Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Qax rayonunda vətəndaşları qəbul edib. Bu barədə Lent.az-a Nazirlikdən məlumat verilib.
Qəbulda Oğuz, Qəbələ, Qax, Şəki, Balakən və Zaqatala rayonlarının sakinləri iştirak edib.
Müraciətlərdə əksini tapan məsələlər daha çox ünvanlı dövlət sosial yardımlarının təyinatı və əlillik dərəcələrinin verilməsi, mənzil, maşın və reabilitasiya vasitələri ilə təmin olunma, məşğulluğun təminatı və s. məsələlərlə bağlı olub.
Hər bir müraciətə diqqət və həssaslıqla yanaşılaraq, insanlara bu və ya digər problemlərinin həll olunmasında köməklik göstərilməsi diqqətdə saxlanılıb. Müraciətlərin bir qismində qaldırılan məsələlər elə yerindəcə həll olunub və iki nəfər imtiyazlı vətəndaşın ailələrinin mənzil şəraitinin ağırlığı nəzərə alınaraq onlar üçün fərdi evin inşa etdirilməsi, üç nəfərin xaricdə müalicəsinin təşkilinə köməklik göstərilməsi qərara alınıb, müraciətlərinə uyğun olaraq üç nəfər əlilliyi olan şəxs əlil arabası ilə təmin olunub.
Qəbul zamanı yerli strukturların əməkdaşları tərəfindən bəzən vətəndaş müraciətlərinə laqeyd və səhlənkar münasibət göstərilməsi, süründürməçilik hallarına yol verilməsi səbəbindən vətəndaşlarda haqlı narazılıqların yarandığı da aydın olub. Nazir belə hallara yol verən əməkdaşlarla bağlı intizam tədbirlərinin görülməsi barədə müvafiq strukturlara tapşırıqlar verib.