Qulağı kəsib sonra saymaq xəstəliyi - REPLİKA
20 iyun 2022 17:28 (UTC +04:00)

Qulağı kəsib sonra saymaq xəstəliyi - REPLİKA

Məşhur “O olmasın, bu olsun” filmindəki bir kadrı xatırlayırsınız? Qızın iki adaxlısı olduğunu biləndən sonra hər kəs Məşədi İbada bir şəkildə öz xidmətini təklif edir.  Qoçu “pul ver öldürüm”, jurnalist “3 manat ver, onu öz qəzetimdə biabır edim” deyir. Zaman dəyişsə də, hadisələrə baxışımız dəyişməyib. Bəziləri 3  manat müqabilində olmasa da,  30-40 (Hərənin öz qiyməti var, böyük adamlara görə də böyük məbləğlər müqabilində) manata istənilən adam haqqında istənilən hədyanı yaya bilər.

Elə bir dövrdəyik ki, bir günün içində populyarlaşa bilərsən, bircə günün içində də illərlə qazanmış olduğun əməyin heçə gedər, hörmətdən düşərsən. Yetər ki, kimsə səni öz baxış bucağı ilə sosial şəbəkələrdə “dilinə dolasın, saqqız eləsin”.

Bu gün xəbər saytları bir müəllimi tələbələrdən pul almaq üçün onları imtahandan kütləvi şəkildə kəsməkdə ittiham elədi. Nə təhər ittiham elədisə, işlədiyi ali məktəb də təcili hökm oxudu, müəlliməni işdən qovdu.

Söhbət Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi, kafedra müdiri Sədaqət Əhmədovadan gedir. Bir neçə gün əvvəl BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbələri sosial şəbəkələrdə xəbər yayıb, bildiriblər ki, kafedra müəllimi Sədaqət Əhmədova pul almaq üçün onları kütləvi şəkildə imtahandan kəsib.

Tələbələr müəllimin səs yazısını yayıb və iddia ediblər ki, imtahandan kəsilən zaman üç-beş min manat arası pul ödəsələr, məsələ həllini tapar.

Məsələ həllini təcili şəkildə tapdı, o boyda BDU-da bir rüşvətxor var imiş, o da dərhal cəzalanıb. Tək BDU-da yox e, elə ölkədə bircə dənə rüşvətxor o imiş. Karvanı malıyla, sarbanı şalıyla yeyənlər qalıb kənarda. Müəllimi müdafiə etmək fikrində deyiləm. Ola bilər iddialar həqiqətdir, ola bilər tam əksinə yalandır, müəllimə bir qrup gəncin fəsad fikirlərinə qurban gedib. Universitet təcili öz adını, imicini qorumaq üçün müəllimi işdən kənarlaşdırıb. Ciddi araşdırma aparıldımı, günahı sübuta yetirildimi? Belə çıxır  ki, kim kimi  istəsə, asanca qaralaya bilər yetər ki, sosial şəbəkələrdə həmin şəxsə  tərəf kütləvi hücum təşkil edilsin. Daha “trol bəsləməyə” ehtiyac yoxdur, sosial şəbəkələrin hər bir iştirakçısı istəmədən özü trol ordusunun üzvünə çevrilə bilər. 

Məşhur lətifəni hamı bilir yəqin. Dovşan qaçır, çünki ona deyiblər  kimin 3 qulağı varsa kəsəcəklər. O da qaçır. Çünki  qulağı kəsib sonra sayırlar. Deyəsən o dovşan bizim cəmiyyətimizin içində yaşayırmış, ona görə dabanına tüpürüb qaçırdı. Bir müəlliməni haqlı-haqsız ittiham edib, işindən uzaqlaşdıranda onun çörəyinə bais olduğumuzu, adının qaralandığını, ailəsinin yaxınlarının nə hisslər keçirdiyini heç düşünmürük. Asırıq, kəsirik, baltalayırıq, içimizdəki bütün qəzəbi seçilmiş qurbandan çıxarıb keçirik, növbəti qurban axtarışına.  İctimai qınaq dediyimiz o məsələ bu gün cəmiyyətdə tüğyan edir, heyf ki, xoş olmayan tərzdə. Hamımız böyük bir tamaşanın həm oyunçusu, həm tənqidçisi, həm izləyicisinə çevrilmişik. Kimsə  sığortalanmayıb ki, səhər gilyotin altına onun başını qoymayacaqlar. Daşı ən birinci günahı olmayan atsın.

# 3996
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar