Fərdi əmək  mübahisələri necə həll edilir? - CAVAB
15 may 2024 13:37 (UTC +04:00)

Fərdi əmək mübahisələri necə həll edilir? - CAVAB

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu fərdi əmək mübahisələrinin necə həll edilməsi ilə bağlıdır.

Fərdi əmək mübahisələrində tərəflər kimlərdir? İşçi pozulmuş hüquqlarının bərpası üçün hara müraciət etməlidir? Fərdi əmək mübahisələrinə hansı orqanlar baxır?

Lent.az xəbər verir ki, əmək müqaviləsinin, kollektiv müqavilənin və sazişin şərtlərinin, tərəflərin öhdəliklərinin yerinə yetirilməsi, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı fərdi qaydada işəgötürənlə işçi arasında yaranan fikir ayrılığıdır.

Fərdi əmək mübahisələrində tərəflər kimlərdir? 

Fərdi əmək mübahisələrinin bir tərəfi işəgötürən, digər tərəfi isə öz əmək hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulduğunu iddia edən işçi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun müvəkkil etdiyi şəxsdir.

İşçi pozulmuş hüquqlarının bərpası üçün hara müraciət etməlidir?

İşçi pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə, yaxud məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər.

Pozulmuş hüquqlarının bərpası üçün işçi onun müvəkkil etdiyi nümayəndəsi vasitəsi ilə də əmək mübahisəsini həll edən orqana müraciət edə bilər. Bu zaman işçi nümayəndəsinə qanunvericilikdə nəzərdə tutulan qaydada tərtib edilmiş etibarnamə verməlidir.

Fərdi əmək mübahisələrinə hansı orqanlar baxır?

Ümumiyyətlə, fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.

Lakin kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır.

Həmçinin, işçi pozulmuş əmək hüquqlarının bərpası, habelə əmək qanunvericiliyinin pozulmasına görə Dövlət Əmək Müfəttişliyi Xidmətinə də (regional idarələrə) müraciət edə bilər.

İşçi fərdi əmək mübahisəsinin həlli üçün nə vaxt məhkəməyə müraciət edə bilər?

Fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

Qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

Məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır.

Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.
İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

İşəgötürən fərdi əmək mübahisəsinin həlli üçün nə vaxt məhkəməyə müraciət edə bilər?

İşəgötürən işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə aşağıdakı müddətlərdə müraciət edə bilər:

hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində;

ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində.

Qeyd olunan müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

Fərdi əmək mübahisələri üzrə qərarların və qətnamələrin icrası aşağıdakı kimidir:

Fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir.

Məhkəmənin fərdi əmək mübahisəsinin həlli barədə çıxardığı qərar cavabdeh tərəfindən icra edilmədikdə, yaxud icraya müvafiq vəzifəli şəxs və digər fiziki şəxs tərəfindən mane olunduqda bununla əlaqədar işçiyə dəyən maddi ziyanın ödənilməsi barədə və Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət işi başlanması üçün hakim tərəfindən tədbirlər görülməlidir.

Mediasiya prosesinin tətbiqi:

Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” qanun ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

Mediasiya prosesinin tətbiqi ilə əlaqədar, məhkəməyə müraciət üçün nəzərdə tutulmuş müddət, yəni iddia müddəti dayandırılır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3993
avatar

Sevinc Fərid

Oxşar yazılar