Gürcüstanda parlamentin qapısını sındırmağa çalışdılar, yaralananlar var-YENİLƏNİB -VİDEO
02 may 2024 01:50 (UTC +04:00)

Gürcüstanda parlamentin qapısını sındırmağa çalışdılar, yaralananlar var-YENİLƏNİB-VİDEO

Gürcüstan Parlamentinin qarşısında keçirilən etiraz aksiyası zamanı 8 mülki şəxs yaralanıb.

Lent.az APA-nın Gürcüstan müxbirinə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların Koordinasiyası və Təcili Yardım Mərkəzi məlumat yayıb.

Bildirilib ki, onlardan bəziləri üz, baş və bədənin müxtəlif nahiyələrində yaralar, bəziləri isə intoksikasiya və tənəffüs yollarının ağırlaşmaları ilə xəstəxanaya yerləşdiriliblər.

Qurumun məlumatında əraziyə 20 təcili tibbi yardımın cəlb edildiyi, onlarla vətəndaşa həmçinin polis əməkdaşlarına lazımi tibbi yardım göstərildiyi bildirilib.

***

Saat 00:30

Polisin müdaxiləsindən sonra parlament binasının qarşısından ətraf küçələrə dağılışan bəzi qruplar Tbilisinin bir neçə mərkəzi küçə və prospektlərini bağlayıblar.

Lent.az APA-nın Gürcüstan müxbirinə istinadən xəbər verir ki, bir qrup etirazçı paytaxtın əsas yollarından olan Qamsaxurdiya prospektini bağlayıb.

Nəticədə Kür çayının sağ sahilində nəqliyyat iflic vəziyyətə düşüb.

Çox sayda avtobus və minik maşını yolda qalıb, ərazidə tıxac yaranıb.

Sürücülərdən biri avtomobili nümayişçilərin üzərinə sürüb və bundan sonra ərazidə gərginlik yaşanıb.

Nümayişçilər qanun layihəsinin əleyhinə müxtəlif şüarlar səsləndirirlər.

***

Saat 23:56

Gürcüstan polisi parlament binasının ətrafında etirazçılara qarşı rezin güllələrdən istifadə edir.

Lent.az APA-nın Gürcüstan müxbirinə istinadən xəbər verir ki, aksiyaçılardan bəziləri rezin güllələrlə vurulduqlarını bildirirlər.

Yaralanan nümayişçilərə ilkin tibbi yardım göstərilib.

Gürcüstan Daxili İşlər Nazirliyi saat 00:00-da brifinq təyin edib.

***

Saat 23:04

Gürcüstanda bir qrup etirazçı parlamentin 9 Aprel küçəsindəki hissəsində qapını sındırmağa çalışıb.

Lent.az APA-nın Gürcüstan müxbirinə istinadən xəbər verir ki, binanın içərisindəki xüsusi təyinatlı polislər su şırnağı və gözyaşardıcı qazla etiraçılara müdaxilə ediblər.

Etirazçıların müqavimət göstərməsindən sonra polis ərazidə çox sayda səs bombalarından istifadə edib.

On minlərlə etirazçı hazırda Rustaveli prospektindən ətraf küçələrə dağılışırlar.

Ərazidə internetdən istifadədə problemlər yaşanır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3738
avatar

Oxşar yazılar