![[b]Motivasiya - Yumor hissi[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]Motivasiya - Yumor hissi[/b]
Sevda Sultanova:
Bu mövzunu araşdıranda düşünməzdim ki, yumor elmin müxtəlif sahələrində tədqiq edilib. İlk baxışda yumor bizə yüngül gələ bilər. Əslində isə onun ictimai-sosial, siyasi funksiyaları var. Hətta iri şirkətlər gəlir əldə etmək, konfliktlərin həlli üçün yumordan istifadə konsepsiyası hazırlayan mütəxəssislərlə işləyirlər.
XX əsrin ortalarından başlayaraq siyasətçilər yumoru seçki təbliğatının vacib hissəsi sayırdılar. Hətta bəzən rəqiblərini yumor hissi olmamaqda günahlandırırdılar.
1930-cu illərdə əksər psixoloqlar yumor hissinə psixi sağlamlığın əsas komponenti kimi baxırdılar. Doğrudan da yumor insanı mənəvi cəhətdən formada saxlayır, tolerant, dözümlü edir. Bizim cəmiyyətdə ümumilikdə bu hiss aşağıdır. Hərdən düşünürəm ki, məsələn, mental, dini, ictimai, sosial problemlərə ironiya ilə yanaşan, onu karikaturizə edən “Molla Nəsrəddin” jurnalı bu gün buraxılsaydı ona münasibət necə olardı?...
Cavid Zeynallı:
Azərbaycanın özünəməxsus yumor ənənələri ilə məşhur olan şəhərləri var. Məsələn, Şəki, Təbriz və s. Təəssüf ki, bu gün həmin ənənənin davamını görmürük. Cəmiyyətin nəinki yumor kreativliyi, hətta yumoru qiymətləndirmək potensialı sanki tükənib.
Sanki cəmiyyətdə yumor hissi qeybə çəkilib. Bizim ədəbiyyatda yumorla bağlı çox dəyərli nümunələr yaradılıb. Tutalım, Üzeyir bəyin felyetonları, Əbdürrəhman bəy Haqverdiyevin, Mirzə Cəlilin hekayələri və s.
Yumor hissi yeganə hissdir ki, o lokal xarakter daşımır və bütün təbəqələrdə, müstəvilərdə hörmətlə, sevgi ilə qarşılanır. Yumor ən qatı düşmənçilikləri aradan qaldırmağa qadirdir. Hətta beynəlxalq danışıqlarda yumor hissi olan siyasətçi ən böyük uğura nail ola bilir.
Yumor hissinə malik insan unudulmur, daim sevgi və təbəssümlə yad edilir. Bu hiss eyni zamanda ailədə, cəmiyyətdə formalaşır, tərbiyə olunur. Yumor həm də ictimai tərbiyə üsuludur. Yumor hissini güclü olan insanlar ən çətin vəziyyətlərdən belə çıxmağa nail olurlar. Eyni zamanda çox yaşayırlar, sağlam yaşayırlar. Ona görə, insan ən azı sağlamlığı naminə bu hissi özündə tərbiyə etməlidir.
Stalinin yumor hissi haqqında bir neçə lətifələr var. Məsələn birini danışım. Müharibə vaxtı Baltik sahilində ilk olaraq Baqramyanın başçılıq etdiyi hərbi birləşmə mövqe tutur. Erməni general qürrələnərək Baltik dənizinin suyunu şüşə qaba doldurur və adyutantına tapşırır ki, təcili Moskvaya uçub suyu Stalinə çatdırsın. Adyutant təyyarədə uçarkən almanlar Baqramyanın qoşunlarını geri çəkilməyə məcbur edirlər. Təbii ki, bu məsələdən Stalin də məlumatlı olur. Bunlardan xəbərsiz olan adyutant isə özünü Stalinin yanına çatdırır və suyu ona təqdim edir:
- Yoldaş Stalin, qabda Baltik dənizinin suyunu gətirmişəm.
Stalin bir müddət dəqiqə suya baxdıqdan sonra onu adyutanta qaytarır və deyir:
- Siz bu şüşəni Baqramyana qaytarın və deyin ki, suyu hardan götürübsə elə ora da boşaltsın.
Səbinə Bayramova - psixoloq:
Yumor hissinə gülməyi və güldürməyi sevən insanlarda daha çox rast gəlinir. Gülüş özü də bir emosiyadır və müsbət emosiyalardandır. Əsasən hipertim insanlarda, sanqvinik temperament tipinə malik insanlarda rast gəlinir. Onlar həyat eşqi ilə dolu insanlar olduğundan problemlərini qabardıb gözlərində böyütmürlər. Yumor hissi güclü olan şəxslər məsələyə daha nikbin, daha pozitiv yanaşırlar. Bu səbəblərdən dolayı belə insanlar psixoloji xəstəliklərə daha gec düçar olurlar. Hər hansı psixoloji narahatlıq onlara sadəcə qıcıq verə bilər və onlar psixoloji müalicə ilə yanaşı situasiyadan uzaq qalırlarsa, tezliklə müalicədən effektiv nəticə əldə edə bilirlər.
İlqar Rəsul:
Yumor hissi əsasən pozitiv insanlara məxsus keyfiyyətdir. Belə insanlar həm özlərinə qarşı incə yumoru asanlıqla mənimsəyir, qəbul edir, həm də ətrafdakılara xoş ovqat bəxş edə bilirlər. Yumor hissinin əsas məhsullarından biri əlbəttə ki, zarafatdır.
Zarafatı bacarmaq, onu düzgün çatdırmaq çox vacib şərtdir. Yoxsa, həqiqətən də niyyətin təmiz olduğu halda, yalnız xoş ovqat yaratmaq istəyərkən qanqaraçılığa səbəb ola, kiminsə qəlbinə toxuna bilərsən. Lətifə danışmaq da ayrıca istedad tələb edir. Elə adamlar var ki, bir lətifəni dəfələrlə danışa və hər dəfəsində də ətrafdakıları güldürə bilirlər. Bu cür insanların bir qismi hətta təkrar danışdıqları lətifəyə özləri də hər dəfə ürəkdən gülürlər. Bu, çox maraqlıdır. Ümumiyyətlə yerində zarafat etməyi, lətifə danışmağı bacaranlar adətən ətrafdakılar tərəfindən pozitiv insanlar olaraq qəbul edilirlər və tanışların yığıncaqlarında, tədbirlərində, məclislərində arzulanan simaya çevrilirlər. Bir sözlə, hamı onları öz məclisində görmək istəyir.
Çalışın pozitiv insan olun. O zaman həm də arzulanan insan olacaqsınız. Yumor hissi həm də insana uğur gətirən, onu çətin vəziyyətlərdən çıxarda bilən dəyərli keyfiyyətdir.
Bütün konfliktlərin yumora çevrilmək şansı var. Yetər ki, qarşı duran tərəflərdən biri güclü yumor hissinə malik olsun və vəziyyəti layiqincə dəyərləndirsin...
Oxşar yazılar

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi aşağı salındı
7 iyun 2025 , 20:42
Ölümcül statistika: ən pis etibarlılıq göstəriciləri olan 10 sərnişin təyyarəsi
7 iyun 2025 , 20:15
Tıxaclar mühərriki öldürür - Avtomobili necə qorumaq olar?
7 iyun 2025 , 19:43
Xüsusi imkanlar: İyun ayında hansı iki BÜRC varlanacaq?
7 iyun 2025 , 18:30
Günel Qəmbərova kimi peşəkar həkimlər asan yetişmir - Könül Cəfərli yazır
7 iyun 2025 , 15:41
İsti havaların avtomobillərə hansı ziyanı var? - 5 gözlənilməz TƏHLÜKƏ
7 iyun 2025 , 14:10
Tətildə mədə problemlərindən necə qaçmaq olar? - Dietoloqdan 5 əsas məsləhət
7 iyun 2025 , 12:26