Bakıda yeni parklanma mərkəzləri yaradılacaq
20 iyun 2022 18:37 (UTC +04:00)

Bakıda yeni parklanma mərkəzləri yaradılacaq

Bakının əzəli problemlərindən biri də parklanmalardır. Bəzi mərkəzi küçələrin darlığı, bəzi yollarda isə dayanma-durmanın qadağan olunması parklanmalara ciddi maneə olur.

Görəsən, son zamanlar paytaxtda parklanmaların sayının artırılması, sözügedən problemin həll edilməsi üçün hansı tədbirlər görülür?

Avtomobil məsələləri üzrə ekspert Elməddin Muradlı Lent.az-a bildirib ki, paytaxtda parklanma sahələrinin artırılması üçün sahibkarla danışıqlar aparılır. O, həmin sahibkarla bunun üçün güzəşt edilməsinin vacibliyindən də danışıb:

“Bakıda dayanma-durma qaydalarına həm Bakı Nəqliyyat Agentliyi, həm də yol polisi nəzarət edir. Parklanmaların təşkili BNA-ya aiddir. Lakin bu da Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə məlumat verərək həyata keçirilməlidir. Çünki yollarda hərəkətin təhlükəsizliyinə yol polisi cavabdehdir.

Bakının parklanma məsələsində hələ ki heç bir dəyişiklik yoxdur. Vahid qiymət təklif edilməyib və parklanma üçün ərazilər də məhduddur. Bu yaxınlarda Bakı şəhər DYP ilə parklanma məsələsində müzakirələrimiz olub. Bu qurumdan da bildirilib ki, piyada keçidləri ətrafında, yolun hərəkət hissəsinin 2-ci və 3-cü zolaqlarında avtomobillərin dayanmasına imkan vermək olmaz. Lakin digər yerlərdə maşınların park edilməsinə qarşı çıxmaq istəmirik.

İnsanlara şərait yaradılmalıdır. Bakı şəhər DYP də istəyir ki, paytaxtda kifayət qədər parklanma olsun. Bu barədə DYP təklif etməli və Bakı şəhər İcra Hakimiyyəti tədbir görməlidir. Çox xoş haldır ki, artıq son günlər bu barədə danışıqlar var. Sahibkarlara təklif olunur ki, şəhərin müxtəlif yerlərində mərtəbəli parkinqlər yaradılsın. Bunun üçün sahibkarlara vergi güzəştləri edilməlidir. Parklanma üçün ərazi ucuz qiymətə satılmalı və digər qurumların onları narahat etmələrinə imkan verilməməlidir. Elə etmək lazımdır ki, sahibkarlar artıq restoran, bina tikməkdən başqa parklanma yerləri də tiksinlər”.

Qeyd edək ki, bir müddət əvvəl Bakı Nəqliyyat Agentliyi müstəqil qurum kimi ləğv edildi. Agentliyin tərkibindəki Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Daxili İşlər Nazirliyinə, Agentliyin digər əsas hissəsi isə Bakı şəhər İcra Hakimiyyətinə verildi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2736
avatar

Mehman Nəbiyev

Oxşar yazılar