DSX 17 kq-a yaxın heroin müsadirə edib
07 yanvar 2013 21:15 (UTC +04:00)

DSX 17 kq-a yaxın heroin müsadirə edib

Son zamanlar Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən narkotik vasitələrin qaçaqmalçılığına qarşı bir sıra nəticəli tədbirlər həyata keçirilib, külli miqdarda narkotik vasitələrin, o cümlədən 16 kq 885 qr heroinin, 10 kq 180 qr həşiş qətranının, 10 kq həşişin, 4 kq 22 qr tiryəkin, 1 kq marixuananın ölkə ərazisinə qanunsuz gətirilməsinin qarşısı alınıb. Bu barədə APA-ya DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

 

Belə ki, 22 noyabr 2012-ci il tarixdə Cəlilabad rayonunun Zəhmətabad kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycana dövlət sərhədini pozaraq 500 qram heroini keçirmiş Cəlilabad rayonunun Kövüzbulaq kənd sakini 1987-ci il təvəllüdlü Ağayev Kənan Ağahüseyn oğlu saxlanılıb.

 

29 noyabr 2012-ci il tarixdə Cəlilabad rayonunun Əsədli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədini pozmuş və sərhəd naryadının qanuni tələbinə tabe olmayan sərhəd pozucuları odlu silahdan atəş açmaqla silahlı müqavimət göstəriblər. Sərhədçilər tərəfindən silah tətbiq olunub, nəticədə 2 nəfər - Cəlilabad rayon sakinləri Əliyev Ramin Dövlət oğlu və Sərxanov Anar Eldar oğlu saxlanılıblar. Onlardan bir ədəd 12 millimetrlik qoşalüləli ov tüfəngi və 1071 qram heroin aşkar olunub.

 

4 dekabr 2012-ci il tarixdə Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. Qaçaqmalçılar silahlı müqavimət göstərdiklərinə görə sərhəd naryadı tərəfindən silah tətbiq olunmuş, sərhəd pozucuları təqib edilmiş, özləri ilə gətirdikləri 10 kiloqram 180 qram həşiş qətranını hadisə yerində ataraq müqabil tərəfə qaçıblar.

 

6 dekabr 2012-ci il tarixdə Cəlilabad rayonunun Əsədli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycana narkotik maddə keçirən 2 nəfər Azərbaycan vətəndaşı – Yardımlı rayon sakinləri 1973-cü il təvəllüdlü Əsədov Vüqar Xeyrulla oğlu və 1978-ci il təvəllüdlü Məmişov Ziyafət Xəzair oğlu 3 kiloqram 885 qram heroinlə tutulublar. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin digər iştirakçısı, əslən Yardımlı rayonundan olan Sumqayıt şəhər sakini 1985-ci il təvəllüdlü Ağahüseynov Hicran Azadxan oğlu saxlanılıb.

 

13 dekabr 2012-ci il tarixdə Beyləqan rayonunun 1-ci Şahsevən kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində 10 kiloqram həşişi İrandan Azərbaycana keçirən Beyləqan rayon sakini 1980-ci il təvəllüdlü Alışov İsmayıl Arif oğlu saxlanılmışdır. Sərhəd pozucusunun üzərində ov tüfəngi aşkar olunub.

 

19 dekabr 2012-ci il tarixdə Astara sərhəd nəzarəti məntəqəsində İrandan Azərbaycana gələn Azərbaycan vətəndaşı Astara şəhər sakini əvvəllər məhkum olunmuş 1958-ci il təvəllüdlü Əliyev Məhərrəm Mirzəhüseyn oğlunun üzərinə baxış keçirilərkən 22 qram tiryək aşkar olunub.

 

Transsərhəd cinayətkar qrupların zərərsizləşdirilməsi və qaçaqmalçılıq fəaliyyətinin qarşısının alınması üzrə son zamanlar İran İslam Respublikasının sərhəd qurumları ilə əməkdaşlıq əlaqələri gücləndirilib.

 

Belə ki, 6 dekabr 2012-ci il tarixdə Cəlilabad rayonunun Məlikqasımlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədini pozaraq İrandan Azərbaycan ərazisinə qanunsuz keçmiş 2 İran vətəndaşının qarşısı alınıb, sərhəd pozucuları tərəfindən silahlı müqavimət göstərildiyinə görə onlara qarşı sərhəd naryadı tərəfindən silah tətbiq olunub. Sərhəd pozucuları dövlət sərhədindən qanunsuz keçirdikləri 13 kiloqram heroini, 4 kiloqram tiryəki və 1 kiloqram marixuananı hadisə yerində ataraq geri qaçıblar.

 

Faktla bağlı dərhal İran sərhəd polisinin aidiyyəti qurumunun nümayəndələri ilə görüş keçirilib, hadisə yerinin birgə baxışı təşkil olunub, həmin cinayəti törətmiş narkotik qaçaqmalçılığı ilə məşğul olan mütəşəkkil cinayətkar qrupun fəaliyyəti haqqında məlumat mübadiləsi aparılıb. İran İslam Respublikasının sərhəd polisinin keçirdiyi tədbirlər nəticəsində qısa müddət ərzində qrupun İran vətəndaşlarından ibarət iki üzvü müəyyənləşdirilərək həbs edilib. Cinayətin digər iştirakçılarının məsuliyyətə cəlb edilməsi istiqamətində hər iki ölkənin sərhəd qurumları tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Qeyd olunan faktlarla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən Azərbaycan Respublikası cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, saxlanılmış vətəndaşlar təqsirləndirilən şəxs qismində cəlb olunub, barələrində məhkəmə tərəfindən “həbs” qətimkan tədbiri seçilib.

 

Silah-sursat qaçaqmalçılığına da qarşı mübarizə tədbirləri uğurla davam etdirilir. Belə ki, 19 dekabr 2012-ci il tarixdə Lənkəran rayonunun Vel kəndi ərazisindəki sahil nəzarət məntəqəsinin xidməti ərazisində dəniz sahilində bağlamanın içərisində 1 ədəd mərmili “Muxa” markalı tank əleyhinə əl qumbaraatanı aşkar olunub. Dərhal təxirəsalınmaz zəruri tədbirlər həyata keçirilib, vətəndaşların təhlükəsizliyi təmin edilərək, dekabr ayının 20-də qumbaraatan partladılmaq yolu ilə zərərsizləşdirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 956
avatar

Oxşar yazılar