Sosial şəbəkədən başlayan QANLI HADİSƏ: təhlükəli mesajlar necə gəlir?
31 avqust 2020 15:49 (UTC +04:00)

Sosial şəbəkədən başlayan QANLI HADİSƏ: təhlükəli mesajlar necə gəlir?

Dünən Hacıqabulda yeniyetmələr arasında baş verən qanlı hadisə çoxlarının diqqətini cəkdi. 16 yaşlı yeniyetmənin 17 yaşlı həmyerlisini bıçaqlaması sosial şəbəkələrdə də müzakirə mövzusuna çevrilib. Mübahisənin səbəbi isə yeniyetmələrin sosial şəbəkə üzərindən bir-birlərini kriminal jarqonlardan istifadə edərək təhqir etməsidir. 

Həyatımızın ayrılmaz hissəsinə çevrilən sosial şəbəkələr bəzən mübahisəyə, hətta ölümə də səbəb ola bilir. Qeyd etmək lazımdır ki, belə hallara daha çox yeniyetmələr arasında rast gəlinir. Görəsən, yeniyetmələrin sosial şəbəkədə davranış qaydaları baxımından valideynlərin üzərinə nə dərəcədə yük düşür?  Xüsusən, şagirdlər arasında bıçağa, aqressiv münasibətlərə meyllilik nədən qaynaqlanır?

Kriminalist, sabiq polis rəisi Mahmud Hacıyev Lent.az-a açıqlamasında qeyd edib ki, yeniyetmələrdə bu cür düşüncələr ailədən tutmuş sosial mediayadək bütün ətraf mühitin təsiri nəticəsində yaranır:

“Sovet dönəmində 19-20 yaşında 50 uşağı yoxlasaydın cibində bıçaq olmazdı. Amma indi orta məktəb uşaqlarının əksəriyyətinin cibində bıçaq var. Texnologiyanın inkişafı nəticəsində yeniyetmələr kriminal mövzulara, oğru qanunlarından bəhs edən materiallara, kinolara baxırlar. Bu, onların şüuruna təsir edir. Həmin kinolar sovet dövründə və müstəqilliyin ilk illərində qadağan olunmuşdu. Əvvəl bir-iki telekanal vardı, hansı kinonu verməyin mümkün olub-olmamasına nəzarət edirdilər. Son zamanlar isə “Whatsapp”, “Facebook”, “İnstagram” və digər sosial şəbəkələrdən geniş istifadə tam olmasa da, mütləq qaydada uşaqların şüuruna təsir etdi. Əvvəl polis şöbələrində “detinspektor” deyilən zabit vəzifələri vardı. Onlar mütəmadi olaraq məktəblərlə, “JEK”lərlə əlaqə saxlayırdı. Sonradan həmin vəzifə ləğv olundu.

Qız uşağının da, oğlan uşağının da özünü tanıyan yaşı var. Həmin yaşdan uşaqlar maraqlandıqları şeylərə meylli olurlar. Bir-birinə söyüb gücü çatmayanda bıçaq vururlar. Ailədən, ətraf mühitdən çox şey asılıdır. Ailə var, övladına nəzarət etmir, ailə var, uşağın üstündə əsir. Hüquq-mühafizə orqanlarının keçmiş işçisi kimi deyirəm ki, indiki 12-13 yaşlı uşaqların çoxunda bıçağa meyllilik var. Amma əvvəl universitetin 3-4-cü kurs tələbələrinin 100-dən birində bıçaq olardı. Texnologiyalar bu qədər inkişaf etdikdən sonra sözügedən cinayət hallarının sayında artım oldu. Valideynlərdən çox şey asılıdır. Xüsusən, karantin dövründə uşaqlar bütün günü evdə əllərində telefon kriminaldan, erotikaya kimi müxtəlif mövzulara keçirlər”.

