Yayda nə qədər ət yemək olar? – Qida eksperti ilə MÜSAHİBƏ
20 may 2025 10:28 (UTC +04:00)

Yayda nə qədər ət yemək olar? – Qida eksperti ilə MÜSAHİBƏ

Havalar getdikcə isinməyə başlayır, yay artıq qapını döyür. Soyuq içkilər, açıq havada gəzintilər və yay meyvələri həyatımıza rəng qatır. Amma bir çox insanın ağlında belə bir sual yaranır: "Bu isti havalarda ət yemək olarmı”?

Hətta belə qəti fikirlərlə də qarşılaşırıq:

“Yayda ət yemək olmaz”, təzə ət zərərlidir", "istidə balıq yeyilməz"  

Gəlin, bu mövzuda yaranan mifləri bir kənara qoyub işin doğrusunu mütəxəssis dilindən eşidək. Lent.az bu mövzu ilə bağlı düzgün fikirləri araşdırıb. Müsahibimiz qida eksperti Ağa Salamovdur:

– Havalar istiləşir və yay mövsümü gəlir. Belə bir fikir dolaşır ki, yayda ət yemək olmaz. Bu nə dərəcədə doğrudur?

- Əslində bu fikir tamamilə yanlışdır. Yay aylarında da ət yemək orqanizm üçün çox vacibdir. İnsan orqanizmi üçün ət məhsulları əsas qida qruplarından biridir. Xüsusilə B12 vitamini demək olar ki, yalnız ət vasitəsilə əldə olunur. Bəli, göbələkdə də müəyyən qədər B12 var, amma nə qədər yeyilsə də, bu vitaminin gündəlik tələbatını qarşılamır.

– Yəni yayda ət və ya balıq yemək orqanizmə zərər vermir?

- Qətiyyən. Əksinə, sağlam qalmaq üçün qırmızı ət, toyuq, balıq kimi məhsullar rasionda mütləq olmalıdır. Bu qidaları yayda tamamilə rasiondan çıxarmaq doğru deyil. Əsas məsələ onların təhlükəsiz şəraitdə saxlanması və hazırlanmasıdır.

– Bəs yayda qida rasionunu necə tənzimləmək lazımdır?

- İlk növbədə, yay aylarında təkcə ətə deyil, bütün qidalara qarşı daha diqqətli olmaq lazımdır. İsti hava bakteriyaların artması üçün əlverişli şərait yaradır. Ona görə də həm ət, həm də digər məhsullar soyuducuda düzgün saxlanmalı və qısa müddətdə istehlak edilməlidir. Bununla yanaşı, qida rasionunda mövsümi tərəvəzlərdən hazırlanan qarnirlər və salatlar da yer almalıdır. Onlar orqanizmə vacib olan lif, vitamin və minerallarla zəngindir.

– Yay aylarında orqanizm daha çox nəyə ehtiyac duyur?

- Yayda bədən çoxlu miqdarda su və mineral itirir, xüsusilə tər ifrazı ilə bu itki daha da artır. Bu səbəbdən, təzə meyvə və tərəvəzlərin, həmçinin onların təbii şirələrinin qəbulu çox önəmlidir. Bu, həm su balansını, həm də vitamin ehtiyacını təmin etməyə kömək edir.

– Sonda oxuculara nə tövsiyə edərdiniz?

- Qısaca desək, sağlam və balanslı qidalanma yayda da çox vacibdir. Ət və balıq məhsullarını düzgün şəkildə saxlayaraq istehlak etməkdən çəkinməyin. Həmçinin, mövsümə uyğun meyvə-tərəvəzləri rasiona daxil etməyi unutmayın. Bu iki qida qrupu birlikdə qəbul edildikdə orqanizmin ehtiyac duyduğu bütün vacib maddələri təmin edir və yayda da enerjili və sağlam qalmağa kömək edir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 660

Oxşar yazılar