Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetində təşkil olunan “Media və təhsil dialoqu: yeni çağırışlar” mövzusunda praktik konfransda təhsildəki problemlər açıqlanıb. Lent.az-ın məlumatına görə, təhsil eksperti, Milli Məclisin Elm və təhsil komitəsinin sabiq sədri Şahlar Əsgərov bildirib ki, ən vacib problemlərdən biri biliyin qiymətləndirilməsidir. Onun sözlərinə görə, ali məktəblərdə bilik ötürülür, amma qiymətləndirmə problemli məsələdir. Ş.Əsgərov qeyd edib ki, digər problemlər ikinci problem təhsilin düzgün qurulması və məzmunudur: “Təhsil sisteminin məzmunu dedikdə, yəni, orta məktəbi qurtaran adam yaxşı təhsil alırsa, həmin şəxs valideynin himayəsindən çıxaraq, özünü müstəqil yaşatmalıdır. Gənclərə elə bilik verməliyik ki, onlar ayaq üstə müstəqil dura bilsinlər”.
İkinci paneldə moderator olan Təhsil Nazirliyinin QHT və KİV-lərlə iş sektorunun baş məsləhətçisi Billurə Hacızadə bildirib ki, mediada sosial məsuliyyətlilik əsas və vacib məsələlərindədir. Onun sözlərinə görə, cəmiyyətdə yaşayan hər bir insan həyatda nə qədər məsuliyyətlidirsə, işində də o qədər məsuliyyətli olmalıdır: “Təhsil mövzusunun cəmiyyətə çatdırılması, işıqlandırılmasının daha yüksək səviyyədə təşkili mediadan asılı olan məsələdir. Bu gün isə internet media digər ənənəvi mediaları rəqabətdə qabaqlayıb”.
Tədbirin davamında çıxış edən “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz “Sosial mediada PR texnologiyaları” mövzusunda məruzə ilə çıxış edib. Qeyd olunan mövzular üzrə müzakirələrə qoşulan Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev, təhsil eksperti Etibar Əliyev konfransın böyük önəm daşıdığını, təhsil qurumları ilə media arasında əməkdaşlığın inkişafına təkan verəcəyinə əminliklərini vurğulayıblar.
Media və təhsil üzrə konfransda təhsildəki əsas problemlər açıqlanıb
0
0
0
0