“Psixologiya” Elmi Tədqiqat İnstitutunun rəhbəri Elnur Rüstəmovun sözlərinə görə, yeniyetməlik yaş dövründə orqanizmdə baş verən hormonal dəyişiklik insanın psixikasına da təsir göstərir:

“Yeniyetməlik insan inkişafının böhran mərhələlərindən biridir. Bu yaşda orqanizmdə baş verən hormonal dəyişiklik insanın psixikasına da öz təsirini göstərir. Ətrafda baş verən hadisələr, yeniyetməliyə qədər yaşadığı həyat təcrübəsi müəyyən psixoloji problemlərin yaranmasına səbəb olur. Həmçinin yeniyetməlik dövrünü yaşayan uşaqlarda model alaraq özünü inkişaf etdirmə, sosial təqlid daha çox müşahidə olunduğu üçün sosial şəbəkələr, mediada rastlaşdıqları neqativ situasiyalar onlara təsir göstərir. Belə ki, bu yaş dövrünü yaşayan və problemli ailələrdə böyüyən uşaqlar daha çox aqressiyaya, sosial izolyasiyaya və müəyyən antisosial davranışlara meyilli olurlar. Sosial şəbəkədə izlədikləri bəzi paylaşımları təkrar etməyə çalışırlar. Bununla da bir növ özünütəsdiq, tamamlanmamış hisslərin tamamlanması, ətrafındakı insanların diqqətini özünə çəkmə kimi psixoloji tələbatlarını ödəyirlər. Belə olduğu təqdirdə isə qeyri-adekvat davranışlar və şəxsiyyət pozuntusuna meyillilik ortaya çıxır.

Bu tip davranışlar müşahidə olunan uşaqlar, daha çox olduqları qruplarda özlərini təsdiq etməyə, "onlar kimi" davranmağa, xüsusən ailə üzvləri tərəfindən sevgi əskikliyi yaşayan uşaqlar bu yolla valideynlərinin və ya himayəsində olduqları insanların diqqətini çəkməyə çalışırlar. Bir müddətdən sonra isə bu artıq vərdiş formasına və ağır hallarda davranış pozuntusu, şəxsiyyətin deqredasiyasına çevrilir”.

Psixoloq həmçinin bildirib ki, valideynlər övladlarına dolayı şəkildə nəzarət etməlidir. O, qeyd edib ki, əks halda, uşaqlar bunu qəbul etmir və azadlığın əlindən alınması kimi başa düşürlər:

“Buna görə də ailədə münasibətlər tənzimlənməli, valideyn-övlad münasibətlərində balans saxlanılmalı, müəyyən problemlərlə rastlaşdıqda isə dərhal psixoloji müdaxilə olmalıdır. Valideyn, xüsusi olaraq nəzarət etməlidir. Amma bu nəzarət birbaşa deyil, dolayı şəkildə, uşağın hiss etməyəcəyi tərzdə olmalıdır. Çünki yeniyetmə özünütəsdiq prosesini keçdiyinə və eqosentrik mərhələ yaşadığına görə nəzarəti qəbul etmir, bunu məhdudiyyət, azadlığına müdaxilə kimi qəbul edir. Bu isə valideyn-övlad münasibətinin pozulmasına, konfliklərin ortaya çıxmasına səbəb olur. Ona görə də valideyn diqqətli olmalı, hər hansı davranış pozuntusu və ya neqativ situasiya ilə qarşılaşdığı zaman ilk öncə hadisəni uşaqdan dinləməli, daha sonra onu araşdıraraq doğru istiqamətdə qərar verməlidir. Çünki yeniyetməlik dövrünü rahat şəkildə, psixoloji narahatlıq yaşamadan keçən uşaqlar, valideynləri tərəfindən dinlənilən uşaqlardırlar. Empatiya yeniyetmənin əsas tələbatlarından biridir.

Eyni zamanda valideyn övladının münasibətdə olduğu insanları tanımalı, onlarla ünsiyyətdə olmalı və lazım olduğu təqdirdə müdaxilə etməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9415
avatar

Mehman Nəbiyev

Oxşar yazılar