Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları üzrə 24 dövlət orqanında 451 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə və ümumi müsahibə elan edib. Komissiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 422-si mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 16-sı isə apellyasiya və birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır. Ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 12-si mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 1-i isə apellyasiya məhkəmə orqanının aparatındadır.
Müsabiqədə iştirak etmək arzusunda olanlar "Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması"nı oktyabrın 17-dən noyabrın 17-dək Komissiyaya təqdim etməlidirlər.
Ümumi müsahibədə iştirak etmək istəyənlər isə sənədlərini oktyabrın 17-dən noyabrın 5-dək Komissiyaya şəxsən və ya poçt vasitəsilə təqdim edə bilərlər.
Müsabiqə və ümumi müsahibəyə dair ətraflı məlumat “Respublika” qəzetinin 17 oktyabr tarixli sayında və oktyabrın 17-dən etibarən Komissiyanın rəsmi internet saytında - www.dqmk.az veriləcək.