Çimərliklərdə uşaqlar təhlükəli xəstəliyə  yoluxa bilər - MÜSAHİBƏ
30 avqust 2024 15:26 (UTC +04:00)

Çimərliklərdə uşaqlar təhlükəli xəstəliyə yoluxa bilər - MÜSAHİBƏ

Lent.az Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm və Tənəffüs Orqanlarının Xəstəlikləri Sanatoriyasının həkimi Afət Novruzovanın müsahibəsini təqdim edir:

- Afət xanım, yay mövsümündə ən çox hansı xəstəliklərlə bağlı müraciətlər olur?

- Bildiyiniz kimi, yay fəslində insan orqanizmi günəş şüalarına daha çox məruz qalır. Bu da, günvurma, istivurma, dermatitlər şəklində özünü büruzə verir. Eyni zamanda, havanın isti olması mədə-bağırsaq xəstəliklərinin yaranmasına səbəb olan bakteriya və digər mikroorqanizmlərin inkişafı üçün əlverişli şərait yaradır. Yay mövsümü xəstəlikləri arasında ilk yeri məhz mədə-bağırsaq infeksiyaları tutur.

- Mədə-bağırsaq infeksiyası dedikdə nə nəzərdə tutulur və qeyri-infeksion xəstəliklərdən necə fərqlənir?

- Ümumiyyətlə, infeksiya dedikdə, patogen mikroorqanizmin digər canlı orqanizmə daxil olması və bunun nəticəsində yoluxmuş orqanizimdə gedən cavab prosesləridir. İnfeksiyanı törədən amil orqanizmə daxil olduqda, o, müəyyən orqan və toxumalarda məhdudlaşır. Nəticədə infeksion proses əmələ gəlir. İnfeksion xəstəlik qeyri infeksion xəstəliklərdən spesifik olmağı, yoluxulucuğu, mərhələlərlə inkişaf etməsi və bəzi infeksiyalardan sonra postinfeksion immunitetin yaranması ilə səciyyələnir.

Spesifik dedikdə, hər bir yoluxucu xəstəliyin müəyyən törədicisi olduğu nəzərdə tutulur. Yoluxuculuq dedikdə isə infeksion xəstəlik zamanı xəstəlik törədicisinin xəstələrdən sağlam insana kontakt və ya aralıq insan vasitəsilə keçməsi deməkdir. O cümlədən, mədə-bağırsaq infeksiyalarına mədə və nazik bağırsağın iltihabına səbəb olan viral, bakterial və parazitar infeksiyalar daxildir. Bakterial infeksiyalara Salmonella, “E.Coli” (“Escherichia coli”), “Shigella”, “Campylobakter” kimi patogen bakteriyalar, viral infeksiyalara isə noravirus, rotavirus, adenovirus və s. aiddir.

- Uşaqlarda mədə-bağırsaq infeksiyasının müxtəlif şəkildə müşahidə səbəbi nə ilə izah olunur?

- Bu, törədicinin növündən, şiddətindən, orqanizmin immun vəziyyətindən, vaxtında görülən tədbirdən və düzgün seçilən müalicədən asılıdır. Xüsusən uşaq və körpələrdə ishala ən çox səbəb olan virus rotavirusdur. Rotavirus infeksiyası zamanı, adətən xəstə insan sağlam insanı bilavasitə yoluxdurur.

İkinci yerdə adenovirus durur. Adenovirusla yoluxan şəxslərdə ishal, hərarət, səpgi, yuxarı tənəffüs yollarının iltihabı və s. müşahidə olunur.

- Çimərliklərdə yoluxma mümkündürmü?

- Bəli, çünki dənizdə çimərkən təsadüfən udulan su mədəyə düşdükdə xəstəlik törədə bilər. Azərbaycanda hər il çimərlik mövsümü başlamadan öncə dənizdə monitorinqlər aparılır, suyun çirklənmə səviyyəsi yoxlanılır. Epidemioloji vəziyyəti yaxşı olmayan çimərliklərin fəaliyyətinə müəyyən müddət (səbəb qaldırılana qədər) icazə verilmir. Çimərliyi seçərkən diqqət etmək lazımdır. Azyaşlı uşaqlar daha çox diqqət tələb edir, çünki su udma ehtimalı yüksəkdir.

- Sonda mədə-bağırsaq infeksiyasının profilaktikası haqqında məlumat verərdiniz…

- Mədə-bağırsaq infeksiyasının törədiciləri haqqında danışdıqda, onların yayılma yollarını da qeyd etmək lazımdır. Yayılma səbəblərini ortadan qaldırdıqda, yoluxmanın qarşısı xeyli alınır. İnfeksiyanın yoluxma mexanizminin aydınlaşdırılması yoluxucu xəstəliklərin profilaktikasının əsasını təşkil edir. Bundan əlavə, şəxsi gigiyena qaydalarına əməl etməli, küçədən evə daxil olduqda və qida məhsullarına toxunmaqdan öncə mütləq əllər yuyulmalıdır. Həmçinin, meyvə-tərəvəz bol su ilə bir neçə dəfə yuyulmalı, hazır qida məhsullarından istifadə etdikdən dərhal sonra soyuducuya yerləşdirilməli, ət və süd məhsulları lazımı şəkildə yaxşı bişirilməli və s.

İmmun sistemi nə qədər güclü olarsa, xəstəliyə yoluxma ehtimalı azalar, yoluxuxduğu təqdirdə isə xəstəlik nisbətən yüngül şəkildə keçər. İmmun sistemdə bağırsaqlardakı mikroflora çox əhəmiyyət kəsb edir. Belə ki, bağırsaqlardakı mikroflora qəbizlik və ishalın qarşısını alaraq, peristaltikanı tənzimləyir, həyat üçün önəmli olan bir çox maddələr - süd turşusu, sirkə turşusu, amin turşuları, zülallar B1, B2, B6, B12, K vitaminləri, nikotin, pantatenol, fol turşusu və s. hazırlayır. Bundan əlavə, bağırsaq mikroflorası orqanizmə kənardan daxil olan və immuniteti zəiflədən toksik maddələri zərərsizləşdirir.

İmmun sistemin vacib komponentləri olan immunoqlobulinlərin sintezində iştirak edir, B limfositlərinin, T limfositlərinin, makrofaqların yaranmasını aktivləşdirir və s. Bütün bu səbəblərə görə, mədə-bağırsaq sistemini qorumaq, bütün orqanizmin müdafiə funksiyasını qorumaq deməkdir. Xəstəliyi müalicə etməkdənsə, xəstəliyin qarşısını almaq daha məqsədəuyğundur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2067
avatar

Arzu Qurbanlı

Oxşar yazılar