Hava ilə əlaqədar daha iki qurumdan göstəriş
18 yanvar 2021 16:22 (UTC +04:00)

Hava ilə əlaqədar daha iki qurumdan göstəriş

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında yanvarın 19-u axşamdan başlayaraq 21-i axşamadək hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə yağışın sulu qara və qara keçəcəyi gözlənilir.

Lent.az məlumat verir ki, həmin günlərdə “Azəriqaz” İstehsalat Birliyi və “Azərişıq” açıq səhmdar cəmiyyətləri gücləndirilmiş iş rejimində çalışacaq.

“Azəriqaz” İstehsalat Birliyinin bütün müvafiq strukturlarına baş direktor Ruslan Əliyev tərəfindən artıq lazımi tapşırıqlar verilib. Əsasən təbii qazın təlabata uyğun düzgün rejimlərdə paylanılması diqqətdə saxlanılacaq. Bildiririk ki, qaz təchizatında vacib təmir prosesləri də bu günlərdə təxirə salınıb. Yalnız qəza halları baş verdiyi zaman abonentlərin qazsız qalmaması üçün qısamüddətli dayandırmalar istisna edilmir. Belə halların aradan qaldırılması məqsədilə növbəlilik tətbiq edilməklə Birliyin aidiyyatı strukturlarında müəyyən sayda əməkdaşlar iş başında olacaq. “Azəriqaz” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsinin Qəza təmir bərpa sahəsi, “104 Çağrı” sahəsinin əməkdaşları sutkanın 24 saatı ərzində abonentlərin xidmətində olacaq. Bakı şəhəri və ətraf ərazilərdə baş verəcək qəzalar, qaz sızmaları, qaz sayğacları ilə bağlı nasazlıqlar operativ şəkildə aradan qaldırılacaq.

Abonentlərin nəzərinə çatdırırıq ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 104/185 saylı Çağrı Mərkəzinə məlumat versinlər. Bundan başqa (+99477) 3 104 104 saylı daim aktiv rejimdə çalışan "Whatsapp" nömrəsinə, sosial şəbəkə ünvanlarımıza mesajlarını göndərə bilərlər.

Məsələ ilə əlaqədar “Azərişıq” rəhbərliyinin tapşırığı ilə gücləndirilmiş iş və növbətçilik sistemi də təşkil olunub. Ərazilərə əlavə mal-material və maşın-mexanizmlərin cəlb edilməsi ilə bağlı tapşırıq verilib.

“Azərişıq” rəhbərliyinin göstərişinə əsasən regionlarda da növbətçilik yaradılıb. Müraciətlərin sayının artması ehtimalını nəzərə alaraq 199 saylı Çağrı Mərkəzi də gücləndirilmiş iş rejimində çalışacaq. Qurum istehlakçılara müraciət edərək bildirir ki, qarşılaşdıqları hər hansı problemlə bağlı 24 saat fəaliyyət göstərən 199 saylı Çağrı Mərkəzi ilə əlaqə saxlasınlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2946
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar