Lent.az-ın qəhrəmanı 82 ildən sonra  evinə getdi
20 may 2022 12:15 (UTC +04:00)

Lent.az-ın qəhrəmanı 82 ildən sonra evinə getdi

Şuşanın məşhur Zöhrabbəyovlar nəslindən olan Azərbaycan radiosunun ilk qadın redaktoru Məryəm Zörabbəyova 82 ildən sonra Şuşadakı evində olub. Xanım Zöhrabbəyovanın film kimi həyatı barədə mediada ilk dəfə Lent.az yazmışdı.
1940-cı ildə Zöhrabbəyovların Şuşadakı evləri müsadirə olunandan sonra ailə Bakıya köçməyə məcbur olmuşdu. Onların evi isə Uşaq Rəsm Qalereyasına çevrilmişdi.

Şuşa işğal olunanadək ailənin üzvləri tez-tez doğma şəhərlərinə getsələr də, təbii ki evlərinə uzaqdan-uzağa baxmağa məcbur olmuşdu. Dediyimiz kimi, sovet hakimiyyəti həmin evi müsadirə etdiyinə görə.
Bəs Məryəm xanım özü niyə bu illər ərzində Şuşaya getməmişdi?  
Həmin vaxt Məryəm xanımın Lent.az-a dediklərindən:

“Evimizin əlimizdən alındığı, Şuşadan çıxdığımız gün, hamısı yadımdadı. Həmin gün heç bir xəbərdar edilmədən az qala bir ordunu tökdülər qapımıza. İndiki kimi yadımdadı. Anam samovar qaynatmışdı. Qaynar samovarı belə təpiklə vurub aşırdılar. Evi əməllicə yağmalayırdılar. Əynimizdəki paltardan başqa hər şey əlimizdən aldılar. O vəziyyətdə Şuşada qala bilməzdik. Evinin tar-mar edilməsi atama pis təsir etmişdi. Qüruruna sığışdıra bilmirdi. Cəmi on il yaşadı ondan sonra, 50-ci ildə vəfat etdi.
Getmədim, düz 52 il, Şuşa işğal olunanadək getmədim. 
Anama görə. Siz bəlkə də məni başa düşməzsiniz, o hisləri yaşamamısınız. Hə, məhz anama görə. Mənim, 10 yaşlı bir qızcığazın gözünün önündən getmir o səhnə. Biz anamızı o vəziyyətdə görməmişdik. Biz oradan gözüyaşlı çıxmışdıq. Anamın gözünün yaşı qurumadı illərlə. Şuşaya gedənlər evimizdən xəbər gətirərdi. Anam ağlayardı. Özü ora bəy xanımı kimi gedə bilərdi ancaq. Öz evinə gedərdi. Hansısa rəsm qalereyasına getməzdi. Biz anamızın xanımlığını görmüşdük, biz o cür dolanışıq, qayğı görmüşdük. Biz, bacım Nuriyyə ilə mən söz verdik ki, o evə getməyəcəyik. Çünki o Şuşanın hər yerindən görünür, oğlum”.


Nəhayət, Məryəm xanımın arzusu reallaşdı. 82 ildən sonra öz evinin divarlarını qucaqladı… 

Məryəm xanımın həyatı ilə bağlı yazını buradan oxuya bilərsiniz:

 

# 5304
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar