Bayram namazını kütlə ilə birgə qılmağın savabı varmı? – SƏDR MÜAVİNİ DANIŞDI
06 aprel 2024 14:10 (UTC +04:00)

Bayram namazını kütlə ilə birgə qılmağın savabı varmı? – SƏDR MÜAVİNİ DANIŞDI

Artıq mübarək Ramazan ayının sonuna yaxınlaşırıq. Ramazan ayı savabların qat- qat çox verildiyi bir aydır. Ruzi bərəkət və sevgi ayı olan Ramazana xas başqa ibadətlər də var. Elə məhz bunlardan biri də bayram günü kütləvi şəkildə namaz qılmaqdır.

Maraqlıdır, görəsən, bayram namazını kütlə ilə birgə qılmağın ayrı savabı varmı?

Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev Lent.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə, insanın Ramazan və Qurban bayramlarının namazlarını fərdi qılması dinimizdə və şəriətimizdə bəyənilmir. 

Onun sözlərinə görə, bayram namazları mütləq birgə və kütləvi şəkildə qılınmalıdır:

“Elə onun savabı da məhz bundan irəli gəlir. Əgər, məscidə gəlməyə imkan yoxdursa, açıq səma altında bayram namazı qılınmalıdır. Təəssüf ki, bizdə buna şərait yoxdur. İnsanların təhlükəsizliyi baxımından bayram namazları üçün açıq səma altında geniş yerlər təşkil edə bilmirik. Bunun əvəzinə məscidin içərisində və ya həyətində bayram namazları qılınır. Bəzi məscidlərdə bayram namazı saat 08:00-da, bəzilərində isə 09:00-da qılınacaq. Bunun səbəbi isə insanların hansı saatda kütləvi şəkildə gəlməsi ilə bağlıdır. Məscid imamlarına və icma rəhbərlərinə bununla bağlı bildirilib ki, insanlar hansı saatda kütləvi şəkildə gəlsə, o saatda da bayram namazı qılınsın. Səhər saatlarında qılınmasının digər tərəfi isə insanların namazdan sonra bayram günü ailələri çox vaxt keçirməsi ilə bağlıdır. Onun da qeyd edim ki, bayram namazının Zöhr namazınadək – yəni saat 13:00-a qədər qılınması məsləhət görülür”.

# 2901
avatar

Arzu Qurbanlı

Oxşar yazılar