Təqvim
05 dekabr 2020 09:11 (UTC +04:00)

Təqvim

Dünyanın bu günü-VİDEO

HAŞIM BƏY SAQİB

(1870-1931)

Azərbaycanlı şair, publisist və xeyriyyəçi Haşım bəy Hacı bəy oğlu Heybətbəyov 5 dekabr 1870-ci ildə Bakının Buzovna kəndində doğulub. İlk dini təhsilini ruhani atasından, sonralar atasının dostu və həmkəndlisi Kərbəlayi Əziz İmaməliyevin öz şəxsi mülkündə təsis etdiyi mədrəsədə alıb. Bir çox qəzəl, həcv, rübai, növhə və mərsiyələrin müəllifidir, əsərlərini "Saqib" təxəllüsü ilə yazıb. Haşım bəy Saqib 1931-ci il dekabrın 5-də vəfat edib və Bibiheybət qəbiristanlığında dəfn olunub.

CƏMİL ƏLİBƏYOV

(1927-2014)

Azərbaycan yazıçısı Cəmil Ədil oğlu Əlibəyov 1927-ci il dekabrın 5-də Füzuli rayonunun Dədəli kəndində anadan olub. İlk təhsilini kəndlərindəki məktəbdə alıb. 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olub, beşinci kursda oxuyanda Tarix fakültəsinə keçib. Bir çox qəzetlərdə ədəbi işçi, şöbə müdiri, məsul katib, baş redaktor, təsisçi-direktor, Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinin sədr müavini, "Azərbaycanfilm" kinostudiyasının direktoru, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktor və direktor, "Kommunist" qəzetində, "Yazıçı" nəşriyyatında, "Novruz", "Vahid" qəzetlərində baş redaktor, "Elm və həyat" nəşriyyatında təsisçi-direktor vəzifələrində çalışıb. Radioda yaratdığı "Bulaq" verilişi qırx ildən artıq efirdə olub. "Sınaq", "Mənim analı dünyam", "Həyatın özü", "Dözümlü məhəbbət", "Qayaların göz yaşı", "Zəmanələr ilə üz-üzə" və başqa əsərlərin müəllifidir. "Qızıl qələm" mükafatına və bir çox orden, medal və fəxri fərmanlara layiq görülüb. Cəmil Əlibəyov 26 oktyabr 2014-cü ildə vəfat edib.

HƏSƏNAĞA SALAYEV

(1921-1983)

Azərbaycanın xalq artisti, aktyor Həsənağa Dərya oğlu Salayev 1921-ci ilin bu günü Bakıda anadan olub. Bakı Teatr Texnikumunda təhsil alıb. Akademik Milli Dram Teatrında çalışıb. Romantik üsluba malik olan aktyor əsasən güclü xarakterli obrazların ifaçısı kimi tanınıb. Müxtəlif illərdə "Xanlar", "Fərhad və Şirin", "Vaqif", "Fətəli xan", "Görüş", "O olmasın, bu olsun", "Onu bağışlamaq olarmı?", "Koroğlu", "İstintaq davam edir", "Aygün" və başqa tamaşalarda, bədii və televiziya filmlərində yaddaqalan obrazlar yaradıb. Həsənağa Salayev 2 oktyabr 1983-cü ildə Bakıda dünyasını dəyişib.

ŞAMİL MAHMUDBƏYOV

(1924-1997)

Azərbaycanın əməkdar incəsənət xadimi, kinorejissor Şamil Fəraməz oğlu Mahmudbəyov 5 dekabr 1924-cü ildə Naxçıvanda anadan olub. 1943-cü ildə orduya çağırılıb və İkinci Dünya müharibəsində iştirak edib. Tərxis edildikdən sonra Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna daxil olub. 1954-cü ildən Bakı Kinostudiyasında rejissor vəzifəsində çalışıb. “Görüş”, “Qara daşlar” filmlərində ikinci rejissor işləyib. İlk kino işi "Əyri yolla qazanc" qısametrajlı filmi olub. Yaradıcılığının davamı olaraq “Romeo mənim qonşumdur” lirik komediyasını, “Qaraca qız” kinonovellasını, müxtəlif janrlara aid “Torpaq. Dəniz. Od. Səma”, “Həyat bizi sınayır”, “Skripkanın sərgüzəşti”, “Dərviş Parisi partladır”, “Od içində”, “Tənha narın nağılı” filmlərini çəkib. 1969-cu ildə çəkilmiş "Şərikli çörək" filminə görə Dövlət Mükafatına layiq görülüb. Eyni zamanda "Yenilməz batalyon" filmində Qaçaq Əlimərdan rolunu, Dağlıq Qarabağ münaqişəsinə həsr edilmiş “Fəryad” bədii filmində isə erməni Samvelin mənfi obrazını böyük ustalıqla ifa edib. Xəstəliyi səbəbindən “Divar” və “İnsan” adlı sonuncu televiziya kinolentlərini tamamlaya bilməyib. Şamil Mahmudbəyov 1997-ci il mayın 20-də Bakıda dünyasını dəyişib.

