"Sabirabadlı Hikmət" in qəbirüstü heykəli
21 aprel 2021 16:50 (UTC +04:00)

"Sabirabadlı Hikmət" in qəbirüstü heykəli

“Böyük qardaş”, “qara zon”da 7 il , Sabirabada "qisas çələngi" – O MƏŞHUR QƏTLDƏN 15 İL KEÇİR

15 il əvvəl onun qətli keçmiş SSRİ-nin kriminal aləmində böyük əks-səda doğurmuşdu. Moskvanın mərkəzində Leninqrad prospektindəki bir ofisdən çıxarkən binanın yanında duran “Mercedes-500” markalı maşınına minəndə avtomat və tapançalardan ona atəş açmışdılar. Hadisə yerində tək deyildi o. Culfalı Bayram kimi tanınan dostu və sürücüsü ağdamlı Mürvət də vurulmuşdu. Bayram və o, öldürülmüş, Mürvət isə möcüzə nəticəsində sağ qalmışdı

“Hərənin öz həyatı var. Mənim də bəxtimə belə bir tale düşüb. Bilirəm ki, bu yolun axırı yoxdur, amma mənim geriyə də yolum qalmayıb”. Hikmətin sözləridir. Tale onu başqa bir yolla da apara bilərdi. Amma tale deyirik axı. Çox amansız olmuşdu onunla…

*

Lotu Hikmət - Muxtarov Hikmət Məmmədqulu oğlu 1956-cı il noyabrın 3-də Sabirabad rayonunun Kürkəndi kəndində anadan olub. Məlumata görə, 1974-cü ildə Xalq Təsərrüfatı İnstitutunda (indiki UNEC) təhsil alarkən, Bakı Şəhər Prokurorluğunun müstəntiqinin oğlu ilə dalaşıb və nəticədə 3 il azadlıqdan məhrum edilib. O, ilk cəzasını Bakıda 5 saylı cəzaçəkmə müəssisəsində və Xələcdə çəkib.

1981-ci ildə yenidən həbs olunub. Sabirabadda bir nəfəri camaatı incitdiyinə görə cəzalandırdığı üçün 7 il azadlıqdan məhrum edilib. Rostovda zonda Mixail Kotovski və Kolya Lebedlə tanış olub. Deyilənə görə, bu üç nəfər oğru həmin vaxt zonu “qara”ya çeviriblər. Bununla barışmayan düşərgə rəhbərliyi Hikməti dörd dəfə ardıcıl olaraq on beş sutkalıq karserlə cəzalandırıb.

Burada başladılan qiyamın təşkilatçılarından olduğuna görə, isə işinin üstünə daha 3 il əlavə ediblər. Dustaqlar bu zonda onu “Böyük qardaş” deyə çağırırmışlar. O, bir müddət  Kaminsk-Şaxtinskdə cəza çəkir. Bundan sonra onu sovetlərin ən qəddar həbsxanalarından olan “Vladimirski sentral”a göndərirlər.

1997-ci ildə yenidən həbs olunub. Amma iki gün sonra azadlığa buraxılıb. 2001-ci ildə isə  cibindən heroin tapılıb və 8 il azadlıqdan məhrum edilib.

Bir il üç aydan sonra əməlində cinayət tərkibi tapılmadığından həbsdən azad edilib...

*

Hikmət SSRİ-də sayılıb-seçilən klassik “oğru”lardan olub. Lotu Bəxtiyar, Yetim Hüseyn, Donbalan Tofiq, Söhbət, Viktor Kalina,  Otari Kvantraşvili,  Slavik, Ded Xasan kimi “qanuni oğru”larla dostluq edib. “XX əsrin ən məşhur oğruları” kitabında 169-cu sırada (əlifbaya uyğun) yer alıb.

Hə, burda bir məqamı da qeyd edək ki, Hikmət 1983-cü ildə Lotu Bəxtiyar (Bəxtiyar Kərimov) və Vaqif Ramaninski (Vaqif Mirzəyev) tərəfindən taclandırılıb.

Tanıyanlar onun əslində sakit təbiətli və azdanışan adam olduğunu deyirlər. O, ümumiyyətlə oğru aləmində təmsil olunan heç kimlə konfliktə girməzmiş.

Azərbaycanlı "Qanuni oğru" lar

Bircə hal olub. Bu da Lotu Quliylə olan məşhur hadisə. Deyilənə görə, Bayıldakı türmədə yatarkən Quli böyük qardaşa əl qaldırmışdı. Bu isə bağışlanmaz idi. Elə Hikmətin qətlini də bəziləri “Quli”nin sifarişi hesab edirlər.  Hələ “Sabirabadlı Hikmət” sağlığında Moskvada 9 “oğru”nun toplaşdığı “sxodka”da qəbul edilən qərarı əsas gətirirlər. Həmin qərar “Quli”dən “oğru” adının alınması barədə olub. Bu şifahi qərar yazılı formada keçmiş SSRİ-nin əksər “zon”larına göndərilib. Bundan sonra isə necə deyərlər, azərbaycanlılar arasında kriminal müharibə başlayıb. Öldürülənlər sırasında bir çox “qanuni oğru”lar - “Sabirabadlı Hikmət”, “Otar”, “Nardaranlı Mirseymur”, “Ağbaş Çingiz”, “Qoca”, “Danabaş İlqar” və digərləri olub.

Bunu bəlkə də çoxlarının bilmədiyi bir məqam da təsdiqləyə bilər. Sabirabada olarkən Kürkənd sakinlərindən biri maraqlı bir olaydan danışdı.

