Dönərxana-kafelərdə və qənnadı müəssisələrində inanılmaz natəmizlik
13 dekabr 2012 15:30 (UTC +04:00)

Dönərxana-kafelərdə və qənnadı müəssisələrində inanılmaz natəmizlik

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 37/43 ünvanında fəaliyyət göstərən fiziki şəxs Dəyanət Nəcəfquliyevə məxsus “Deluxe” dönərxana-kafedə dövlət nəzarəti həyata keçirilib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.aza verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, müəssisədə çiy dönər və kulinariya məmulatları qanunvericiliyə zidd olaraq uyğunluq və gigiyenik sertifikatları, reseptura və texnoloji təlimat olmadan istehsal olunur.

 

 

Eyni zamanda hər bir porsiyada ətin ümumi kütləsi mövcud normativ sənədə əsasən, qarnirlə ən azı 50% müəyyən olunmalı halda, dönərin satışı zamanı buna riayət olunmur, porsiyalar gözəyarı hazırlanır. Çiy dönərin hazırlanmasında istifadə edilən ətin baytarlıq nəzarətindən keçirilməsi barədə şəhadətnaməsi yoxdur. Müəyyən olunmuşdur ki, çiy dönər və digər kulinariya məmulatları zirzəmi şəraitində, sanitar norma və qaydaların tələblərinə cavab verməyən şəraitdə hazırlanır. Hazırlanma kortəbii olaraq, texnoloji prosesi əks etdirən  texnoloji təlimat olmadan həyata keçirilir. İstehsal zamanı mənşəyi məlum olmayan, tərkibi, istehsal tarixi və yararlılıq müddəti bilinməyən mayonezdən istifadə olunduğu aşkarlanıb. Müəssisənin ümumi sanitar vəziyyəti də qeyri-qənaətbəxş olub. Müəssisənin qabyuma hissəsi yoxdur. Süfrələrin düzülüşündə istifadə olunan qabların və yemək dəstlərinin (çəngəl, bıçaq, qaşıq)  ayaqyolunda natəmiz şəraitdə yuyulduğu aşkarlanıb. Çalışan personal isə zəruri vasitələrlə (uniforma, əlcəklər, papaqlar) tam təmin olunmayıb. Aşkar olunmuş nöqsanlarla əlaqədar olaraq “Deluxe” dönərxana-kafedə çiy dönər, dönər-kabab və kulinariya məmulatlarının istehsalı və satışı qadağan edilib.

 

 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, Sarayeva küçəsi 8 ünvanında fəaliyyət göstərən fiziki şəxs Aydın Qurbanova məxsus müəssisədə dönər-kabab və isti-soyuq yeməklərin hazırlanmasına dövlət nəzarəti həyata keçirilib. Araşdırma zamanı müəyyən olunub ki, istehsal olunan çiy dönərin uyğunluq və gigiyenik sertifikatları yoxdur. Müəssisədə dönər-kabab AZS 744-2012 (bənd 4.1.) tələblərinə zidd olaraq müvafiq qaydada təsdiq edilmiş reseptura və texnoloji təlimat olmadan istehsal olunur. Standartın tələblərinə əsasən dönər-kababın hər bir porsiyasında ətin ümumi kütləsi qarnirlə ən azı 50% müəyyən olunduğu halda, dönər satışı zamanı buna riayət olunmur. Çiy dönərin və digər isti yeməklərin hazırlanmasında istifadə edilən ətin baytarlıq nəzarətindən keçirilməsi barədə şəhadətnaməsi yoxdur. Çiy dönərin hazırlanma şəraiti sanitar  norma və qaydalara uyğun deyil. Belə ki, cəmi 5-6 kv.m sahəsi olan mətbəxdə həm çiy dönər, həm də bir neçə adda müxtəlif isti-soyuq (paytaxt, mimoza salatları, plov, sous, ət və s.) kulinariya məhsulları hazırlanır. Hazırlanma kortəbii olaraq, texnoloji prosesi əks etdirən  texnoloji təlimat və reseptura olmadan həyata keçirilir. Çalışan personal zəruri vasitələrlə (uniforma, əlcəklər, papaqlar) təmin olunmayıb. Aşkar olunmuş qanun pozuntuları ilə əlaqədar olaraq fiziki şəxs Aydın Qurbanova məxsus müəssisədə məhsul istehsalı və satışı qadağan edilib.

 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən qənnadı məmulatları istehsal edən “İsmayıloğlu-2009” MMC-də dövlət nəzarəti həyata keçirilib. Araşdırma zamanı müəyyən olunub ki,“İsmayıloğlu-2009” MMC-də 4 adda məhsul (küncütlü şirniyyat, nabatlı karamel, jeleli marmelad, türk paxlavası) istehsal olunur. Bunlardan küncütlü şirniyyat, jeleli marmelad və türk paxlavası müvafiq qaydada təsdiq olunmuş reseptura və texnoloji təlimat olmadan istehsal olunur. Müəssisədə  sanitariya norma və qaydalara riayət olunmur, standartların tələblərinə uyğun, insan həyatı və sağlamlığı  üçün təhlükəsiz məhsul istehsal etmək üçün tam  lazımi şərait yoxdur. Köhnə taxta və karton materiallarla arakəsmələr düzəldilərək hazır məhsul və xammal ambarı, istehsal sexləri yaradılıb. Məhsulun saxlanma temperaturuna və nəmliyə riayət etmək üçün şərait yoxdur. O cümlədən  müəyyən olunub ki, məhsulların üzərinə saxlanma tarixi istehsal bitdiyi tarixdən yox, satışa çıxarıldığı tarixdən vurulur. Anbarda üzərində istehsal tarixi olmayan, nə vaxt istehsal olunduğu məlum olmayan (bir ton leleli marmaled, 450 kq küncütlü karamel, 60-70 kq nabatlı karamel) məhsullar aşkarlanıb. Aşkar olunmuş bu və digər nöqsanlarla bağlı “İsmayıloğlu-2009” MMC-də məhsul istehsalı dayandırılıb, müəssisəyə cərimə tətbiq edilib.

# 901
avatar

Oxşar yazılar