Alimlər 2 ay sonra yeni mənzillərə köçəcəklər - REPORTAJ
22 oktyabr 2009 10:30 (UTC +04:00)

Alimlər 2 ay sonra yeni mənzillərə köçəcəklər - REPORTAJ

Bina sakinləri fövqəladə hallar naziri Kəmaləddin Heydərovla görüşdən sonra mənzil probleminin həllini tapdığını bildirirlər

Hüseyn Cavid prospektində (Hüseyn Cavid Parkının kənarında), