Xüsusi təyinatlı ordu
08 mart 2022 09:00 (UTC +04:00)

Xüsusi təyinatlı ordu

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərli ilə Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində tarixi Zəfər qazandı. Bu gün Azərbaycanın Zəfəri, Vətən müharibəsində tətbiq olunan 21-ci əsrin yeni döyüş taktikaları və strategiya dünyanın aparıcı məktəblərində öyrənilir. Bu aspektdə savaşda xüsusi təyinatlıların həyata keçirdiyi missiya, qazandıqları uğurlar da xüsusi diqqət mərkəzindədir.

Öncədən müəyyənləşdirilən missiya

Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad edilməsi uğrunda yeni nəsil müharibədə xüsusi təyinatlıların oynaya biləcəyi rol isə Ali Baş Komandanın uzaqgörənliyi nəticəsində zamanında proqnozlaşdırılıb və bu qüvvələrin yaradılması, təchizatı xüsusi diqqət mərkəzində olub. Azərbaycan Prezidentinin Rusiyanın “Nasionalnaya oborona” (Milli müdafiə) jurnalına verdiyi müsahibə də bunu bir daha təsdiqləyir. Ali Baş Komandan müsahibəsində bildirib ki, Xüsusi Təyinatlı Qüvvələrə həmişə xüsusi diqqət yetirib: “Onların təchizatı və təkmilləşdirilməsi, silah və texnikası, döyüş hazırlığı mənim daim nəzarətimdə olub. Mən dəfələrlə xüsusi təyinatlı qüvvələrin şəxsi heyəti ilə görüşmüşəm və əmin olmuşam ki, ən çətin döyüş tapşırıqlarını həll edə biləcək yüksək döyüşqabiliyyətli bölmələr yaratmışıq. Müdafiə Nazirliyinin xüsusi təyinatlı qüvvələri işğal olunmuş ərazilərin azad edilməsi üçün ən vacib əməliyyatların, ilk növbədə Şuşa əməliyyatının həyata keçirilməsində həlledici rol oynadı. Xüsusi təyinatlı qüvvələrimiz fədakarlıqla mübarizə apardılar, bir çox əməliyyatlarda ölümə gedərək, həm peşəkarlıq, həm də fədakarlıq nümayiş etdirdilər.

Keçən ilki döyüşlərin gedişatına qayıtsaq, ərazinin relyefi bizim üçün əlverişsiz idi. Biz əslində dağlara qalxırdıq. Erməni tərəfi yüksəkliklərdə bütün əsas mövqeləri tutaraq bir neçə möhkəmləndirilmiş müdafiə xətti yaratmışdı. Dağlıq relyefin özü də müdafiə xəttidir və çox çətindir. Buna görə də, XTQ möcüzəvi peşəkarlıq, iradə, güc və Vətən sevgisi göstərməli oldu. Ümumiyyətlə, mən Xüsusi Təyinatlı Qüvvələrin fəaliyyətini çox yüksək qiymətləndirirəm. Biz müxtəlif güc strukturlarında bir neçə xüsusi təyinatlı qüvvə yaratdıq. Bir çox yaşayış məntəqələrinin azad edilməsində iştirak edən Sərhəd Qoşunlarının xüsusi təyinatlıları döyüşlərdə fəal və səmərəli iştirak etdilər. Həmçinin Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlılarını da qeyd etmək istərdim, onlar da artıq döyüş zamanı döyüş tapşırıqlarının həllində fəal iştirak ediblər. Biz əvvəlcə bu bölmələri hazırlayıb və təchiz etsək də, onlardan istifadə etmək fikrində deyildik. Həm Sərhəd Xidməti, həm də Daxili Qoşunlar, bəlkə də birbaşa fəaliyyət istiqamətləri üçün o qədər də xarakterik olmayan hərbi texnika ilə təchiz olunmuşdu. Mən elə mobil hərbi qruplar yaratdım ki, özünün birbaşa təyinatından əlavə işğal altındakı torpaqlarımızı azad etmək üçün istifadə oluna bilər. Bundan əlavə, hərbi əməliyyatların müəyyən mərhələsində, Naxçıvandan gətirilən və digər xüsusi təyinatlı bölmələrlə birlikdə döyüş əməliyyatlarına qatılan Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlıları cəlb edildi. Dəniz piyadalarımız da özlərini fəal və effektiv şəkildə göstərə bildilər. Əlbəttə ki, Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin xüsusi təyinatlıları da qeyd olunmalıdır. Beləliklə, bizim yeddi xüsusi təyinatlı bölməmiz vardı, ancaq əsas funksiyanı Müdafiə Nazirliyinin xüsusi təyinatlıları yerinə yetirirdi. Bir çox əməliyyatları birgə apardıqları üçün aralarındakı qarşılıqlı əlaqənin koordinasiyası da böyük əhəmiyyət kəsb edirdi. Burada onların fəaliyyətlərinin ahəngi əks-hücum əməliyyatının uğur qazanmasında əsas rol oynadı. Əvvəlki dövrdə keçirdiyimiz bir sıra hərbi təlimlər zamanı Müdafiə Nazirliyi, Sərhəd Xidməti və Daxili Qoşunların xüsusi təyinatlılarının birgə fəaliyyətləri işlənirdi və onların koordinasiya imkanları nəzərdən keçirilirdi. Ancaq təlimlərin gedişi başqa, real müharibə əsl tamam başqadır. Ümumiyyətlə bizim xüsusi təyinatlı qüvvələrimizin bütün komponentləri İkinci Qarabağ müharibəsinin gedişində maksimum effektli fəaliyyət göstərdi, döyüşçülər və komandirləri kütləvi qəhrəmanlıq göstərdi, orden və medallarla təltif olundular. Biz haqlı olaraq onlarla fəxr edə bilərik”.

Düşmənin kabusu

Xüsusi təyinatlı qüvvələrin formalaşdırılması tarixinə nəzər salsaq, 1999-cu ilin aprelində isə Baş Qərargaha tabe olan əlahiddə xüsusi təyinatlı taborların bazasında Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələri yaradılıb və formalaşmasında mövcud olan əlahiddə taborlar və birinci Qarabağ müharibəsi iştirakçısı olan zabit və gizirlər əsas rol oynayıb. Ancaq xüsusi təyinatlı qüvvələrin Azərbaycan Silahlı Qüvvələrində böyük potensiala malik xüsusi qüvvəyə çevrilməsi prosesi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi dövründə başlayıb.  Beləliklə, Azərbaycan Xüsusi Təyinatlıları hissə və bölmələri Azərbaycan Respublikası Müdafiə Nazirliyi tabeliyində olan XTQ-dən və Hərbi Dəniz Qüvvələrinin Dəniz Əməliyyatları Dəstəsindən, Azərbaycan Respublikası Daxili Qoşunlarının Xüsusi Təyinatlı hərbi hissələrindən, Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı polis dəstələrindən, Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlılarından və Xüsusi Dövlət Mühafizə Xidmətinin xüsusi mühafizə bölüklərindən ibarətdir.

Xüsusi təyinatlı hissə və bölmələr Ordumuzun ən hazrlıqlı bölmələridir. Hərbi ekspert Ədalət Verdiyev bildirir ki, Türkiyə Silahlı Qüvvələrinin “bordo beretliləri” adətən “komandoların komandosu” kimi təqdim edilir. Biz orduda komandoların yeni yaranmasını nəzərə alsaq, təxminən eyni təqdimatı olduğu kimi qəbul edə bilərik. XTQ-yə daxil olan hissə və bölmələrinin döyüş hazırlığı, təlimləri və bacarıqları digərlərindən fərqlənir. Bu bölmələrin tərkibinə daxil olan qruplar tamamilə kiçik zabitlərdən və gizirlərdən formalaşdırılır. Könüllülük əsasında seçilən xüsusi təyinatlılar üç il ərzində çox ağır təlimlərdən keçməlidirlər. Onlar ölkə daxilində keçirilən kurs və təlimlərdən başqa ixtisaslarına uyğun olaraq Türkiyə, Pakistan, ABŞ, Gürcüstan və digər ölkələrin təlim mərkəzlərində keçirilən kurslarda iştirak ediblər. Ötən dövrdə Azərbaycan xüsusi təyinatlıları dəfələrlə ABŞ, Türkiyə və Pakistanda keçirilən yarışlarda yüksək nailiyyətlər qazanıblar.

Kurslarda xüsusi təyinatlı olmaq arzusunda olmaq istəyən namizədlərə əlbəyaxa döyüş, dərin kəşfiyyat, düşmən arxasına keçmə, həyatda qalma, mühəndis, atəş, psixoloji, desant, dalğıc, tibbi, assimetrik döyüş və s. kimi hazırlıqlar üzrə təlim keçirilir. İxtisasartırma kurslarında isə onlara əlavə olaraq istehkam, dağ, dalğıc və desant hazırlığı, müxtəlif yüngül və ağır silahların öyrədilməsi həyata keçirilir. Xaricdə isə onlar əsasən hava desant, dağ, antiterror, psixoloji hazırlıq və s. kimi kursların iştirakçısı olurlar. İstənilən halda əgər bir xüsusi təyinatlı hərbçimiz tünd qırmızı beretə layiq görülübsə, deməli o artıq həm idmançıdır, həm peşəkar snayperdir, həm tibb personalıdr, həm də əsl Döyüşçüdür. Xüsusi təyinatlılarımızn bir çoxu bir neçə xarici dildə, o cümlədən erməni dilində sərbəst danışa bilir.

Xüsusi təyinatlılar insan ayağı dəyməyən ən çətin ərazilərdə, ən mürəkkəb tapşırıqları icra etmək üçün hazırlanır. Bu hazırlıqlar müxtəlif kurslarda keçirilir və sonda iştirakçı namizədlər imtahana cəlb edilir. Kursu uğurla bitirən heyətə təntənəli şəkildə müvafiq sertifikat, fərqlənmə nişanları və tünd qırmızı rəngdə beret təqdim edilir və onlar Xüsusi Təyinatlı Qüvvələrin Komandanın əmri ilə xidmətlərini davam etdirmək üçün müvafiq vəzifələrə təyin edilir.

Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti xidməti vəzifələrinin yerinə yetirilməsində müxtəlif tipli avtomatik tüfənglər, snayper silahları, pulemyotlar, tapançalar,  tapança pulemyotlar, tank əleyhinə idarəolunan raket kompleksləri, qumbara və qumbaratanlar, antimaterial silahlar, lazer tuşlayıcıları, gecə görmə gözlükləri, gecəgörmə vasitələri, termal kameralar, binokllar, siqnal tapançaları, duman yaradan vasitələr, daşınan və əl radiostansiyaları, GPS və s. istifadə edirlər. Xüsusi təyinatlı qrupun yerinə yeritəcəyi vəzifələrin xarakterinə uyğun olaraq şəxsi heyət ştat üzrə malik olduğu silahı digəri ilə dəyişə də bilər. Odur ki, bu bölmələr mövcud silah sistemlərinin ən yaxşılarına və onların da geniş çeşidinə malik olmalıdır. Xüsusi Təyinatlı Qüvvələr tərəfindən istifadə edilən silahlar, həm imkanlarına, həm də peşəkar döyüşçülərin seçim imtiyazlarının nəzərə alınması və şəxsi qiymətləndirmələrinə əsasən əldə edilməlidir.

Vətən müharibəsində torpaqlarımızın düşmən tapdağından azad olunmasında XTQ-nin misilsiz xidmətləri oldu. Yüngül silahlarla həyata keçirilən Şuşa əməliyyatı isə özü ayrı bir dastandır.

Beləliklə, Ali Baş Komandanın da qeyd etdiyi kimi, ümumiyyətlə bizim xüsusi təyinatlı qüvvələrimizin bütün komponentləri İkinci Qarabağ müharibəsinin gedişində maksimum effektli fəaliyyət göstərdi, döyüşçülər və komandirləri kütləvi qəhrəmanlıq göstərdi, orden və medallarla təltif olundular. Biz haqlı olaraq onlarla fəxr edə bilərik!

 

Fuad Hüseynzadə

Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Öncə Vətəndir” layihəsi çərçivəsində hazırlanıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3396
avatar

Oxşar yazılar