NADİR ƏBDÜRRƏHMANOV

(1925-2008)

Azərbaycanın xalq rəssamı, professor Nadir Qəmbər oğlu Əbdürrəhmanov 1925-ci il dekabrın 5-də Laçında anadan olub. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, Azərbaycan Dövlət Tibb İnstitutunda, Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil alıb. Azərbaycan Rəssamlıq Məktəbində dərs deyib, burada yaradıcılıq emalatxanasının rəhbəri Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin professoru olub. Azərbaycan Rəssamlar İttifaqı İdarə Heyətinin sədri və Azərbaycan Ali Sovetinin deputatı kimi də səmərəli ictimai fəaliyyət göstərib. "Bakının görünüşü", "Sənaye mənzərəsi", "Yaylaqda", "Dağlarda qürub", "Talış qızı", "Sevimli naxışlar" və başqa əsərlərin müəllifidir. "Şöhrət" ordeninə layiq görülən Nadir Əbdürrəhmanov 2008-ci il iyulun 26-da Bakıda vəfat edib.

İSMAYIL QARAYEV

(1927-1989)

Azərbaycan yazıçısı, şair və publisist İsmayıl Abuzər oğlu Qarayev 1927-ci ilin bu günü də Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində anadan olub. Gəncə Tibb Texnikumunda və Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. Müxtəlif illərdə feldşer, müdir, epidemioloq köməkçisi, müəllim, "Azərbaycan gəncləri" qəzetində ədəbi işçi, "Gənclik" nəşriyyatında redaktor, böyük redaktor və baş redaktor vəzifələrində işləyib. Uzun müddət Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində ssenari müəllifi və aparıcı olub. Yazıçının arxivində 15-ə qədər roman, 40-a qədər povest, 150-yə qədər hekayə, mənzum dastan, əfsanə, rəvayət, oçerk saxlanılır. Bir çox əsərləri tərcümə edib. İsmayıl Qarayev 1989-cu il oktyabrın 9-da vəfat edib. O, şairə-bəstəkar Xanım İsmayılqızının, yazıçı-publisist Vəsimə İsmayılqızının və naşir Qoşqar İsmayıloğlunun atasıdır.

İZZƏT HƏMİDOV

(1930-1990)

20 Yanvar şəhidi İzzət Ataykişi oğlu Həmidov 5 dekabr 1930-cu ildə Oğuz rayonunda anadan olub. Yerquruluşu Layihə İnstitutunda işləyib. 1990-cı il yanvarın 20-də həyat yoldaşı ilə öz avtomobillərində iş yerinə gedən zaman güllələnib. İzzət Həmidov iki gün reanimasiya şöbəsində qaldıqdan sonra yanvarın 22-də dünyasını dəyişib və Şəhidlər Xiyabanında dəfn edilib.

NURƏDDİN SADIQOV

(1935-2009)

General-mayor Nurəddin Sadiq oğlu Sadıqov 1935-ci il dekabrın 5-də Naxçıvan MR Ordubad rayonunun Behrud kəndində anadan olub. Ordubad rayon pedaqoji texnikumunda, Lvov Hərbi Məktəbində və M.V.Frunze adına Hərbi Akademiyada təhsil alıb. Müxtəlif illərdə Zaqafqaziya hərbi dairəsinin 4-cü ümumqoşun ordusunun kəşfiyyat şöbəsinin rəisi, M.V.Frunze adına Hərbi Akademiyada kəşfiyyat kafedrasının baş müəllim, Azərbaycan Müdafiə Nazirliyinin baş müşaviri, Baş Qərargah rəisinin müavini, rəisi, hərbi işlər üzrə Dövlət müşaviri vəzifələrində çalışıb. Onun rəhbərliyi ilə 5 məxfi dərslik və 122 dərs vəsaiti nəşr edilib. Nurəddin Sadıqov 22 dekabr 2009-cu ildə Bakıda vəfat edib.

