Can bazarı və ya xəyanəti bağışlamaq olarmı?
15 iyul 2022 10:47 (UTC +04:00)

Can bazarı və ya xəyanəti bağışlamaq olarmı?

Mobil telefonlar və internet hamıya əlçatan olandan sonra virtual sevgilər baş aldı getdi. Bəziləri tənhalığını unutmaq, bəziləri dostluq etmək, dərdini bölüşmək  üçün özlərinə virtual dostlar, həmdəmlər tapdılar. Zaman içində bu alışqanlıqlar sevgiyə döndü. Daha sonra virtual sevgilərdən “ilhamlananlar” başladılar bu aləmdə “ət bazarı” açmağa. Kim kimə qarmaq atdı, kim kimi harada tutdu bilinmədi. Şantajlar da artdı, xəyanətlər də, sevgidən qazananlar da...

Günümüzdə  ailə xəyanətləri artıq adiləşməyə doğru gedir. O dərəcədə ki, “xəyanəti bağışlamaq olarmı?” mövzusunda müzakirələrdə “xəyanət üçün ailə dağılmamalıdır” deyən qadınların sayı artır.

Azərbaycan ailələrində illərdir  bir qanun var. Qadın xəyanət edərsə, onu bağışlamaq olmaz. Bundan ötrü onu öldürmək, döymək, boşamaq şərtdir, əks halda kişi el içinə çıxa bilməz, başına papaq qoya bilməz, gərək o namus ləkəsi qanla təmizlənə. Bu cinayətlə həbsə düşən kişinin həbsxanada yeri əl üstündə, baş üstündə tutulur.

Bəs qadın? Xəyanətdə şübhəli bilinən (hələ sübut edilməsə belə) qadını mütləq şəkildə boşayırlar ki adı çıxıb, çox zaman uşaqları əlindən alınır, ailəsi onun damğasını çəkir. Halbuki  kişinin xəyanəti “kişidir edər”,  “kişi gəzər”,  “gəzməyən kişi varmı?” kimi təskinliklərlə yola verilir, qadınınkı günah, zina, ayıb olur. Qadın xəyanəti tək edirmi? Bu işdə ona partnyorluq edən tərəf kişi deyilmi? Ümumiyyətlə, xəyanətin kriteriyası nədir? Evliykən bir başqasına bağlanmaq, aşiq olmaq, ürəyini vermək, yoxsa bədənini satmaq?

Xəyanət üstə boşanmaların da, qətllərin də sayı artmaqdadır. Qadın ən pis halda xəyanət edən ərindən boşanır, boşanmasa da aylarla küsür, ata evində qalır, çox zaman bu xəyanətdə özünü günahlandırır, yetərsiz hesab edib, özünü inkişaf etdirir, psixoloqlara,  başbilənlərə müraciət edib, “daha yaxşı arvad” olmağa çalışır. Kişi isə bir dəfə bağışlanıbsa, mütləq eyni səkildə təkrar edir və belə-belə bu fırlanan çarx axıb gedir. 

Bir çox Azərbaycan qadınları ailə qurandan sonra o qədər məhrumiyyətlər, sosial problemlərlə üzləşirlər ki, xəyanət ona dərdləri ilə müqayisədə balaca görünür. Xəyanəti ilk dəfə faciə kimi qəbul etsə də, sonra alışır, adi hala çevrilir.  O da başlayır ulu nənələrinin çəkdiyi o misalları çəkməyə: Mənim xoruzum olsun, başqalarının hinində banlasın. Özü çöldə olsun, qazancı evdə.

Bunun adını istər sevgi, istər macəra qoyun. Necə düşünürsünüz, xəyanəti bağışlamaq olarmı?
 

# 2286
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar