Səbail rayonunun Badamdar sürüşmə sahəsində bu günə olan son vəziyyət açıqlanıb.
APA-nın xəbərinə görə, aparılan işlər barədə məlumat verən Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyin "Azərinşaat" layihə institutunun geoloji axtarış şöbəsinin rəisi Samir Vəliyev bildirib ki, ərazidə geniş tədqiqat və layihələndirmə işlərinə yapon mütəxəssisləri ilə birlikdə 2018-ci ildən başlanılıb: “Bu müddət ərzində sahədə sürüşmə bir neçə dəfə təkrar olduğundan layihədə daim müvafiq dəyişikliklər edilib. Layihədə yamacın dayanıqlığını təmin etmək üçün ilkin mərhələdə yamacın üst hissəsində 11 fərdi yaşayış evinin arxasında məhəllədaxili yolun kənarında 3 ədəd, eni 3.5 metr, dərinliyi 30 metr olan drenaj quyularının qazılması və hər quyuda 21 ədəd olmaqla diametri 40 mm, uzunluğu 50 metr olan yelpikvari 2 səviyyədə horizontal suqəbuledicilərin qurulması nəzərdə tutulub".
O qeyd edib ki, layihədə ikinci mərhələdə evlərin qarşısında, həyətlərdən sonra yuxarı hissədən başlayaraq yamacda dəmir-beton terrasların yaradılması planlaşdırılıb: "Üçüncü mərhələdə Badamdar – 20-ci sahə avtomobil yolunun sağ tərəfində (yamacın aşağı hissəsində) dəmir-beton svaylar üzrə monolit istinad divarının inşa ediləcək və yolun bərpası aparılacaq”.