Doğuş sonrası depressiyadan necə qurtulmaq olar? - Ginekoloq danışdı
19 avqust 2025 10:49 (UTC +04:00)

Doğuş sonrası depressiyadan necə qurtulmaq olar? - Ginekoloq danışdı

Hamiləlikdə və doğuşdan sonra qadınlarda stress, hormonal dəyişikliklər çox görülür. Hətta el arasında “zahı qadının qəbri 40 gün açıq qalır” deyilir.

Bəs bu depressiv hallara, əsəbə, stressə səbəblər nədir? Doğuşdan sonra depressiyanın qarşısını necə almaq olar?

Cərrah-onkoloq-ginekoloq Aysel İbrahimova Lent.az-a açıqlamasında hamiləlik dövründə və doğuşdan sonra qadınlardakı hormonal dəyişikliklərdən, depressiv hallar və onların səbəblərindən danışıb.

Həkim bildirib ki, doğuş sonrası depressiya individualdır:

“Depressiya qadının doğuşu necə keçirdiyindən, ailə vəziyyətindən aslıdır. Doğuşdan sonra qadınlarda həyat tərzi kəskin şəkildə dəyişir. Bu, onlarda həm psixoloji-emosional, həm də fizioloji dəyişiklik yarada bilir. Hamilə qadınların orqanizmində hormonal dəyişiklik yaranır. Doğuşdan sonra da, bu vəziyyət stabilliyini qoruyub, saxlayır. Uşaqla ananın adaptasiya dövrü, ətrafdakı insanların münasibəti, ailə mühiti depressiv halların yaranmasına, yaxud yaranmamasına təsir edir. Bəzi qadınlar, xüsusən gənc və erkən yaşda ailə quranlar doğuşdan sonra körpəyə necə qulluq edəcəm, deyə stressə qapılırlar. Hətta bəziləri uşağı qucağına almağa belə, qorxur.

Doğuşdan sonra orqanizmdəki dəyişiklərə görə ilk növbədə sağlamlığa xüsusi diqqət yetirmək lazımdır. Ehtiyac olarsa, həkimin təyinatı ilə bərpa dövründə müəyyən vitamin-mineral komplekslərindən istifadə etmək olar. Bununla yanaşı, həyat yoldaşları da qadına mənəvi dəstək olmalıdırlar. Unutmaq olmaz ki, ailə müştərəkdir. Bu müddətdə, ümmumiyyətlə, qadına psixoloji gərginlik yaratmaq olmaz. Filan şey niyə hazır deyil, niyə yemək yoxdur, su yoxdur və s. kimi sözlərlə qadının üzərinə getmək olmaz, əks halda o, depressiyaya düşəcək. Hətta bu kimi hallara görə qadınlar körpələrindən də imtina edirlər”.  

Ginekoloq qeyd edib ki, zahı qadının qəbri 40 gün açıq qalır məsəli dini inanclarla bağlıdır:

“İstər Xristian, istər İslam dinində bu məsələ ritual kimi baxmaq olar. Dünyasını dəyişən şəxsi hörmətli şəkildə yola salmaq, ruhunun o müddətdə bizimlə olduğunu bəlli etmək üçün 40 mərasimi keçirilir. Həmçinin 40 gün ərzində insanlar itirdiklərinin hüzününə adaptasiya olurlar. Bu söz həm dini baxımdan, həm də ritual kimi qəbul edilə bilər, amma ümumilikdə məsələnin zahılıqla, elmlə, təbabətlə heç bir əlaqəsi yoxdur. Sadəcə doğuşdan sonra qadın orqanizmi daha həssas olduğuna görə, onlar hər növ infeksiyon xəstəliyə, virusa rahatlıqla tutula bilərlər. Məhz buna görə də 1 ay, 40 gün ərzində qadını ətraf mühitdən təcrid edirlər. Buna qırxbaşı da deyilir.

Doğuşda qadının ölüm təhlükəsi çox olur, çünki doğuş ağır fizioloji prosesdir. Bu zaman qadın ciddi ağrılar çəkir. Bəlkə də, o baxımdan zahı qadının qəbri 40 gün açıq qalır deyirlər. Amma bu iki sözün bir aya gəlməsi, zənnimcə doğru deyil”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 384

Oxşar yazılar