Xəbər verdiyimiz kimi, Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamlarla bir neçə rayona yeni icra başçıları təyin olundu.
Prezident ötən gün yeni təyin etdiyi səlahiyyətli nümayəndə və icra başçılarını qəbul edərək onlara mühüm tapşırıq və tövsiyələrini verdi.
Ölkə başçısı icra başçıları ilə görüşdə mühüm açıqlamalar səsləndirdi və bir çox qaranlıq məqamlara da aydınlıq gətirdi.
Prezident qeyd etdi ki, yerlərdə bir çox qanunsuz əməllər harınlamış, acgöz, mərkəzdə oturan məmurların göstərişləri ilə olub:
"Vaxtilə bizim bölgələrimizdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi də məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və tapşırıqları idi. Artıq o məmurlardan, necə deyərlər, əsər-əlamət qalmayıb. Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb. Ona görə mən tam əminəm ki, bundan sonra mərkəzdən sizə hansısa bir qanunsuz tapşırıq verilməyəcək. Vaxtilə belə hallar olub və bu qanunsuz tapşırıqları verən, qanunsuz varlanmanı özləri üçün əsas məqsəd hesab edən məmurlar bu gün məhkəmə qarşısında cavab verirlər. Bir çox hallarda torpaqlardan səmərəsiz istifadə edilməsi halları olub, torpaqlar zəbt edilib, torpaqların kateqoriyaları dəyişdirilib. Əkin-biçin üçün yararlı olan torpaqlarda bəzi məmurlar özləri üçün imarətlər inşa ediblər və əlbəttə ki, bütün bunlar qanunsuz hərəkətlərdir.
Ancaq mən onu da bilirəm ki, yerlərdəki bəzi məmurlar məcbur olub o qanunsuz hərəkətləri icra ediblər. Onların, əlbəttə ki, üzərinə düşən məsuliyyət tamamilə başqa yanaşmanı tələb edirdi. Ancaq, eyni zamanda, o da həqiqətdir ki, bəzi hallarda bax, bu qanunsuz əməllərin təməlində harınlamış, acgöz, gözü doymayan mərkəzdə oturan məmurların göstərişləri olub. Amma yenə də deyirəm, sağlamlaşdırma və təmizləmə siyasəti nəticəsində artıq əminəm ki, sizə heç kim qanunsuz tapşırıq verməyəcək. Əgər kimsə bu tapşırığı verərsə, onda dərhal mənə məlumat verin və o adamlar haqqında ciddi ölçülər götürüləcək”.
Prezident mərkəzdə oturan harınlamış, acgöz, gözü doymayan məmurlar deyəndə kimi nəzərdə tuturdu?
Ölkə başçısının bu mesajına diqqət etsək söhbətin əslində kimdən getdiyini bilmək o qədər də çətin deyil. Təbii ki, bu məmur Ramiz Mehdiyev olub. Çünki o, Prezident Administrasiyasının rəhbəri olduğu zaman birbaşa icra başçıları ilə işləyib. İcra başçıları da bütün qanunsuz tapşırıqları Ramiz Mehdiyevdən alıblar. Bu danılmaz faktdır.
Prezident mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində bu cür məmurlardan artıq əsər-əlamət qalmadığını dilə gətirir və deyir ki: "Bundan sonra mərkəzdən sizə hansısa bir qanunsuz tapşırıq verilməyəcək".
Prezidentin bu qətiyyətli tapşırığı nəyinki yeni icra başçılarına, köhnələrinə də, hətta digər məmurlara da nümunə olmalıdır.
Ölkə başçısının məmurlardan tələbi budur:
"Mən hər dəfə bölgələrə rəhbər vəzifələrə şəxsləri təyin edəndə verdiyim tapşırıqlar onlar üçün əsas iş prinsipləri olmalıdır - ilk növbədə, xalqa xidmət etmək, xalqla bir yerdə olmaq. Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır. Həyatda, məişətdə özü, onun yaxın qohumları özlərini elə aparmalıdırlar ki, bizim ümumi işimizə heç bir irad tutulmasın. Əfsuslar olsun ki, bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər, ifrat dərəcədə təkəbbürlülük göstərirlər, özlərini hamıdan üstün tutmağa çalışırlar və beləliklə, həm öz nüfuzlarını itirirlər, eyni zamanda, dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuş olurlar. Bununla bərabər, bəzi hallarda korrupsiyaya, rüşvətxorluğa düçar olurlar. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur və belə hallar əfsuslar olsun ki, bu gün də var. Ancaq o da cəmiyyət üçün tam aydındır ki, heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq. Ona görə sizdən tələbim, eyni zamanda, xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmək, rəhbərlik edəcəyiniz bölgələrdə öz işinizlə mənim seçimimin düzgün olduğunu sübut etməkdir. Əks təqdirdə, əlbəttə ki, lazımi ölçülər götürüləcəkdir”.