“Heç kimə sirr deyil ki, Lotu Quli Türkiyədə Xan Əhmədlinski tərəfindən öldürülmüşdü. Keçən ilin haradasa sentyabr ayı idi. Xəbər yayıldı ki, Hikmətin qəbri üstünə kimsə bir əklil qoyub. Əklilin üstünə isə belə yazılıbmış:

“Старший брат! Ты приказал, мы поступили. От Хана”. (“Böyük qardaş. Sən əmr etdin, biz etdik. Xandan”)

*

“Yavaş-yavaş hər şey öz rəngini dəyişir, insanlar get-gedə gözəl xasiyyətlərini itirir, şər asta-asta xeyri üstələyir. Bacarıqlı insanlar, hünər sahibləri həmişə istedadı olmayan paxıl adamlar tərəfindən sıxışdırılır. Paxıl, rəzil adamlar, alicənablardan çox olduqlarından onlara üstün gəlirlər. Əllərindən bir xeyirli iş gəlməyən adamlar hünər sahiblərini pisləməkdə o, qədər irəli qaçırlar ki, hətta xeyirxahların oturuş-duruşlarını da günah paltarına bürüyür, ona cinayət bəzəyi vururlar. Ona görə hünər sahibləri paxıllar tərəfindən məhv edilirlər”. Bu da Hikmətin sözləridir...

*

Ümumiyyətlə, çox hazırcavab adam olub o. Sözlə, qarşı tərəfin buraxdığı kiçik səhvlə onu necə deyərlər, mənən məhv edərmiş. Danışırlar ki, bir gün Lotu Hikmət Moskvada kafedə oturur. Görür ki, bir nəfər ofisianta “kaziol” deyə müraciət edir. Hikmət həmin adamı yanına çağırıb deyir: Sən niyə ofisianta “kaziol” deyirsən? Adam cavabında “Mən lotuyam” deyir. Hikmətin cavabı isə unikal olur: “Sən necə lotusan ki, qabağına yeməyi “kazyol” qoyur” deyir.

*

Hikmətə kriminal aləmdə “böyük qardaş” deyirdilər. Amma onun özünün “dayı” deyib çağırdığı bir adam vardı. Yaxın qohumu “Qorbatı Ramiz”. Hə, Hikmət məhz ona “Dayı” deyirdi. Ümumiyyətlə, bu dayı məsələsi də maraqlı mövzudur. Təkcə Hikmət yox, çoxları onu “Dayı” deyə çağırırdı. Ona “Qorbatı” ləqəbini belində bir balaca əyrilik olduğuna görə vermişdilər.

"Qorbatı Ramiz" in qəbirüstü heykəli

Bəzi rus kriminal saytlarında Hikmətin Moskvadakı əksər bazarlara - özü də Ağbaş Çingizlə birgə - nəzarət etdiyi barədə yetərincə yazılar dərc olunub, yayımlanıb. Amma yaxınlarının dediyinə görə, o, necə deyərlər dükan-bazar məsələlərinə ümumiyyətlə qarışmırmış. Bu sahədən uzaq imiş. Amma danışırlar ki, bəziləri onun adından istifadə edərək Moskva bazarlarında azərbaycanlılardan xərac alarmış.

Həmsöhbətimiz deyir ki, bir dəfə bu barədə elə “Qorbatı Ramiz”ə xəbər verirlər. “Moskvanın ən böyük bazarlarından olan Vıxinoda Y. adlı şəxsi Ramiz huşu başından gedənədək döydürmüşdü. Və hamıya da elan etmişdi ki, bir kimsə Hikmətin adından belə bir hərəkətə yol versə, daha sərt cəzalanacaq”.

Nəsildə qardaşı oğlu Məmmədqulu onun yoluyla getmək istəyib.  Həmsöhbətimiz deyir ki, Kor Hüseyn öz ad günündə İlyuxa Qaqauzski və Məmmədqulu Muxtarova qanuni oğru adı verməyi planlaşdırıbmış. Amma Bakıdan gələn xəbərdarlıqdan sonra bu istəyindən əl çəkib. “Lotu Quli” Kor Hüseynə onun başının üstündən heç bir azərbaycanlıya qanuni oğru adı verilməsinin mümkün olmayacağını çatdırıb.

“Quli”nin hədəsindən sonra Kor Hüseyn taclandırmanı təxirə salıb.

Amma Hikmətin necə deyərlər, varisi iddia edilən şəxsin də adı çəkilir. Bu kriminal aləmdə "Paşa” ləqəbi ilə tanınan Pərvizdi. Pərvizin "Paşa” kimi çağırılmasının səbəbi həmyerlisi Hikmətlə bağlıdır.

*

Hikmət özü demişdi vaxtıyla: ”Bu yolun axırı yoxdur, amma mənim geriyə də yolum qalmayıb”. Bu yol 15 il əvvəl də bitdi. Onun cənazəsini Moskvadan Sabirabada gətirmək üçün o zaman millət vəkili olan Pənah Hüseyn şəxsən özü Moskvaya getmişdi.

"Qanuni oğru" lar dəfn mərasimində

Hikməti ata yurdunda, Kürkəndində qəbiristanlıqda dəfn olunmuşdu. Dəfndə minlərlə adam iştirak etmişdi. Masallı Mamed, Lotu Dadaş kimi “qanuni oğru”larla bərabər, MDB ölkələrindən də kriminal avtoritetlərin Sabirabada gəldiyi deyilirdi. İl mərasimi çıxmamış isə Kürkəndi qəbiristanlığında onun heykəli qoyulmuşdu…

Sabirabad

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 30921
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar