"Reanimasiyalarda "Delta" ya yoluxan körpələr var" - Pediatr-infeksionistdən SOS
16 avqust 2021 12:31 (UTC +04:00)

"Reanimasiyalarda "Delta"ya yoluxan körpələr var" - Pediatr-infeksionistdən SOS

“Koronavirusla bağlı insanlar arxayınlaşmamalıdır, çünki hazırda daha yoluxdurucu olan “Delta” ştammı yayılır”.

Bu sözləri Lent.az-ın suallarını cavablayan 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının pediatr-infeksionisti Aytən Ziyadova deyib.

O bildirib ki, insanların rahat olması yoluxma sayının günbəgün artmasına, kütləviləşməsinə səbəb olur:

“Sözügedən ştammın yoluxduruculuq qabiliyyətinin çox olması uşaqların da daha çox yoluxması ilə nəticələnir. Pasiyentlərim arasında koronavirusa yoluxan uşaqların yaş aralıqları müxtəlifdir. Onlar arasında 14 günlük, 1, 2 aylıq körpələr də var. 

Hazırda riskli qrupa daxil olanlar 1 yaşdan aşağılardır. Körpələrin hamısında ağırlaşma halları olmasa da, onlar arasında reanimasiyada olanlar da var. Reanimasiyada olanların çoxu isə 1 yaş altında olanlardır. Buna görə də çox diqqətli olmalıyıq”. 

A.Ziyadova qeyd edib ki, uşaqlarda 3 yaşadək immun sistemi formalaşdığı üçün müxtəlif növ viruslara yoluxma halları daha çox olur:

“Viruslar həmişə olub və olacaq da. Koronavirus isə digər viruslara oxşar əlamətlərlə görülür. Bunu ayırd etmək üçün isə uşağın kimlərlə əlaqədə olması, evdə ondan başqa kiminsə hərarətinin olub-olmaması, koronavirus xəstəsi ilə əlaqədə olması və s. nəzərə alınmalıdır. Ümumilikdə, sözügedən vəziyyətdə həkim baxışının olması tövsiyə edilir”.

Pediatr-infeksionist son olaraq valideynlərə müraciət də edib:

“Koronavirusdan qorunmaq üçün gigiyenik qaydalara əməl edilməli, sosial məsafə saxlanılmalıdır. Bunlardan ən başlıcası isə valideynlərin də peyvəndləməyə qoşulmasıdır. Valideynlər peyvənd elətdirərək həm də övladlarını yayılmaqda olan “Delta” ştammından qorumuş olacaqlar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6084
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar