Mütəxəssislərin sözlərinə görə, sarımsağı yeməyə əlavə etməzdən və ya xam şəkildə qəbul etməzdən öncə onu əzmək və 10 dəqiqə gözləmək lazımdır.
Lent.az xəbər verir ki, məhz bu müddət ərzində sarımsağın əsas aktiv maddəsi olan alisinin əmələ gəlməsi baş verir.
Bu maddə ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır, immuniteti gücləndirir və orqanizmi infeksiyalardan qoruyur.
Sarımsağın hüceyrələri zədələndikdə, onun tərkibindəki alina adlı maddə ferment alinaza ilə reaksiyaya girir və nəticədə alisin yaranır. Məhz bu birləşmə sarımsağa onun özünəməxsus dad və qoxusunu verir, eyni zamanda antibakterial, antiviral və antiparazitar xüsusiyyətlərinə görə məsuliyyət daşıyır.
Əgər sarımsağı əzdikdən dərhal sonra bişirməyə başlasanız, bu kimyəvi proses dayanır və alisinin böyük hissəsi məhv olur. Buna görə də sarımsağı xırdaladıqdan sonra azı 10 dəqiqə gözləmək tövsiyə olunur. Bu zaman ərzində alisin maksimum səviyyədə formalaşır.
Bu sadə qaydaya əməl etməklə, sarımsağın orqanizm üçün faydasını dəfələrlə artıra, onun immunitet gücləndirici və ürək qoruyucu təsirindən tam şəkildə yararlana bilərsiniz.