Vüsalə Mahirqızı: “Mediada milliləşmiş uşaq simvolumuz yoxdur”
09 iyun 2014 16:08 (UTC +04:00)

Vüsalə Mahirqızı: “Mediada milliləşmiş uşaq simvolumuz yoxdur”

0

Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Media və təhsil dialoqu: yeni çağırışlar” mövzusunda praktik konfransın ikinci paneli keçirilib. Lent.az-ın məlumatına görə, qeyd olunan konfransda “APA-Holdinq” MMC-nin prezidenti Vüsalə Mahirqızı “Sosial mediada təhsil mövzusu” adlı məruzə ilə çıxış edib. V. Mahirqızı bildirib ki, bu gün insanların kütləvi olaraq toplaşdığı yer sosial mediadır. Təhsil mövzusunun müzakirə olunması üçün sosial medianın əhəmiyyətli olduğunu deyən V.Mahirqızının sözlərinə görə, təhsil böyük kütlədir və milyonlarla insanı əhatə edir. Holdinq prezidenti qeyd edib ki, amma bu gün internetdə baş verən hər şeyə media demək mümkün deyil: “İnternet yayımı kifayət qədər sərfəli, optimal, sərhədləri keçmiş bir vasitə olduğuna görə inkişaf edir. İnternetin inkişafı nəticəsində sosial şəbəkələr yaranıb. Bütün hallarda sosial şəbəkələr ümumi ictimai rəyin öyrənilməsi, insanların nə istəyini bilmək üçün monitorinq vasitəsidir. Sosial şəbəkədə ictimai, sosial, mədəni və digər məsələlər, problemlər öz əksini tapır. Sosial şəbəkədə olmaq media ilə yanaşı, dövlət qurumları üçün də lazımdır. Onlar hansısa məlumatı sosial şəbəkədə verməklə məlumatlarının daha tez və düzgün ötürüləcəyinə əmin olurlar. Bu da daha çox universitet və nazirliklər üçün lazım olan tərəfdir”.

Holdinq prezidentinin sözlərinə görə, Təhsil Nazirliyinin “Facebook” sosial şəbəkəsində xüsusi bir iş prinsipi olmalıdır. Burada daha çox 15-35 yaşına qədər olan insanların olduğunu deyən Vüsalə Mahirqızınn sözlərinə görə, onların əksəriyyəti tələbələrdir. Təhsil Nazirliyi sosial şəbəkə vasitəsilə böyük bir tələbə hərəkatını idarə edə bilər: “İctimai rəyin öyrənilməsi üçün ən yaxşı yerlərdən biri “Facebook”dur. İstənilən kiçik bir hadisənin böyük reaksiyası ola bilir. Heç bir mətbuat orqanının görə bilmədiyi işi sosial şəbəkədə verməklə ictimai aktiv kütlə halına salmaq olar. Təklif edərdim ki, Təhsil Nazirliyi sosial şəbəkələr üzərindən müəyyən layihələr həyata keçirsin. Müxtəlif piar-kampaniyalar keçirməklə gəncləri sosial şəbəkələrdə təhsillə bağlı işlərə cəlb etmək olar. “Facebook” tələblərlə iş üçün ən uyğun bir meydandır və nazirlik də bu meydanı əldən verməməlidir”.

V.Mahirqızı Təhsil Nazirliyinin uşaq kontingentinin formalaşmasında da mühüm rol oynadığını qeyd edib . Onun fikrincə, bu gün Azərbaycanda uşaq ideyası qıtlığı var: “Bu, həm Təhsil Nazirliyinin, həm də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsuliyyətində olan məsələdir. Sosial şəbəkələrdə , internetdə uşaqlarla bağlı səhifələr yaradılmalı, uşaqlara yönəlik müəyyən layihələr həyata keçirilməlidir. “Facebook” üzərində nazirlik və komitənin könüllüləri tərəfindən səhifə yaradıla bilər. Düşünürəm ki, uşaqları maarifləndirmək baxımından bunlar yaxşı vasitə ola bilər. Bu, çox ciddi bir məsələdir və müəyyən zamandan sonra bu sahədə boşluğun olduğunu görə biləcəyik. Bizim milli simvolumuz yoxdur. Mediada milliləşmiş uşaq simvolumuz yoxdur. Hazırda uşaqlar xarici qəhrəmanları - Pepe, Maşa və digərlərinə daha çox baxırlar. Uşaqların əvvəldən hansı təfəkkürdə böyüməsi və yetişdirilməsi üçün bu işlərin qurulması vacibdir”.

Holdinq rəhbəri əlavə edib ki, Təhsil Nazirliyinin müəyyən vaxtlarda narazılıqları ola bilər və bu mümkündür. Onun sözlərinə görə, narazılıqlar varsa, deməli, iş var: “Rəsmi qurumlar bəzi məlumatların mətbuatda işıqlandırılmasını istəmir. Mətbuat isə gizli olanları, məlumatları üzə çıxarmaq istəyir. Artıq informasiya gizlətmək əsri keçib. Hazırda ən yaxşısı informasiyanın üzərinə birinci getmək, onun piar və anti-piarını qurmaqdır”.

Tədbirin davamında mövzu ətrafında fikir mübadiləsi aparılıb. Sonra “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz “Sosial mediada PR texnologiyaları” mövzusunda məruzə ilə çıxış edəcək.


Konfransın “Media və təhsil dialoqu” mövzusunda müzakirələrlə başa çatdırılması planlaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 640

Oxşar yazılar