Qabil Abbasoğlu: “Bəzən sosial məsuliyyət anlayışı ilə spekulyasiya edirlər”
09 iyun 2014 18:17 (UTC +04:00)

Qabil Abbasoğlu: “Bəzən sosial məsuliyyət anlayışı ilə spekulyasiya edirlər”

0

“Sosial məsuliyyət Azərbaycanda və müstəqilliyini təzə əldə etmiş ölkələrdə hər zaman həssas mövzu olub və zaman keçdikcə öz həllini tapıb. Amma mediaya münasibətdə dövlət orqanlarının belə həssaslıqla yanaşmasının psixologiyası baxımından bir məsələ hamımız üçün aydın olmalıdır. Belə ki, dövlət institutları ilə ictimai institutlar, xüsusilə medianın arasında münasibətdə start vəziyyəti hər zaman 1:0 medianın xeyrinədir. Çünki dövlət qurumları ictimaiyyət qarşısında hesabat öhdəliyi daşıyırlar və bu hesabatlılığın təmin edilməsində əsas rolu media oynayır”. Lent.az-ın məlumatına görə, bunu Lent.az İnformasiya Agentliyinin baş direktoru Qabil Abbasoğlu “Media və təhsil dialoqu: yeni çağırışlar” mövzusunda keçirilən praktik konfransda bildirib.

 

Agentlik rəhbəri qeyd edib ki, dövlət orqanlarına aid informasiyanı cəmiyyətə çatdırmaq üçün ən böyük institut mediadır: “Bu, işin klassikasıdır. Mediadan bərabərhüquqlu, tərəfli və öhdəlikli əməkdaşlıq istəməsin. Bu, mənim kəşf etdiyim bir şey deyil. Heç kimin mənə borcu yoxdur, amma dövlət orqanlarının cəmiyyətə hesabat vermək borcu var. Əgər hansısa dövlət orqanının fəaliyyəti və ya hər hansısa hadisə ilə bağlı jurnalist sual ünvanlayırsa, bu sual qısa zamanda, funksional əhəmiyyətini itirmədən cavab almalıdır”.

Q. Abbasoğlu bildirib ki, mətbuatın hansısa nazirliklə, dövlət orqanındakı şəxslə problemi yoxdur, olmamalıdır və olmayacaq: “Bizim problemimiz adamlarla bağlı deyil, işlə və qurumun üzərinə götürdüyü məsuliyyətlə bağlıdır. Sosial məsuliyyət anlayışı jurnalistikanın xarakterindədir. Bu peşə tiraja, ictimai reaksiyaya meylli peşədir. KİV-in vəzifəsi, öhdəliyi xəbəri almaq və tirajlamaqdır. Sosial məsuliyyət bizim üzərimizə qanunla qoyulmayıb, biz bunu yalnız ictimai maraq zərurətindən nəzərə almalıyıq”.

 

Q. Abbasoğlu sosial məsuliyyət məsələsilə bağlı həssas bir məqama da toxunub: “İnformasiyanın mənbəyi - dövlət orqanları xəbəri gizlətmək, tirajlamamaq üçün bəzən bu tip anlayışlarla spekulyasiya edirlər. Adi bir məmur öz fəaliyyətindəki hansısa nöqsanla bağlı xəbəri ictimai, dövlət və hətta bəzən milli maraqlara zidd olması adı altında gizlətməyə cəhd edər, bunu üzə çıxaran media vasitəsini sosial məsuliyyətdən kənar olmaqda suçlaya bilər. Ona görə də biz anlayışlara diqqətlə yanaşmalı, hüquqi və mənəvi borclarımızın sərhədini dəqiq bilməliyik. Bir sözlə, medianın üzərinə belə bir yük qoymağa ehtiyac yoxdur, sadəcə hər bir kəs vətəndaş olaraq içərisində yaşadığı cəmiyyətin maraqlarını nəzərə almalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 524

Oxşar yazılar