

Elina işi ilə bağlı son durum: anası və atası DANIŞDI
“Haqqımda guya vəkilləri dəyişəcəyimlə, onlardan narazı olmağımla bağlı yazılar yayımlanıb”.
Bu sözləri Lent.az-a açıqlamasında 162 nömrəli tam orta məktəbdən özünü ataraq intihar edən Elina Hacıyevanın atası Ədalət Hacıyev deyib. O bildirib ki, dünən Elinanın vəkilləri ilə görüşüb:

“Mən vəkilləri ilk dəfə dünən görmüşəm. Onlarla 1 saat, 1 saat yarıma qədər danışdıq. Mənim narazılığım yoxdur və heç kəsə də vəkilləri dəyişəcəyimlə bağlı nəsə deməmişəm. Bundan başqa dünən məhkəmə-tibbi ekspertizada iştirakını istədiyimiz ekspertdən də söz açdıq. Maraqlıdır ki, bizə tutarlı səbəb göstərmədən vəsatətimiz rədd edildi. Əgər təmiz iş gedəcəksə, nə üçün buna icazə verilmir ki?”.
Həmçinin xatırladaq ki, Elinanın anası Sevil Hüseynova Lent.az müraciət ünvanlayaraq istintaqın gedişatından narazı qaldığını, həmçinin ekspert Vüqar Məmmədov barəsində verilən vəsatətin rədd edilməsindən də söz açmışdı.
Bununla bağlı Lent.az-a danışan Sevil Hüseynova isə heç bir dəyişiklik baş vermədiyini bildirib:
“Hər şey əvvəlki kimi qaldı. İndi isə ekspertizanın cavabını gözləyirəm. Sadəcə hələ də nə üçün vəsatətimizin qəbul olunmaması ilə bağlı bizə məlumat verilməyib”.
Qeyd edək ki, dünən Baş Prokurorluğun verdiyi məlumata görə istintaq qrupu tərəfindən cinayət işi üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mütəxəssisləri cəlb edilməklə intensiv istintaq tədbirləri həyata keçirilir.
Xatırladaq ki, Elinanın ölümü ilə əlaqədar aparılmış xidməti araşdırma nəticəsində Bakı şəhəri 162 nömrəli tam orta məktəbin direktoru (Abbasova Sevinc Kamil qızı), tərbiyə işləri üzrə direktorun müavini (Məhərrəmova Lalə Arif qızı) və məktəbin psixoloqunun (Ağayeva Könül İsmayıl qızı) əmək müqaviləsinə xitam verilib.
Həmçinin bildirək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci (r) sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihara cəhd etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Hal-hazırda həmin iş üzrə istintaq gedir.
S.Abbasova Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) və 314.2-ci (Səhlənkarlıq; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham verilib. Səbail rayon Məhkəməsi tərəfindən S.Abbasova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Oxşar yazılar

"Bağırov" tuneli açıldı - VİDEO
16 aprel 2025 , 14:11Bakıya leysan, rayonlara qar yağacaq - Sabahın HAVASI
16 aprel 2025 , 12:55
Benzinə 90 faiz qənaət etməyin YOLU
16 aprel 2025 , 12:41
Dövlət Sosial Müdafiə Fonduna yeni sədr təyin olundu
16 aprel 2025 , 11:37
Polis gücləndirilmiş iş rejiminə keçdi - FOTOLENT+VİDEO
16 aprel 2025 , 11:23
Bakıda 92 marşrutda gecikmə var
16 aprel 2025 , 11:14
Bakıda güclü külək ağacları aşırdı - FOTOLENT
16 aprel 2025 , 11:09