Sakinlərin NƏZƏRİNƏ : Bu ərazilərdə qaz olmayacaq
23 may 2025 00:45 (UTC +04:00)

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, "Qaz İxrac" İdarəsinə məxsus "Zabrat-Buzovna-Türkan" yüksəktəzyiqli magistral qaz kəmərində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar mayın 23-də, saat 09:00-dan işlər başa çatanadək Sabunçu rayonunun Zabrat və Məhəmmədi qəsəbələrinin bir hissəsinin, Maştağa qəsəbəsinin, Maştağa-Gülçülük, Savalan, Maştağa-Nardaran yaşayış massivlərinin, Daş karxanası və Subtropik sovxozu ərazisinin, Maştağa-Ləhic bağlarının, Kürdəxanı kəndinin və ətraf ərazilərin, həmçinin Xəzər rayonunun Buzovna və Şağan qəsəbələrinin, Albalılıq, Atçılıq və Təmənis yaşayış massivlərinin qaz təchizatında müvəqqəti məhdudiyyət yaranacaq.

Eyni zamanda, "Semzavod" QPS-dən qidalanan əhali kollektorunun girişində baypas xətti üzərində quraşdırılmış nasaz siyirtmənin yenisi ilə əvəz olunması məqsədilə saat 10:00-dan etibarən Qaradağ rayonunun Sahil və Ümid qəsəbələrinin də qaz təchizatında fasilə olacaq.

Bundan başqa sabah saat 10:00-dan etibarən Qəbələ rayonunun bir neçə kəndinin təbii qazla təchizatında fasilə yaranacaq.

Bildirilib ki, Zaqatala Regional Qaz İstismarı İdarəsinin Qəbələ xidmət sahəsi rayonun Böyük Əmili kəndində d-159 mm-lik ortatəzyiqli yerüstü qaz xəttində aşkarlanmış qaz sızmasının aradan qaldırılması ilə əlaqədar təmir işləri aparacaq.

Təmir işləri başa çatanadək Böyük Əmili, Kiçik Əmili, Zalam, Mamaylı, Ovculu, Bayramkoxa, Hacallı, Şamılı, Çuxur Qəbələ, Dizaxlı, Çarxana, Şəfili, Qaradeyin, Kürd, Savalan və Soltannuxa kəndlərində, ümumilikdə, 2 919 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qaz təchizatı təmir işləri başa çatdıqdan dərhal sonra bərpa ediləcək.

Həmçinin Neftçala rayonunun bir hissəsində qaz təchizatında fasilələr yaranacaq.

İB-dən bildirilib ki, Neftçala rayonu Xolqarabucaq kəndində vətəndaşın müraciətinə əsasən d-108 mm-lik yerüstü qaz kəməri üzərində darvaza keçidinin quraşdırılması ilə əlaqədar, 23.05.2025-ci il saat 15:00-dan etibarən işlər başa çatanadək yaşayış məntəqəsində (448 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 294

Oxşar yazılar