Tıxacda sərf edilən benzin, "qaynadan" motor - MÜTƏXƏSSİS  çıxış yolu göstərir
03 sentyabr 2024 14:13 (UTC +04:00)

Tıxacda sərf edilən benzin, "qaynadan" motor - MÜTƏXƏSSİS çıxış yolu göstərir

Gündəlik olaraq nəqliyyat vasitələrindən istifadə edən hər kəsin ortaq problemlərindən biri də tıxaclardır. Xüsusən pik saatlarda daha çox müşahidə olunan tıxacların yaranmasına bir yox, əslində bir neçə səbəb zəmin yaradır. Qışda ucu-bucağı görünməyən tıxaclarda saatlarla qalan sürücülər yay fəslinin gəlməsini səbirsizliklə gözləyir. Sürücülər yayda paytaxt sakinlərinin istirahətə getdiyini, təhsil müəssisələrinin bağlandığını düşünərək yolların seyrəkləşməsinə ümid bəsləyirlər. Amma təəssüf ki, bu yay paytaxt aparılan təmir-bərpa işləri yolları qışdakından daha iflic hala salıb. Artıq tıxaclar günün pik deyil, bütün saatlarında olur.

Belə halda bir sual yaranır. Bəs, isti havalarda saatlarla tıxacda qalmaq avtomobillərə necə təsir edir? Sürücülər hər hansısa bir problemin yaranmaması üçün nə etməlidir?

Mövzu ilə bağlı Lent.az-a açıqlama verən avtomobil ustası Akif Məmmədov bildirib ki, tıxaclarda diqqət edilməli əsas nüans maşınlar arasında olan məsafədir:

“Tıxacda maşınlar arasında ən az 1.5 -2 metr məsafə olmalıdır. Çünki qarşıdakı maşının “qruşitel”indən çıxan havanı arxadakı maşın götürür və hava isti olduğu üçün onu tam soyuda bilmir. Digər problem mühərrikin qaynatması da bununla bağlıdır. Avtomobilin soyutma qurğusu işə düşəndə qarşıdakı maşının isti havasını götürdüyü üçün soyuda bilmir. Bu da mühərrikin qaynamasına səbəb olur”.

Mütəxəssisin sözlərinə görə, əsas problemlərdən biri də tıxaclarda benzin sərfiyyatıdır:

“Hər kəsin bildiyi kimi avtomobil tıxacda işlək vəziyyətdə olduğu üçün benzin sərf edir. Lakin yeni nəsil – 2013-2014-cü ildən sonra istehsal olunan maşınlarda bu sistem tənzimlənib. Yəni, avtomobil tıxacda gözləyən zaman sürət 0-a düşən kimi mühərrik avtomatik olaraq sönür. Ayağı əyləcdən götürən kimi avtomobil yenidən işə düşür. Bu, həm benzin sərfiyyatı, həm də ekologiya üçün olduqca sərfəlidir”.

Bəs, ziyanın qarşısını necə alaq?

Sualı cavablandıran A.Məmmədov bunun heç bir variantının olmadığını deyib:

“Tıxacların avtomobilə vurduğu ziyanın qarşısını almaq çox çətindir. Avtomobili tıxacdan qorumağın yeganə üsulu alternativ yollardan istifadə etməkdir. Ya da səhər və axşam pik saatlarda yola çıxmamaq. Başqa variantı yoxdur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4098
avatar

Fidan İlqar

Oxşar yazılar