“Hər şey yaxşı olacaq, başqa şansı yoxdur...” - DEBAT
30 dekabr 2012 18:25 (UTC +04:00)

“Hər şey yaxşı olacaq, başqa şansı yoxdur...” - DEBAT

İctimai davranış, etik qaydalar mövzusu Azərbaycanda yenidən gündəmə gəlib. Lent.az-ın “Dəyirmi masa”sında bu mövzunu müzakirə edirik. Masa ətrafında xalq artisti Ramiz Novruz, publisist İlqar Əlfioğlu, Müsbət Dəyişiklik Gənclər Hərəkatının rəhbəri, Harvard Universitetinin məzunu Bəxtiyar Hacıyevdir. Yeri gəlmişkən, bir nəfər millət vəkili də masada iştirak etməli idi. Zəng edib onu dəvət edəndə soruşdu ki, qonaqlarınız başqa kimlərdir? Sadaladım, elə qulağımaca qonaqlardan birini yağlı söyüşlə söyüb, “o olan məclisdə mənim nə işim var” - dedi. Daha telefonu qapatdım, onun bu masada yeri olmadığını düşündüm.  

 

Birlikdə “Biz hara və necə gedirik?” sualı ətrafında düşüncələrimizlə bölüşürük.

 

- Siz hansı situasiyalarla rastlaşmısınız, əvvəlcə ondan başlayaq?

 

Ramiz Novruz: - Ramilə xanım, sırf sizə təsəlli olsun deyə deyirəm ki, hər şey yalnız ictimai nəqliyyatda, küçədə sizin qeyd etdiyiniz kimi deyil, hətta mədəniyyət ocaqlarında belə eyni vəziyyətdir. Həm də yalnız gənclərə aid deyil, bizim yaşda insanlar da davranış qaydalarını unudublar. Tamaşaçı gəlib tamaşaya, azı 15 dəqiqə gecikib. Tamaşa gedir, bunu sakitcə münasib yerdə əyləşdirirlər, başlayır uca səslə etirazını bildirməyə ki, əşi, mənim biletim bura deyil, çox böyük iş olub, bir az gecikmişəm? Mətin addımlara düz birinci sıraya qədər keçir, yanındakı xanıma özünü cəsarətli göstərmək istəyir.

 

- Cəsarətlidən çox fərasətli göstərmək istəyidir.

 

R.N: - Hə, daha nəzərə almır ki, tamaşa gedir, səhnədəkilərə, zaldakılara mane oluram. Heç vecinə deyil ki, səhnədə finaldır, faciə səhnəsidir, telefonla danışır, hələ şaqqanaq çəkib gülür də.

Bir az şəhər mədəniyyəti arxa plana keçib, biz rayondan şəhərə oxumağa gələndə hər il ötdükcə bir az formalaşır, şəhər mühitinə adaptasiya olurduq. Şəhər adamlarına baxıb davranış qaydaları götürürdük, şəhərdə özümüzü şəhər adamı kimi aparmağı öyrənirdik. İndi artıq şəhər anlayışı yoxdur. İndi gələnlər gələn kimi özünü ətrafdakılardan daha üstün, daha qabarıq göstərməyə çalışır, hesab edir ki, hər şeyi bilir.

 

İlqar Əlfioğlu: - Bakı böyük kənddir, paytaxt kənd.

 

- Hamımız kənddən gəlmişik, amma kənd mədəniyyətini şəhər mədəniyyəti ilə dəyişik salmaq olmaz.

 

İ.Ə: Bakı mühiti dəyişdi, birinci səbəb gəlmələrin şəhərə kütləvi axını ilə bağlıdırsa, ikinci yerdə vəhşi qərb filmlərinin kütləvi hücumunun nəticəsi durur. İndi bizdəki vəziyyət həmin filmlərdəki vəziyyətlə eynidir. Məni ağrıdan məqam odur ki, küçədə, bazarda ucadan gülən oğlanlar qızlardan çoxdur. Avtobusda yol boyu durmadan ucadan gülürlər, lap yaxınlarındayam, müşahidə edirəm, gülməli heç nə yoxdur, amma özlərindən gedir bunlar, daha çox gülüb diqqət çəkməyə çalışırlar. Eyni zamanda həmin hərəkəti edən adam başqa yerdə kimdəsə gördüyü belə bir hərəkəti təmiz vicdanla ciddi-cəhdlə tənqid edə bilər. Bax, ağrılı yer budur, cəmiyyət pozulub. Biz də cavan olmuşuq, gülmüşük, amma səsimiz qızların səsindən yüksək olmayıb, bir az ətrafa baxıb səsimizi qısmışıq.

 

- İndi həmin o dediyiniz səsini qısmaq gerilik əlaməti hesab olunur.

 

İ.Ə: - Bəlkə də həqiqətən elədir, biz geri qalmışıq. Nəsillərin qarşıdurmasında heç vaxt oğul atasından pis olmayıb.

 

R.N: - Konfutsinin sözdür, deyir, əgər sənə nə vaxtsa bir sillə dəyirsə, elə bilmə təsadüfidir, deməli sənin balana bu sillə dəyməli imiş. Bizim nəsil sinə dolusu sevinə bilmirik, il bizim üçün uğurlu oldu deyə bilmirik, içimizdə bir torpaq nisgili var, amma gənclikdə bu ruh çatışmır, aşılamamışıq görünür. İlqar müəllim dediyi kimi, o şit-şit gülən gənclərdə vətənpərvərlik ruhu yoxdur, bu da çatışmır indi. Dərk eləyə bilsə, elə gülə bilməz. Teatrda gənclər var ki, özünün istedadsızlığını anlamır, əksinə, elə bilir ki, dahidir və özünü elə də aparır. Daha düşüncə ona qədər çatmır ki, düşünsün ki, mən hələ çox kiçiyəm, yanımda məndən böyüyü, istedadlı, üstəgəl təcrübəlisi var, hərəkətim ona yekəbaşlıq təsiri bağışlayacaq. Gəlir, mənə, yaxud başqa bir aktyora deyir ki, müəllim, siz ustadsız, məktəbsiz, biz sizdən öyrənirik. İndi ixtiyarın var, onun hansısa obrazı barədə bir fikir de, məsləhət ver ona. Heç nə deməsə də arxadan deyinəcək ki, buna bax, bir dənə Həzi Aslanov oynayıb, özünü dahi hesab edir. Münasibətləri belədir e, qəribəsi budur.

 

Bəxtiyar Hacıyev: - 2010-cu ildə parlament seçkilərində gənc namizəd olmuşam, ona görə ictimai nəqliyyatdan çox istifadə etmişəm ki, xalqın arasında olum. Danışılan hallarla və daha çoxu ilə də rastlaşmışam. Magistratura təhsili üçün Harvard Universitetində iki il təhsil alıb qayıdandan sonra burda həyat mənə çox çətin oldu. Bir ay Azərbaycanda qaldım və axırda o vəziyyətə gəldim ki, bir turizm şirkətinə yaxınlaşdım ki, vizasız hara gedə bilərəm, bilet verin, sadəcə burdan çıxıb gedim.

 

Ən böyük problemlərimizdən biri növbə mədəniyyətimizin olmamasıdır. Harvard Universitetinin rektoru onlarla Nobel mükafatçısının dərs dediyi bir təhsil ocağını idarə edir, amma kafedə tələbələrdən sonra növbəyə durur və razı olmur ki, kimsə öz növbəsini ona versin, heç kimin hüququnu pozmaq istəmir. İnsanlar bir-birilərinin hüququna hörmət etməyi öyrənməlidirlər. İsveçdə insanların orta yaş həddi Azərbaycandakı orta yaş həddindən 20 il artıqdır. Bunun hamısı bizim gün ərzində bir-birimizə verdiyimiz əsəb gərginliyinin nəticəsidir. Maarifləndirmə aparılanda çox böyük nəticə olur. Biz üstünə “növbədə mənəm” yazılmış paltar əynimizdə, bankomat qarşısında növbəyə durduq. On dəqiqə sonra uzun növbə düzülmüşdü və heç kim o birinin qarşısına keçmirdi. Vaşinqtonda ucadan danışmaqla, nalayiq hərəkətlərlə bağlı roliklər metrolarda, ictimai yerlərdə yayımlanır.

 

- Sovet vaxtı necə olurdu ki, biz ağlımız kəsəndə artıq müəyyən etiket qaydalarından xəbərdar olurduq. İndi 20 yaşına çatmış, artıq formalaşmış  insana hər hansı bir etiket qaydasını başa salırsan, ilk dəfə eşidirmiş kimi baxır adamın üzünə?

 

R.N: - Ümumi ideologiya vardı, biz ardıcıl o ideologiya ilə yüklənirdik deyim, yoxsa faydalanırdıq. Oktyabryat olmaq üçün özümüzü buna layiq göstərirdik, sonra pioner sıralarına daxil olmaq üçün, ardınca komsomol təşkilatı gəlirdi və bu dövrdə artıq formalaşmış olurduq. İndi həmin ümumi ideologiya yoxdur.

 

Davranış qaydalarından saatlarla danışmağın effekti konkret işin effekti qədər ola bilməz.

 

İ.Ə.- Ailə tərbiyəsi o qədər də önəm daşımırdı, önəmli olan dövlətin ideologiyası idi. Ailə uşağı dövlətin strukturuna etibar edə bilirdi, bilirdi ki, bağçada, məktəbdə, sonra ali məktəbdə, iş yerində bu uşaq normal formalaşır. Bağça uşağı ev uşağından fəal olurdu.  Uşaqkən cəmiyyətdə yaşamaq öyrənirdi. Valideynlərin də başı bugünkü qədər məşğul deyildi. Heç xatırlamıram son vaxtlar hansısa valideyn desin ki, uşağı cəmiyyət üçün , sabah üçün yetişdirmək barədə düşünürəm.

 

- Düşünən valideyn var, amma ailə kifayət eləmir, məktəbdən, cəmiyyətdən dəstək gəlmir.

 

i.Ə.- Elə ona gəlirdim, məktəb birinci yerdə durur. Cəmiyyət ona görə zəhərlənib, sağlam deyil daha. Nalayiq hərəkəti edəni ictimai qınağa da məruz qoymuruq, demirik ona, qorxuruq ki, kobud cavab alarıq. Amma gərək deyək, çəkinməyək. Etiraz etməsən, o hadisə kök salacaq.

 

- Böyüyə, yaşlıya, uşaqlıya yer vermək kimi bir ədəb də dəbdən düşüb və onunla əsaslandırılır ki, bu yerdə gəlib oturmuşamsa haqqımdır, niyə başqasına verib özüm ayaq üstdə durmalıyam.

 

İ.Ə.- O da bir az mübahisəli məslədir. Əgər burdan Nardarana avtobusla gedəcəmsə, əvvəlcədən bilet alıram ki, uzun yoldur, rahat gedim. Avtobus tərpənməyə yaxın bir yaşlı gəlib onun boynunun kökündə durur. Olmaz ki, həmin yaşlı da bu gənc kimi bir z gözləyib növbəti avtobusa bilet alsın, rahat getsin.

 

R.N.- Bu məsələdə Azərbaycan bir vaxtlar  bütün SSRİ-də nümunə göstərilərdi.

 

B.H. – Bütün bu deyilənlərin əsasında təhsil sistemi durur. Təhsil illərimin ilk bir-neçə ili Sovet Təhsil Sistemindən bəhrələnmişəm. Bunlar hamısı məktəbdə bizə öyrədilirdi. İndi təhsilimizdə böyük böhran var. Nəticədə insanların dünyagörüşündə aşılanma yaranıb. İndi heç kim Üzeyir bəyi deyil, Üzeyir Mehdizadəni dinləyir. Bu gənclikdən o vaxtkı gəncliyin səviyyəsini gözləmək olmaz. Üzeyir Mehdizadənin musiqiləri ilə böyüyüb necə Üzeyir bəyi başa düşən səviyyədə ola bilərsən?

Cəmiyyətin ümumi səviyyəsinin qalxması üçün təhsil sistemi dəyişməlidir, özünü doğruldan sistem olmalıdır. Qərbdə nəqliyyatda durub qadına yer vermirlər, çünki orda kişi və qadın bərabər hüquqludur. Bizdə də bərabər hüquqluyuq deyirlər, amma baxır hansı məsələdə. İstanbul hava limanında bir dəfə azərbaycanlı olduğum üçün utandım. Hamı növbədə dayanıb, iki azərbaycanlı qadın hay-harayla əllərində yük gəlib hamını yarıb keçdilər ki, aaz, gəl, gecikirik. Bəs, burda duranlar gecikmir? - deyən olmadı, ar elədi növbədə duranlar. Ölkənin təhsil sisteminin vurduğu ziyanla elədiklərimiz çox azdır, çox maarifləndirmə işləri görülməlidir.

 

- Mətbuat da yaxşı nümunə göstərmir, İlqar müəllim, yazıda küçə sözü işlədən həmkarlarımız var.

 

İ.Ə.- Ümumi səviyyədən gələn bir şeydir. Mətbuat, təhsil, QHT-lər hamısı dövlət də daxil olmaqla vahid nöqtəyə vurmalıdır, başqa yol yoxdur. Ən böyük yaralı yerimiz milli ideologiyanın olmamasıdır ki, millət kimi formalaşa bilmirik. Milli ideologiya erməni kimi vecsiz bir millətdən görün nə düzəldir.

 

- Sonda bu gedişlə hara və necə gedirik? - sualına nə cavab verə bildik?

 

İ.Ə.- Dediklərimiz hamısı keçid vaxtının əlamətidir, təzahür formasıdır. Hər şey yaxşı olacaq, başqa şansı yoxdur. Zaman lazımdır, o zaman bizə çatmayacaq. Əlacımız öz mikrodünyamızadır.

 

B.H. - Hərə öz üstünə düşən vəzifəni hiss etməsə, uçuruma doğru gedəcəyik.

 

R.N. - Yaxşı cəhətlər də var, məsələn, Bəxtiyar kimi gənclər varsa ümidli ola bilərik. Yaxşı gənclərimiz də çoxdur, onların timsalında hər şey yaxşı olacaq. Vaxt gələcək,  gənclik yaşlılara da yaxşı nümunə göstərəcək. Fizuli deyib, Nəsimi deyib, Sabir, Cavid deyib, bu qədər adamın dedikləri axır bir nəticə verməlidir. Heç olmasa, biz də şəxsi nümunə olaq, bu da çox şeyi həll edir. Bir dəfə bir gənc xanımın maşına minib, güzgüdə saçına sığal verəndən sonra kəmərini bağlayıb maşını işə salmağını müşahidə edəndən sonra heç vərdiş edə bilmədiyim bir işə adət etdim, daha maşında kəməri bağlamamış yola düşmürəm.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2473
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar