"Bəlkə də morqlardan gətirilir o paltarlar" - MÜSAHİBƏ
17 mart 2022 20:15 (UTC +04:00)

"Bəlkə də morqlardan gətirilir o paltarlar" - MÜSAHİBƏ

“Bu bazarda satıcılar piştaxtalarına düzdükləri əşyaların dəyərini anlamırlar. Onlar üçün vacib olan həmin əşyaları aldıqlarından daha baha satmaqdır. “Bit bazar”ı iki hissəyə ayrılır. Belə ki, orada  köhnə qoca “qurdlar” var. Onlar səhər tezdən gəlib ən yaxşı əşyaları alıb, piştaxtalarına düzüb, baha qiymətə satırlar. Mən çalışıram onlardan uzaq durum”. 

Bunu Lent.az-a rejissor, həvəskar kolleksiyaçı Emil Abdullayev müsahibə zamanı deyir. 

Emil Abdullayev

“Bit bazarı”. Sabunçu bazarı, kolleksiyaçıların sevimli məkanı, ehtiyacı olanlar üçün ucuz geyim və əşya “butik”i. 

Emil Abdullayev də elə hər bazar ora üz tutan kolleksiyaçıdır.

- Emil bəy, nə vaxtdan kolleksiya yığmağa başlamısınız?

- Lap uşaqlıqdan. İlk vaxtlar pul kolleksiyası yığırdım. Sonra isə düşündüm ki, bunu daha peşəkar şəkildə etməliyəm. Əslində, sonradan bildim ki, yığdığım da peşəkar kolleksiya deyilmiş. Belə ki, gedirdim “Bit bazarı”na, lori dildə desək, bir-iki şey alırdım, guya öz aləmimdə kolleksiya yığırdım. Kolleksiyaçılar qrupuna qoşulduqdan sonra isə bildim ki, mənim gördüyüm iş boş-boşuna tullantı yığmaq imiş.

- Qeyd etdiniz ki, pul kolleksiyası yığmısınız. Başqa hansı kolleksiyanız var?

- Mənim siqaret kolleksiyam da var. Bir şeyi də qeyd edim ki, Ukraynada bir “banderaçılar” təxminən 1947-49-cu illərdə şilinq adlı pul vahidi yaratmışdı. Hətta ondan da mən də 1 şilinq var. Amma onlar o pulu istifadə etməyiblər. Peşəkar kolleksiyaçılığa başladıqdan sonra isə yığdığım pulların bir hissəsini satdım, hədiyyə etdim. 

Emil bəy deyir ki, o bazara məqsədsiz şəkildə gedilsə, çox maraqsız olar. Çünki insanlarla dolu, köhnə paltarlar olan sıxıcı bir yerdi.

- Mən gedəndə artıq nəyi axtaracağımı bilirəm. Buna görə də maraqlı olur mənim üçün.
İlk dəfə xalça almışam. Onun da maraqlı tarixçəsi var. Bazarda gəzirdim və baxdım ki, bir deyir ki, mənə balaca, ayaq altına sərmək üçün xalça lazımdır. Satıcı eşələyib bir dənə qırmızı xalça çıxardı. Həmin vaxtı mən də kənardan durub müşahidə edirdim. Gördüm qadın deyir ki, yox e, bunun üstündə şəkil var, ayaq altına salmaq olmaz. Xalçanın üstündə Nizami Gəncəvinin şəkli var idi. Daha sonra yaxınlaşıb xalça ilə maraqlandım və onu 3 manata aldım. Bir müddət evdə saxladıqdan sonra lazım oldu, auksionda 80 manata satdım. 

80 manata satılan həmin xalça

O deyir ki, alış-verişdən o zaman ləzzət almaq olur ki, qiyməti aşağı salasan. Bu xüsusiyyət demək olar ki, bütün azərbaycanlılara xasdır...

- Ümumiyyətlə, mənim köhnə əşyalara, köhnəliyə marağım var. Həmişə ora gedəndə də gözüm köhnəliyi axtarır. Mənim öz bildiyim yerlər ki, ordan alıram. Ən baha aldığım əşyanın qiyməti 5-6 manat olub. Ən ucuzu da 50 qəpik. 

- Maraqlıdı, 50 qəpiyə nə almısınız?

- Mən əsas SSRİ dövrünün əşyalarına maraq göstərirəm. Uşaqlığımı o dövrdə yaşamışam deyə istəyirəm indi də evimdə olsun. Baxmayaraq ki, xəsisliklə yanaşıb istifadəsinə icazə vermirəm. İstəklərimdən biri də odur ki, evimin bir otağını sırf kolleksiyama ayırım. Yenə “Bit bazarı”ndaydım. Diqqətimi sovet vaxtında butulka ağzı açmaq üçün istifadə edilən əşya çəkdi. Onlar da sovet dövründən qalmışdı. Biri əlli qəpikdən iki dənə aldım. Birinin üzərinə “Minsk” yazılıb, digəri isə sadədir. 

Rejissor deyir ki, kolleksiyaçılar kolleksiyalarını artırmaq üçün həmişə nəsə satmalıdırlar...

- İşimlə bağlı rəssamlarla münasibətim yaranmışdı. Bir gün bir xalq rəssamını çəkirdik. Hazırda dünyada yoxdur. Allah rəhmət eləsin! Baxdım ki, emalatxanasında rəsm əsərlərindən yer yoxdur. Ondan xahiş etdim ki, lap cızma-qarası olsa, mənə öz əsərlərindən birini hədiyyə versin. O da sağ olsun, verdi. Üstündə də öz imzası var idi. Sonra mən onu auksionda 250 manata satdım. 

- Ən son “Bit bazarı”nda diqqətinizi nə çəkib?

Müsahibimin "Bit bazarı"ndan ən son aldıqları

- Keçən bazar günü yenə ordaydım. Çoxdandı arzusunda olduğum, SSRİ zamanında istehsal olunan, açılıb bağlanan turist stəkanlardan axtarırdım. Həmin stəkanlar əntiq mağazalarda 20-25 manata satılır.  Bazara həmişə gəlməyən bir adam gördüm. Qabağına bir neçə əşya düzmüşdü. Həmin stəkanları gördüm və həyəcanlandım. Sonra isə özümü həmin əşyanın nə olduğunu bilmirəmmiş kimi apardım ki, baha satmasınlar mənə.  Və 1 manat 70 qəpiyə həmin stəkanlardan aldım. 

Bir də qab-qacaq olan yerdə gəzirdim. Gördüm kənarda lazımsız bir əşya kimi tısbağa fiquru qoyulub.  Bunu aldım, amma bilmədim ki, nə üçün istifadə olunur. Sonra satıcılardan biri mənə izah etdi ki, onun üstündə qablar olur və duz qabı kimi istifadə olunur. Sonra mən də ona uyğun qablar aldım və çox gözəl oldu. 

Həmin tısbağa fiquru

Bu yaxınlarda bəzəkli süfrə lazım idi. “Bit bazarı”nda onu axtarırdım. Gördüm topa parça satılan yerdə rəngli saçaqlar görünür. Baxdım və gördüm ki, üstündə Nizami Gəncəvinin şəkli olan örtükdür. Onu da 1 manata aldım. Daha çox divara asmaq üçün istifadə olunur. Bir də turist seti almışam.

Turist seti

Müsahibimin sözlərinə görə, insanların o bazarın varlığına ehtiyacı var...

- “Bit bazarı”nda daha çox 2-ci, 3-cü və bəlkə də dəfələrlə geyilmiş paltarlar satılır. Bəlkə də morqlardan gətirilir o paltarlar. Bir sıra insan da geyimini oradan təmin edirlər. Bir dəfə şahidi olduğumu danışım. Gördüm ki, bir qadın məktəbə gedəcək uşağı üçün şalvar almaq istəyir. Satıcı şalvarın 4 manat olduğunu deyəndə qadının reaksiyası belə oldu: “Çox bahadır”. Bu çox kədərli idi. Axı övladın məktəbə getməsi analar üçün özəl gündür. Buna çox vaxt xüsusi hazırlaşırlar. Amma həmin gün bir ana 4 manatlıq geyilmiş şalvar qarşısında aciz qalmışdı...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 15399

Oxşar yazılar