Xallara bədənin hər yerində rast gəlinir. Bu kiçik nöqtələr dərinin rəngini təmin edən melaninin yaradılmasına cavabdeh olan xüsusi növ hüceyrələrin artması nəticəsində əmələ gəlir. Xallar bədənin istənilən yerində, istənilən yaş həddində yarana bilər.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, genetik və sonradan yaranan xallar gənclik dönəmində xüsusilə artır. İnsan yaşadığı müddətcə xalların əmələ gəlməsi və yoxa çıxması normal haldır.
Çox vaxt yaş irəlilədikcə insan bədənində ət xallarına sıx rast gəlinir. Ət xalları adətən boyun ətrafında, qoltuq altı və qasıq kimi büküş yerlərində yaranır. Hətta getdikcə çoxala bilər. Əsasən artıq çəkili və 2-ci tip şəkərli diabet xəstələrində daha çox müşahidə olunur. Ət xalları daha çox dəridə sürüşmə, şəkər xəstəliyi, insulin rezistensliyi nəticəsində yarana bilər.
Xanımlar bəzən ət xalından narahat olub, yandırır və ya plastik əməliyyatla aradan qaldırırlar. Mütəxəssislər qeyd edirlər ki, xalları yalnız onkoloq götürə bilər. Əgər xal digər yerlərdə, gözəllik salonu, kosmetoloq və ya dermatoloq vasitəsilə götürülən zaman ciddi səhvə yol verilsə, melanoma sürətlə böyüyüb, metastaz verə bilər.
İstənilən xalı kəsəndən sonra onu histoloji analizə göndərməlidirlər. Əgər histologiya nəticəni təmiz göstərsə bu yaxşı nəticədir. Xal şiş hüceyrəli olsa, müalicəyə ehtiyac olacaq.