"TikTok"da "Təkərə salıb" 10 min dolları belə aparırlar - REPLİKA
18 yanvar 2023 13:29 (UTC +04:00)

"TikTok"da "Təkərə salıb" 10 min dolları belə aparırlar - REPLİKA

"TikTok" platforması bütün dünyanı, o cümlədən bizim cəmiyyəti “işğal” edib. Artıq xəbər agentlikləri, televiziyalar öz mövqelərini bu sosial platformaya uduzmaqdadır. Etiraf edək ki, bu şəbəkənin hipnotik çəkim gücü var, daxil olunca zamanın necə keçməsindən xəbərsiz olursan. Onu insanlara maraqlı edən əsas səbəb pul qazanmaq imkanıdır. Bildiyimə görə, "TikTok"da qazanılan pulların müəyyən faizi şəbəkənin yaradıcılarının hesabına köçdüyünə görə, onlar öz üzvlərinin geniş reklamında, çoxlu izləyici toplamasında maraqlıdır.

Məsələn, demək olar ki, hamının tanıdığı "TikTok"çu Nia deyib ki, dərzilik edib, 5 ildə qazana bilmədiyini bu sosial şəbəkədə 1 ilə qazanıb. "TikTok" olub rəsmən dolanışıq və qazanc yeri. Bu platformada bütün günü canlı yayım açıb, şəxsi həyatlarını sərgiləyən onlarla tanınmış sima var. Aralarında teleaparıcılar, həkimlər, aktyorlar, müğənnilər, doktorları da görürük. Onlara sadə insanlar da qoşulur, hansılar ki, daha sadə olmaqdan çıxıb yavaş-yavaş özlərini meqastar kimi hiss edirlər. Bizim bəzi rəsmi dövlət qurumları əməkdaşlarına sosial şəbəkələrdən istifadəni qadağan etdiyi üçün həmin işi atıb "TikTok"da “məskunlaşanlar” da var. 

"TikTok"un qazandırması bir yandan pis deyil, (hərçənd havayı pendir tələdə olur, bir müddət sonra biləcəyik bu işin sonunun hara apardığını) amma ki, biz kimə və niyə “şabaş atırıq” xərc çəkirik, bu düşündürən məqamdır.

Televiziyadan uzaqlaşan aparıcı Azər Zahid “TikTok” platformasında “Təkərdə” adlı realiti-şou hazırlayıb, təqdim edib və rekorda imza atıb. “Təkərdə” layihəsi “Maşın” şounun "TikTok" versiyasıdır. Onun açdığı canlı yayımı (canlı yayımda göstərilən oyunu) eyni anda 50 minə yaxın insan izləyib. 2 günə isə şouya 2,2 milyon jeton - təxminən 10 min dollar dəyərində hədiyyə atılıb. "TikTok"da qazanıb, Azər Zahid də, iştirakçılar da. İştirakçıların kimliyinə gəlincə, hamısı elə bu şəbəkədə populyarlaşmış qalmaqallı simalardır - Bayram Nurlu, Ləman, Sevinc...

Dövr dəyişir, yaman dəyişir. Axınla gedənlər qazanıb varlandıqca, onlara milyonlar qazandıranları bəyənməz olurlar. Maraqlı bir təmsil var. Tülkü tələdə quyruğunu itirir. Bilir ki, meşədə hər kəs ona güləcək, başlayır lovğa -lovğa gəzməyə ki, quyruqsuz daha rahatdır, daha gözəldir və bu yeni dəbdir. Ona baxıb bir neçə heyvan da quyruğunu kəsir atır. Sonradan hamısı yanıldıqlarını bilsələr də, özlərini o yerə qoymurlar, daha çox heyvanı yanıldırlar ki, çoxluğun içində itib-batsın quyruqsuzluq ayıbları. İş o yerə çatır ki, quyruğu kəsiklər daha quyruğu olanlara yuxarıdan aşağı baxmağa başlayırlar... 

Bu hekayə sizə günümüzdən nəyisə xatırladır?

Azər Zahidin” Təkərdə” şousuna gəlincə, elə həqiqətən “təkərə” salıb camaatı. Dinəndə hamı Bayram Nurlunu, Ləmanı, canlı yayımda çıxıb norma və dəyərlərimizi tapdaladıqlarına, söyüş söydüklərinə görə tənqid edir. Bəs onda onlara bu 2 milyon jetonu atan, 50 min izləyici kimdir? Həm də təkcə bu verilişdə deyil, hər gün öz səhifələrində canlı yayımlar açıb oyunlar başladarkən pullar səpələyən o heyran kütləsi kimdir? 

Onlar da bizik. Onlar da biziksə, bəs biz kimik? 

# 3639
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar