VALİDEYNLƏR, DİQQƏT!  - Bu uşaqlar narkoman olmağa real namizəddir
15 sentyabr 2021 10:22 (UTC +04:00)

VALİDEYNLƏR, DİQQƏT! - Bu uşaqlar narkoman olmağa real namizəddir

“Narkomaniya xəstəlik halının səbəbi deyil, nəticəsidir. Yəni insanın əvvəlcə hansısa bir psixi diskomfortu olur. Bundan əziyyət çəkir və sonra gedir diskomfortu aradan qaldırmaq üçün narkotik qəbuluna başlayır”.

Bunu Lent.az-a açıqlamasında həkim-psixiatr Abdulla Şıxlinski bildirib. Onun sözlərinə görə, bu gün istər qadınlar, istərsə də kişilər arasında narkotikdən istifadə halları çox geniş yayılıb. Əsasən də gənclər arasında. Bəs, buna səbəb nədir? Necə olur ki, bu vərdişə meyl artır?

Abdulla Şıxlinski bildirir ki,  xüsusilə yeniyetməlik və gənclik insanlar baxıb görürlər ki, başqaları kimi deyillər:

“Bunun da səbəbi ilk olaraq psixi problemlərdir. Məsələn, görür ki, həddindən artıq utancaqdır, başqaları ilə çox çətinliklə ünsiyyət qurur və.s. Xüsusilə də əks cinsin nümayəndələri ilə münasibət qurmaqda çətinlik çəkənləri misal çəkərdim. Həyat problemlərini həll edə bilməmək və daim həyəcanlı olmaq da bu xüsusiyyətlər arasında yer alır. Bütün bu çətinliklər arasında bir yol seçməli olurlar. Və çox təəssüf ki, belə insanlar həkimlərə, həkim-psixiatrlara müraciət etmək əvəzinə, narkotikdən istifadəyə başlayırlar. Problemi bu üsulla həll etməyə çalışırlar. Bunun da kökü gedib dayanır həkim-psixiyatra müraciət edə bilməmək mədəniyyətinə. Əfsus ki, bizdə bu mədəniyyət yoxdur. Narkomaniya o ölkələrdə azalır ki, oranın insanları öz psixi problemlərini dərk edir və bunu aradan qaldırmağa çalışır”.

Mövzu ilə bağlı Lent.az-a açıqlama verən psixoloq Fuad Əsədov bildirib ki, xüsusilə 25 yaşa qədər insanlar pis vərdişlərə daha çox meyl edirlər:

“Yeniyetməlik və gənclik elə bir dövrlərdir ki, bu zaman insan özünü tapmağa, ətrafındakılara sübut etməyə və olduğundan daha böyük göstərməyə çalışır. Çox zaman deyirlər ki, yeniyetməlik keçid dövrüdür və təhlükəli müddətdir. Eləcə də erkən gənclik. 25 yaşa qədər bizim beynimiz tam inkişaf etmiş sayılmır. Və xüsusilə bu dövrlərdə biz pis vərdişlərə meyl etmiş ola bilərik. Bura təbii ki, narkotik də daxildir. İnsanların narkotikdən istifadə etməsinin bir neçə səbəbi var. Bu səbəblərdən ən geniş yayılmışı bir kompaniyaya qoşulmaqdır. Məsələn, bir insanın yaxın çevrəsi var. Hər gün görüşdüyü, birlikdə vaxt keçirdiyi “dostları”. Di gəl ki, bunlara nə qədər dost demək olar o da sual altındadır. Həmin bu dostlar narkotik istifadəçisidirsə, istər-istəməz təsir altına düşür və marağını çəkdiyinə görə o da narkotikdən istifadə etməyə başlayır. Bu da çox vaxt həmin çevrə tərəfindən təhrik olunma ilə baş tutur. Məsələn, deyirlər ki, “al bircə dəfə dadına bax, bir dəfə ilə heç nə olmaz”. Bu kimi sözlər həmin adamın təsir altına düşməyinə səbəb olur”.

Bəs, narkomanlar kimlərdir?

Abdulla Şıxlinski bildirir ki, narkomanlar o adamlar deyil ki, qohumlarının da dediyi kimi “pis kruqa düşüblər”:

“Narkomanlar o adamlardır ki, onların baş beynində, mərkəzi sinir sistemində hələ narkotik qəbul etməmişdən xeyli əvvəl müəyyən patofizioloji problemlər olur. Bu patofizioloji problemlər də əmələ gəlir o vaxt ki, məsələn, insan anadan olanda travma keçirir. Belə doğulan uşaqlar narkomaniya üçün artıq namizəddir. Ya da tamamilə fərqli bir misal çəkim. Natamam ailələrdə uşaq da narkoman ola bilir. Çünki belə uşaqların müəyyən sosial psixoloji problemləri olur. Onları həll etmək üçün düşünür ki, kimə müraciət etsin?! Hamiləlik dövründə ananın hər hansı infeksion xəstəliyi olursa, doğulan körpənin gələcəkdə narkoman olma ehtimalı yüksəkdir. Çünki həmin infeksion xəstəliklər insan beynini zədələyir”.

Psixoloqun sözlərinə görə, yeniyetmələr adətən bu pis vərdişə hər hansı bir probleminə görə üz tutur:

“Ola bilər ki, ailədə, yaxud da məktəbdə stress yaşasınlar. Baş verəni unutmaq, problemdən yaxa qurtarmaq üçün daha böyük problemə addım atırlar. Bu kimi məqamlarda xüsusilə valideynlər daha diqqətli olmalıdırlar. Valideynlər uşaqları ilə yaxın münasibət qurmalıdırlar ki, onların hər kiçik problemindən xəbərdar ola bilsinlər və kömək əllərini uzatsınlar. Əgər ətrafındakı dostları onun pis vərdişlərə meyl etməsində rol oynayırsa, bu zaman yavaş-yavaş onlardan uzaqlaşdırmağa da cəhd göstərsinlər. Amma bunu araşdırmadan etmək düzgün deyil. Əlində bir dəlil olmadan övladını dostlarından ayırmaq uşaqlar üçün böyük zərbə ola bilər”.

Həkim Abdulla Şıxlinski bildirib ki, insanlar bəzən bunu təkcə cəmiyyətdəki vəziyyətlə əlaqələndirirlər. Amma əslində belə deyil:

“Cəmiyyətdəki problemlər sadəcə narkomaniyanın inkişafına təkan verə bilər. Əsl səbəbləri isə biolojidir. Bunu aradan qaldırmağın ən əsas məsuliyyəti isə bütünlükdə cəmiyyətin üzərinə düşür. İnsana uşaq olandan o öyrədilməlidir ki, hər hansı problemin, xəstəliyin varsa, bunun üçün mütəxəssisə, həkimə müraciət etməlisən. Narkotik alverçilərinə yox”.

Abdulla Şıxlinskinin sözlərinə görə, hazırda ölkəyə çoxlu sintetik narkotiklər gətirilir:

“İstifadəçilər də daha çox sintetik narkotiklərə üstünlük verirlər. Bunun da səbəbi onların daha ucuz olmasıdır. Və bu da çox təhlükəli vəziyyət yaradıb. Bəziləri düşünür ki, sintetik narkotiklər digərləri kimi zərərli deyil. Amma unutmaq olmaz ki, zərərsiz narkotik yoxdur. Zamanla narkotik insanda ağıl zəifliyi yaradır”.

Psixoloq Fuad Əsədov deyir ki, elə narkotiklər var ki, məsələn, heroin kimi, ondan bircə dəfə istifadə etməklə insan asılı vəziyyətə düşür:

“Bəzən “dostlar” arasında məşhur bir söz də yayılır ki, “kişi hər şeyi sınamalıdır”. Bu tamamilə səhv bir söhbətdir. Onda gərək gedib bütün pis vərdişləri sınayaq ki, biz kişiyik? Əlbəttə, yox. Asılılıq yaratmayan və digərlərindən daha zəif hesab olunan isə marixuanadır. El arasında buna nəşə deyilir. Çox zaman deyirlər ki, bu narkotik hesab olunmur və asılılıq yaratmır. Amma bir şeyi unutmaq lazım deyil ki, narkotik asılılığı olan hər kəs ilk olaraq məhz nəşə çəkməkdən başlayıblar. Ona görə də bu kimi sözlərə inanmaq lazım deyil. Çünki bütün bunlar əsassızdır”.

O ki, qaldı bu “tanışlığa” kimlərin vasitəçi olmasına...

Abdulla Şıxlinskinin fikrincə, əslində vasitəçi heç kimdir:

“Narkotikdən istifadə etməyi ağlına qoyan insan, onun satışını həyata keçirənləri özü axtarıb tapır. Bir məsələ də var ki, sırf narkotikin satışı ilə məşğul olan insanlar həm də digər problemli adamları yaxşı tanıya bilirlər. Məsələn, şəhərin müəyyən hissəsində problemli məhəllələr var. Orada valideyn nəzarətindən kənarda qalan xeyli uşaq var. Narkotik alverçiləri də bunu müşahidə edirlər və nəzarətsiz qalan uşaqları, çətinlikləri olan şəxsləri və psixi problemi olanları özlərinə müştəri kimi seçirlər. Əvvəlcə yaxın münasibət qurur, daha sonra isə öz məhsullarını təklif edirlər. Əsas olan odur ki, valideynlər uşaqlara seçim etməyi öyrətsinlər. Onlar öyrənsin ki, insana təklif olunan hər şey yaxşı bir şey deyil. Narkotik də insanı problemlərdən xilas etmir. Əksinə, problemləri artırır, insanı məhv edir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12903
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar