Yol polisindən maşını səkidə saxlayanlara XƏBƏRDARLIQ
08 aprel 2025 09:56 (UTC +04:00)

Yol polisindən maşını səkidə saxlayanlara XƏBƏRDARLIQ

Bakı Şəhər DYP İdarəsi tərəfindən piyadaların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması və qəzaların sayının minimuma endirilməsi istiqamətində mütəmadi olaraq nəzarət-profilaktiki tədbirlər həyata keçirilir.

İdarədən Lent.az-a verilən məlumata görə, piyada qəzalarının baş verməsinə səbəb olan amillərdən biri də nəqliyyat vasitələrinin səkilərdə park edilməsidir.

Qurumdan bildirilib ki, apardığımız müşahidələr deməyə əsas verir ki, dəfələrlə edilən xəbərdarlıqlara və həyata keçirilən inzibati tənbeh tədbirlərinə baxmayaraq bəzi sürücülər yenə də nəqliyyat vasitələrini piyadaların rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulan səkilərdə park edirlər. Nəzərə almaq lazımdır ki, belə olduğu təqdirdə piyadalar avtomobil yolunda hərəkət etmək məcburiyyətində qalırlar və bu da öz növbəsində piyadaların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinə real zəmin yaradır.

Mövcud qanunvericiliyin tələbinə əsasən səkilərdə nəqliyyat vasitələrinin dayanması və durması qadağandır və qayda pozuntusu aşkar edildiyi halda sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə əsasən 2 cərimə balı və 60 manat məbləğində cərimə tətbiq ediləcəkdir.

Odur ki, sürücülərdən dayanma və durma qaydalarına ciddi şəkildə riayət etmələrini və yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadalara maneə yaratmamalarını xahiş edirik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 860

Oxşar yazılar