"O ətri ömrümün sonunadək saxlayacam"  -Şuşanın anası Lent.az-a DANIŞDI
01 fevral 2021 14:56 (UTC +04:00)

"O ətri ömrümün sonunadək saxlayacam" -Şuşanın anası Lent.az-a DANIŞDI

“İndi ondan geriyə üç övladı qaldı. 4 yaşlı oğlu, üç yaşlı qızı və Şuşası...”

Zakir bəy deyir bu sözləri. Vətən müharibəsində şəhid olan kapitan Elçin Ağayevin atasıdır Zakir dayı... Bu günlərdə onun kədəri sevincinə qarışıb. Üçüncü nəvəsini, Şuşası dünyaya gəlib. Bəli, Şuşası... Elçinin üçüncü övladına Şuşa adı veriblər. Əlbəttə, bunun maraqlı səbəbi də var. Şəhid atası Zakir bəy deyir ki, Elçin bu günləri görməsə də, ruhu şaddır:

“Elçin Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etməyi arzulayırdı. Elə istəyirdi ki, bu şəhəri görsün. Buna görə də onun yeni doğulan övladına Şuşa adı verdik. Çox yaxın dostum bizdə idi. Əslinə qalsa, bu fikri o təklif etdi. Biz də razılaşdıq”.

Üçüncü övladını, qızı Şuşanı qucağına alan Cəmalə xanım deyir ki, Elçin bu günü səbirsizliklə gözləyirdi:

“Elə ki, eşitdi qızımız olacaq sevinci yerə-göyə sığmadı. Onun üçün fərqi yox idi qız olacaq, yoxsa oğlan. Əsas sağlam olsun deyirdi. O qədər çox sevirdi ki, uşaqları. Onları görəndə bizim hamımızı unudurdu. Kaş ki, Şuşanı da qucağına ala biləydi. Amma qismət olmadı. Yanvarın 22-si dünyaya gəldi qızımız. Hələ heç nədən xəbəri yoxdur. Nə qəhrəman atasından, nə də atasızlığından...”

Cəlilabad rayonunun Günəşli kəndində anadan olan Elçin Ağayev Heydər Əliyev adına Ali Hərbi Məktəbi başa vuraraq,  öz xahişi ilə xidməti vəzifəsini cəbhə bölgəsində davam etdirib və 4 il bölük komandiri işləyib. Cəmalə xanım deyir ki, müharibənin ilk günündən döyüşdə olan Elçin, sonuncu dəfə evinə elə müharibədən bir gün öncə, 26 sentyabrda gəlir:

“Sentyabrın 26-sı mənim ad günümə gəldi. Elə üzünü sonuncu dəfə onda gördüm. Mənə ətir almışdı. Onu ömrümün sonuna qədər saxlayacam...”

23 yaşı var Cəmalənin. Həyatının ən gözəl çağını yaşamalı olan gənc ananın səsində bir yorğunluq, kədər var. İndi onu qarşıda uzun yol gözləyir. Bu yolu övladları ilə birlikdə, Elçinsiz getməli olacaq. Tanışlıqlarından danışanda səsi əsdi. Özünü saxlaya bilməyib hıçqırdı. Zakir dayı özü tanış edib onları:

“Dedim ki, bala, bax kəndin qızıdır. Ağıllı, tərbiyəli, gözəl-göyçək. Gəl alaq onu sənə. O da razılaşdı. Cəmalə də mənə gəlin yox, qız oldu”.

Evə sonuncu zəngi isə oktyabrın 5-də edir.

“Mənimlə elə danışdı ki, sanki müharibədə deyil. “Narahat olmayın, hər şey qaydasındadır” deyib zarafatlar da etdi. Səhəri gün nə qədər nömrəsini yığdımsa, zəng çatmadı. Elə narahat idim ki... Sən demə balam şəhid olub...”

Elçin ötən il oktyabrın 6-da Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub. Göstərdiyi qəhrəmanlıqlara görə ölümündən sonra “Vətən uğrunda”, "İgidliyə görə", “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

Zakir dayı özü də üç övlad atasıdır. Övladlarını gözü kimi qoruduğunu deyən şəhid atası bildirir ki, daha ona əmanət olunan üç bala da var:

“Mənim 10 il övladım olmayıb. Sonra üç uşağım oldu. İki oğul, bir qız. Elçin ikinci idi. Başqa uşaq idi. Fərqli övlad idi. Bircə dəfə üzümə ağ olmadı. Allah onu aldı məndən. İndi ondan geriyə üç övladı qaldı. 4 yaşlı oğlu, üç yaşlı qızı və Şuşası...”

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14370
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar