Bakıda bəzi tarixi abidələri siyahıdan çıxarıb söküblər - Rəsmi AÇIQLAMA
13 noyabr 2025 13:16 (UTC +04:00)

Bakıda bəzi tarixi abidələri siyahıdan çıxarıb söküblər - Rəsmi AÇIQLAMA

0

“Vaxtilə Bayır şəhərdə bir neçə abidə səbəbsiz yerə siyahıdan çıxarılıb. Bəziləri əvvəlcədən sökülüb. İndi sökülməyənləri siyahıya qaytarmağa çalışırıq”.

Lent.az xəbər verir ki, bunları APA-ya müsahibəsində Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva deyib.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva

Rəis eyni zamanda qeyd edib ki, bu ərazidəki rəsmi siyahıda olan 73 abidədən əlavə, Ekspert Şurasının qərarı ilə AMEA-dan müsbət rəy almış 33 bina var:

“Bu 106 binanın heç birinə toxunulmayacaq. Hazırda burada yerləşən digər 20-dən çox tikilinin də siyahıya salınması müzakirə edilir”.

Jurnalistin “Bayır şəhərdəki mühit də tarixi əhəmiyyət daşıyır, söküntü işləri zamanı 2-3 küçəni olduğu kimi qoruyub saxlamaq mümkündürmü” sualına Səbinə xanım belə cavab verib:

“Binanın tarixi-memarlıq dəyəri qorunubsa, o saxlanılmalıdır. Təəssüflər olsun ki, 19-20-ci əsrin əvvəllərində tikilən binalar uzun illər dayanıqlığına ciddi təsir göstərən amillərlə üzləşib. Məsələn, inqilabdan sonrakı müsadirələr nəticəsində Bakının sözügedən dövrünə aid möhtəşəm və adi sıravi binalar, saray, malikanələr bir neçə ailənin arasında bölünəndə artıq binaların ilkin görkəminə və strukturuna ciddi ziyan vurulub. İndi isə belə binaların əksəriyyəti qəzalı vəziyyətdə olduğundan onların bərpası kifayət qədər çətin bir məsələyə çevrilib. Burada ayrı-ayrı evlər yox, ümumiyyətlə struktur da qorunmalıdır. Çünki Bakının o dövrdə salındığı şəhərsalma üslublarını əks etdirən şəhərsalma strukturudur. Bu da saxlanılmalıdır. Burada bəzi maraqlı küçələr var. Belə küçələrdə abidələrlə yanaşı abidə statusu daşımayan bəzi binalar da şəhərsalma strukturu saxlamaq məqsədilə qorunmalıdır və ya tarixi struktura uyğun olan binalarla əvəzlənməlidir. Burada yerləşən abidələrinin qorunub saxlanılması ilə yanaşı həmin ərazidə gələcəkdə nə olması məsələsi də çox mühüm rol oynayır. Yeni layihədə binaların miqyas məsələsi, hündürmərtəbəli binaların olmaması, yerli ənənəvi üslubda tikilməsi kimi məsələlər nəzərə alınmalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 422

Oxşar yazılar