Rəqsanənin qızı Aysunun  boşanmasının dərdinə düşənlər və ya qapı açıq qalarsa...
24 yanvar 2025 13:15 (UTC +04:00)

Rəqsanənin qızı Aysunun boşanmasının dərdinə düşənlər və ya qapı açıq qalarsa...

““Anası gəzən ağacı, balası budaq-budaq gəzər" deyiblər atalar. Bəxtinə yaxşı "həci" çıxmır yəqin. Nə deyim? Axarıncı olsun”.

Bu sözlər Lent.az-ın sosial şəbəkədə paylaşdığı “Aysun İsmayılova tanınmış vəkildən boşanır” maqazin xəbərinə gələn yüzlərlə rəydən biridir. Bunu fikrini bildirməyi özünə borc bilən bir azərbaycanlı kişisi doğma dilimizdə yazıb. Əvvəlcə ona səhifəmizi izlədiyi üçün təşəkkürümü bildirmək istəyirəm. Hətta bu qədər “açıqsözlü” olduğuna görə də minnətdaram ki, növbəti dəfə diqqətimizi bu prosesə yönəldə bildi. Onu da deyim ki, həmin eloğlumuz tək deyil, ondan daha vulqar, hətta söyüş ifadələrindən istifadə edən izləyicilərimiz var. Özü də qız bir kənarda qalıb, sosial şəbəkə nümayəndələri onun anasını hədəfə alıb. Müğənni Rəqsanə İsmayılova barəsində demədikləri qalmadı. Arada səhifəmizin admininə də qəzəb püskürürlər ki, bu nədir paylaşırsınız? Yaxşı, tutaq ki, bizim admin sizin ifadənizlə desək düz eləməyib. Bəs siz niyə bu xəbəri sonuncu cümləsinə kimi oxuyub, oradan sitat belə gətirirsiniz?

Əziz oxucular, eyni gün müğənni Aysunla bağlı paylaşımdan həmən sonra Lent.az-ın sosial şəbəkələrində meymunçiçəyinə ilk yoluxmanı aşkar edən həkimlə müsahibə verildi. Rəqsanənin qızının boşanmasının əslində sizə heç bir adiyyatı olmasa da bu mövzunun bir başa həyatınıza dəxili var. Niyyətimiz təhlükəli, sizləri ölümə apara biləcək ehtimalı olan bir qorxulu virusdan necə qorunmaq barədə cəmiyyəti maarifləndirmək idi. Sağolsun dermatoloq, uzman həkim Mehdi İskəndərli də çox sadə dillə danışır. Yəni onun söylədiklərini tibb elmindən ömründə xəbəri olmayan vətəndaş belə anlamağa çətinlik çəkməz. Həm də bizim cəmiyyət olaraq bu həkimə bir şükran borcumuz var ki, o cəsarət göstərərək bu virusun rəsmi formada Azərbaycanda qeydə alınmasına nail olub. İndi baxıram bu paylaşıma gələn rəylərə. Bəyaq Aysunu, Rəqsanəni və Lent.az kollektivini də onların gözünə qatıb söyən izləyicilər heç yoxdur. Burda tamam başqalarıdır. Əgər eyni səhifəni izləyirsinizsə, necə olur ki, Aysunu görürsünüz, amma uzman həkimi yox? İndi kimin zövqü qınanılmalıdır?

Məsələ Aysuna gəldikdə isə, insan öz həyatını necə istəyirsə, ona necə rahatdırsa elə də yaşayır. Siz bu qədər kəskin reaksiyalar verməklə, nə demək istəyirsiniz? Burasını anlamadım? Boşandığı üçün üzülürsünüz, yoxsa sevinirsiniz? Görünən odur ki, yalnız söyməklə, əslində nələrin baş verdiyi heç sizə əhəmiyyətli və maraqlı da deyil. Bəs niyə bu xəbəri elliklə gəlib axıracan oxuyursunuz? Adi riyazi hesablarla məsələyə baxanda, səhifənin admini görür ki, Aysunun boşanması mövzusuna onun çıxış etdiyi auditoriyada diqqət, maraq daha çoxdur. Savadlı bir həkimin müsahibəsinə reaksiyalar bundan 3 qat aşağı olanda sizcə o gələn dəfə seçim olsa hansı mövzuya üstünlük verəcək? Niyə hesab edirsiniz ki, bütün biznes sahələrində olduğu kimi, burada da tələb və təklif kimi maraqlar kənarda qalmalıdır?

İndi gələk insan marağı deyilən, hətta özündən belə asılı olmadan bu istəyin cazibəsindən çıxa bilməmək məsələsinə. Bu sadə proses deyil. İnsanın başqasını həyatına gözünü yumub keçə bilmək qədər içində böyüməsi üçün xeyli zəhmət tələb olunur. Təsəvvür edin ki, bir insan yolla gedir, saysız-hesabsız bağlı qapıların önündən öz beynindəki fikirləri, problemləri ilə sakitcə ötür. Nə bağlı qapılar, nə də onun arxasındakı talelər onun diqqətini çəkmir. Niyə? O qapını bağlayan artıq “get işinlə məşğul ol” mesajını ona ötürüb. Lakin həmin şəxsin yolunun üstündə hansısa qapı azacıq aralıdırsa, mütləq diqqətini çəkir. Hətta görə bildiyi qədər boylanıb baxır. Bəlkə də 1 an öncə kredit borcunun, uşağa alınacaq ayaqqabı, çantanın dərdində idi. İndi necə oldu ki, bütün dərdini-sərini unudub ora boylanır? Həmin qapını aralı qoyub gedəndə sizcə günah varmı? Yəni kiminsə sənin özəlinə, evinə, həyətinə boylanmasına şəraiti yaratmısan. İndi kimisə çıxıb qınaya bilməzsən ki, nəyə boylanırsan? Axı biz Amsterdamda yaşamırıq ki, nəinki hasara, bağlı qapıya heç pəncərələrdə pərdəyə də ehtiyac olmasın. Orda bütün evlər cəmiyyətə açıq olduğundan insanların heç diqqətini də çəkmir. Hamının evinə bir-bir boylansan səndə boyun qalmaz ki... Biz də isə vəziyyət fərqli olduğundan gərək ortalığa çıxmaq istəmədiyin məsələni yaxşı saxlayasan. Necə ki, evindən çıxan zibil torbasını bərk-bərk bağlayırsan ki, qoxusu ətrafa yayılmasın. İnsanlar kiməsə özü, evi, ailəsi barədə “qeybət mövzusu” verməkdən əlahiddə qorxur. Bəlkə də bizdə ona görə hətta qalın pərdələrin altından belə, pəncərəyə ondan da qalın ağ bez vurulur. Üstünə qapı bağlanır, həmin qapının görünməyəcəyi hündürlükdə həyətə hasar çəkilir, darvazalar qurulur. Təsəvvür edin ki, insanlarımız ətrafdan bu qədər çəkinir. Heç divarını rənginin də görünməsini istəmir. İndi bu məsələdə günah çəkinən, mühafizəkar ev sahibindədir və ya həmişə nədənsə bütün günahları üzərinə atdığımız ətrafdadır? Bunun cavabını vermək asan deyil.

Rəqsanəni də, onun qızı Aysunu da, media orqanlarını da rahat buraxın. İnanın ki, bunun ən çox sizin özünüzə faydası var. İstəmirsinizsə heç göz ucu da baxmayın, şərh verməyin o mövzulara. Onun yerinə gedib daha faydalı yazıların yayılmasına, insanlara çatmasına, bəyənmədiyiniz o ətrafın maariflənməsinə köməklik edin. Yoxsa bizim səhifələrin admini olan gənc əməkdaşımızı seçim qarşısında qoyursunuz. Onun da sizin kimi, öz maraqları var axı...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4833
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar