Bu içkilər də  enerji içkisi deyilmiş   - RƏSMİ
01 noyabr 2022 17:17 (UTC +04:00)

Bu içkilər də enerji içkisi deyilmiş - RƏSMİ

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi daha 4 içkinin enerji içkisi olmadığını açıqlayıb.

Lent.az xəbər verir ki, monitorinqlər zamanı ölkəmizdə istehsal olunan və respublikamıza idxal edilən enerji içkilərindən və sərinləşdirici içkilərdən nümunələr götürülərək laborator müayinələr aparılıb. Araşdırmalar nəticəsində aşağıdakı içkilərin də enerji içkisi olmadığı müəyyən edilib:

1. “Caucasus Energy” MMC-nin istehsal etdiyi “Roarx Gold Punch” – enerji içkisi deyil;

2. “Caucasus Energy” MMC-nin istehsal etdiyi “Roarx Red Fire” – enerji içkisi deyil;

3. “ENNA” MMC-nin istehsal etdiyi “Plus Power” – enerji içkisi deyil;

4. “Berg Energy” MMC-nin istehsal etdiyi “Berg the great Power” – enerji içkisi deyil.

Onu da bildirək ki, AQTA-nın apardığı ilkin monitorinqin nəticəsinə əsasən, markalanmasında aşkarlanan uyğunsuzluqlarla əlaqədar “A+CO” MMC tərəfindən istehsal olunan “Full Energy” içkisinin ticarət şəbəkələrindən geri çağırılması və məhv edilməsi təmin olunub. Hazırda “Full Energy” içkiləri tələblərə uyğun yeni qablaşdırmada istehsal edilir. Buna baxmayaraq, aparılan təkrar monitorinqlər zamanı “A+CO” MMC tərəfindən oxşar pozuntulara yol verildiyi aşkarlanıb. Belə ki, həmin müəssisədə istehsal edilən “Enershock”un enerji içkisi olduğu təsdiqini tapsa da, enerji içkilərinə dair qanunvericilikdə nəzərdə tutulan markalanma tələblərinin pozulduğu aşkarlanıb. Qeyd edilən halla bağlı müəssisədə zəruri tədbirlərin görülməsinə başlanıb.

Qeyd edək ki, qazlı və alkoqolsuz içkilərin qablarının üzərində istehlakçıların hüquqlarının pozulmasına səbəb olan, sanki enerji içkisi olması təəssüratını yaradan ifadələrin yazıldığı aşkarlandıqda, həmin məhsullar və istehsalçı müəssisələrlə bağlı qanunvericilik çərçivəsində tədbirlər görülür.

AQTA istehlakçıların nəzərinə çatdırır ki, qeyd edilən məhsulların enerji içkisi olmadığını nəzərə alsınlar və müvafiq qabın üzərində yazılan enerji içkisi təəssüratı yaradan məlumatlara aldanmasınlar. Agentlik tərəfindən isə ticarət şəbəkələri və ictimai iaşə obyektlərində aparılacaq monitorinqlər zamanı bu kimi hallar aşkarlandıqda, qanunvericiliyə uyğun ciddi tədbirlərin görülməsi davam etdiriləcək.
 

# 2940
avatar

Oxşar yazılar