MƏHƏMMƏD ƏSƏDOV

(1941-1991)

Görkəmli dövlət xadimi, general-mayor Məhəmməd Nəbi oğlu Əsədov 1941-ci ilin bu günü Zəngilan rayonunun Baharlı kəndində anadan olub. Bakı Statistika Texnikumunda, Xalq Təsərrüfatı İnstitutunda, Moskva Təhlükəsizlik Akademiyasında və Azərbaycan Dövlət Universitetində təhsil alıb. Sumqayıt Şəhər Partiya Komitəsinin Sənaye şöbəsində təlimatçı, şöbə müdiri, Ağsu Rayon İcraiyyə Komitəsinin sədri, Azərbaycan SSR Kommunist partiyasının Mərkəzi Komitəsində şöbə müdiri və bir çox məsul vəzifələrdə çalışıb. Azərbaycanın daxili işlər naziri, daha sonra dövlət müşaviri vəzifəsində işləyib. Dəfələrlə Qarabağ bölgəsində əsgərlərlə çiyin-çiyinə erməni işğalçılarına qarşı döyüşüb. 1991-ci il noyabrın 20-də Qarakənd səmasında ermənilərin vurduğu vertolyotda Azərbaycanın bir sıra dövlət xadimləri ilə yanaşı, Məhəmməd Əsədov da faciəli şəkildə həlak olub və Fəxri Xiyabanda dəfn edilib.

İSBƏNDİYAR ZÜLALOV

(1963-1990)

20 Yanvar şəhidi İsbəndiyar Adil oğlu Zülalov 5 dekabr 1963-cü ildə Bakıda anadan olub. Geoloji kəşfiyyat idarəsində fəhlə işləyib. 1990-cı il yanvarın 20-də 1 nömrəli taksi parkının yanında sovet əsgərləri tərəfindən atəşə tutularaq, aldığı yaralardan yerindəcə həlak olub. İsbəndiyar Zülalov Bakının Şəhidlər Xiyabanında dəfn edilib.

SƏXAVƏT MƏHƏRRƏMOV

(1973-1992)

Azərbaycanın Milli Qəhrəmanı Səxavət Ələmdər oğlu Məhərrəmov 1973-cü il dekabrın 5-də Qərbi Azərbaycanın Amasya rayonunun Qaraçanta kəndində anadan olub. 1988-ci ildə ailəsi ilə birlikdə Ermənistandan deportasiya olunub. Əvvəlcə Gürcüstanda, sonra Qaradağ rayonunun Lökbatan qəsəbəsində məskunlaşıb. 1991-ci ildə burada 106 saylı məktəbi bitirib. Milli azadlıq hərəkatının fəallarından biri olub. 1992-ci il iyunun 27-də Ağdərənin Kiçik Qarabəy kəndi uğrunda döyüşlərdə düşmən mühasirəsinə düşüb və qəhrəmancasına həlak olub. Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 6 noyabr 1992-ci il tarixli fərmanı ilə Səxavət Məhərrəmov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

HÜSEYN CAVİD

(1882-1941)

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, yazıçı və dramaturq, milli romantik şeirin və mənzum faciənin banisi Hüseyn Cavidin anım günüdür. Hüseyn Abdulla oğlu Rasizadə 24 oktyabr 1882-ci ildə Naxçıvanda dünyaya gəlib. Naxçıvanda molla məktəbində, Məhəmməd Tağı Sidqinin “Məktəbi-tərbiyə” adlı yeni üsullu məktəbində, Təbrizin “Talibiyyə” mədrəsəsində və İstanbul Universitetinin ədəbiyyat şöbəsində təhsil alıb. Naxçıvan, Gəncə, Tiflis və Bakıda müəllimlik edib. Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan "Ana" pyesi onun dramatik növdə yazdığı ilk əsəridir. "Peyğəmbər", "Topal Teymur", "Səyavuş", "Xəyyam" kimi bir sıra tarixi dramların, poema və şeirlərin müəllifidir. Hüseyn Cavid repressiya dövründə həbs olunaraq 9 iyun 1939-cu ildə 8 il müddətinə azadlıqdan məhrum olunub, 5 dekabr 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində vəfat edib. Böyük şairin nəşinin qalıqları yalnız 1982-ci ilin oktyabrında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə əvvəlcə Bakıya, sonra Naxçıvana gətirilib və orada torpağa tapşırılıb. 1996-cı ildə məzarı üzərində məqbərə inşa edilib, Naxçıvanda ev-muzeyi yaradılıb. O, məşhur xəttat Müşkünaz Cavidin həyat yoldaşı, bəstəkar, rəssam və tədqiqatçı Ərtoğrul Cavidin və əməkdar mədəniyyət işçisi Turan Cavidin atasıdır.

AĞASADIQ GƏRAYBƏYLİ

(1897-1988)

Azərbaycanın xalq artisti, aktyor Ağasadıq Ağaəli oğlu Gəraybəylinin xatirə günüdür. O, 1897-ci il martın 15-də Şamaxıda anadan olub. Atasını erkən yaşda itirib. Bakıya gələrək Əlisəttar kişi və Heyran xanımın ailəsində yaşayıb. Məktəbdə Cəfər Cabbarlı ilə bir sinifdə oxuyub, Hüseyn Ərəblinski və Mirmahmud Kazımovskidən dərs alıb. Hüseyn Ərəblinskinin sayəsində "Nicat", sonra "Səfa" həvəskar teatr dərnəklərinə üzv olub. 1921-ci ildə Cəlil Məmmədquluzadənin "Ölülər" pyesində Kefli İsgəndər rolunu oynayıb. Üzeyir Hacıbəyovun qayğısı sayəsində teatr kursuna yazılıb. 1933-cü ildən ömrünün son gününə qədər Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışıb. 200 müxtəlif rolda səhnəyə çıxıb. Teatrla yanaşı, kinoda da maraqlı obrazlar canlandırıb. "Bəxtiyar" filmində klub müdiri Ağabala, "O olmasın, bu olsun" filmində Rüstəm bəy rolları ona böyük populyarlıq gətirib. Ağasadıq Gəraybəyli 1988-ci ilin dekabrında Bakıda vəfat edib.

XALİDƏ HASİLOVA

(1920-1996)

Yazıçı-dramaturq Xalidə Məmməd qızı Hasilova da bu gün xatırlanır. O, 1920-ci il aprelin 19-da Zaqatalada anadan olub. Orta məktəbi bitirdikdən sonra Leninqrad Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. Müxtəlif illərdə "Azərbaycan qadını" jurnalında ədəbi işçi, "Göyərçin" jurnalının baş redaktoru, uzun illər isə "Azərbaycan qadını" jurnalının baş redaktoru vəzifələrində çalışıb. 20-dən çox kitabı çap edilib. Rus ədəbiyyatından tərcümələri ayrıca kitab şəklində buraxılıb. Xalidə Hasilova 5 dekabr 1996-cı ildə Bakıda dünyasını dəyişib.

İSİ MƏLİKZADƏ

(1934-1995)

Yazıçı İsi Abbas oğlu Məlikzadənin anım günüdür. O, 1 may 1934-cü ildə Ağcabədi rayonunda dünyaya gəlib. Azərbaycan Sənaye İnstitutunun neft-kimya fakültəsində təhsil alıb. Bir müddət neft sahəsində çalışıb, sonra “Ulduz” jurnalında, “Azərnəşr”də, “Azərbaycan” jurnalında və kinostudiyada işləyib. “Həsrətin sonu”, “Kövrək qanadlar”, “Küçələrə su səpmişəm”, “Yaşıl gecə”, “Günəşli payız”, “Dədə Palıd” və başqa əsərlərin müəllifidir. İsi Məlikzadə 1995-ci il dekabrın 5-də Bakıda vəfat edib və öz və­siy­yə­ti­nə uy­ğun ola­raq Ağca­bə­di­də dəfn olun­ub.

HEYDƏR CAMAL

(1947-2016)

Əslən azərbaycanlı politoloq, yazıçı, filosof və şair Heydər Cahid oğlu Camalın xatirə günüdür. O, 6 noyabr 1947-ci ildə Moskva şəhərində anadan olub. Şərq Dilləri İnstitutuna daxil olsa da, bir il sonra siyasi motivlərlə qovulub. Moskvada nonkonformist andeqraund hərəkatının liderlərindən biri olub. Həştərxanda İslam İntibah Partiyasının qurulmasında iştirak edib, partiya sədrinin köməkçisi təyin edilib, eyni ildə "Tövhid" informasiya mərkəzini qurub və "əl-Vəhdət" qəzetini nəşr etdirib. 1993-1996-cı illərdə İslamın problemlərinə həsr edilmiş bir sıra televiziya proqramlarının aparıcısı olub. 35 il ərzində tiranlığın istənilən formasına qarşı mübarizə aparıb. Heydər Camal 5 dekabr 2016-cı ildə Qazaxıstanın Almatı şəhərində vəfat edib və orada da dəfn olunub.

 

Dünyanın bu günü

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1191
avatar

Oxşar yazılar