Bu yaz hansı çaylar daşacaq?
08 aprel 2013 13:15 (UTC +04:00)

Bu yaz hansı çaylar daşacaq?

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi məqsədilə aparılmış qarölçmə işlərinin nəticələri, eyni zamanda aylıq və fəsillik hava proqnozları məlumatları nəzərə alınmaqla respublikanın çaylarında aprel, may, iyun ayları üçün yaz gursululuğunun və daşqın hadisələrinin axım proqnozu hazırlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hər il sistematik olaraq hazırlanan yaz gursululuğunun və çaylarda daşqın hadisələrinin axım proqnozu əhaliyə, infrastrukur sahələrə dəyə biləcək ziyanların minimuma endirilməsində, müxtəlif məqsədlərlə sudan istifadədə, o cümlədən su anbarlarında səviyyənin tənzimlənməsində, enerji istehsalının, suvarmanın su təchizatının balanslı təşkil edilməsində böyük əhəmiyyətə malikdir.

Aprel-iyun ayları üçün gursululuq dövrünün proqnozuna əsasən, transsərhəd çaylar üzrə Kür çayından Şəmkir su anbarına axım normanın 75-94, Qanıx çayından Mingəçevir su anbarına axım normanın 74-102, Araz çayından Araz su anbarına axım isə normanın 40-60 faizini təşkil edəcəyi gözlənilir. Respublikanın dağ çayları üzrə isə Böyük Qafqazın cənub-qərb (Balakən-Şəki) yamacı çaylarında sululuğun normanın 86-123, şimal-şərq (Quba-Xaçmaz) yamacı çaylarında 86-104, Kiçik Qafqazın (Daşkəsən-Gədəbəy) çaylarında 58-88, Naxçıvan MR çaylarında 35-87, Lənkəran-Astara bölgəsi çaylarında isə 52-84 faizini təşkil edəcəyi gözlənilir.


Gursululuq dövründə, xüsusən də aprel və may aylarının ayrı-ayrı günlərində temperaturun kəskin yüksəlməsi və yüksək dağlıq ərazilərdə qarın əriməsi, eyni zamanda gözlənilən leysan xarakterli yağışlar nəticəsində Böyük Qafqazın cənub-qərb yamacının (Balakənçay, Talaçay, Kürmükçay, Kişçay, Şinçay), şimal-şərq yamacının (Qusarçay, Qudyalçay, Vəlvələçay), Kiçik Qafqazın (Gəncəçay, Kürəkçay, Şəmkirçay, Qoşqarçay), Naxçıvan MR-ın (Naxçıvançay, Gilançay, Əlincəçay) çaylarından qısamüddətli daşqınların olacağı gözlənilir. 

# 696
avatar

Oxşar yazılar