, sentyabr ayının 13-də baş verir və bəşər tarixinə məşhur Marafon döyüşü kimi yazılır.
İranlıların kiçik dəstəsi bu döyüşdə məğlub olsa da, qoşunun əsas hissəsi gəmilərə qayıtmağa müvəffəq olur və bütün donanma Afinaya doğru istiqamət götürür. Lakin qəfil başlanan qasırğa Əhəməni donanmasını pərən-pərən salır, bir neçə gəmi saya yataraq, yunan döyüşçülərinin əlinə keçir, qalan gəmilər isə geri qayıtmağa məcbur olur.
Tarixi mənbələr yazır ki, imperator Dara bu uğursuzluqdan çox sarsılır və həmin hadisəni unutmasın deyə, əyanlarına tapşırır, hər səhər ona Afina altındakı hadisəni xatırlatsınlar.
Yunanlar isə qələbələrini bayram edirdilər. Bu qələbənin müjdəsini şəhərə Marafondan Afinayadək durmadan qaçan bir döyüşçü çatdırır. Fidippid adlı bu döyüşçü şəhərin bazar meydanında “İranlılar məğlub olub geri çəkildi. Biz qələbə çaldıq! Sevinin, afinalılar!” qışqırır və ürəyi partlayıb, kökündən vurulmuş ağac kimi, yerə sərilir.
O vaxtdan bəri, 2700 ilə yaxındır, yunanların Zevsin köməyilə çaldığı bu qələbənin şərəfinə, marafon distansiyasına qaçış (1924-cü ildən etibarən, onun uzunluğu 42 kilometr 195 metrdir – yəni, Marafon çölündən Afinayadək olan məsafənin eynisi) Olimpiya oyunlarının proqramına daxil edilib və bu ənənə indi də yaşayır. Darayavahuşun Afinanı fəth etmək arzusu isə gerçəkləşməmiş qalır...
P.S. Tarixi mənbələrdən əlimizə yetişən kasad məlumatlar bundan ibarətdir. Lakin Darayavahuşun istifadə etdiyi, xüsusi əməliyyatlara xas bir çox tədbirlər – rəqib, yaxud, düşmən ölkədə “beşinci kolonun” yaradılması, təslimçilik ab-havasının yayılması, əhali arasına qorxu yayan geniş casus şəbəkəsinin fəaliyyət göstərməsi kimi tədbirlər bu gün də belə əməliyyatların ayrılmaz tərkib hissəsidir.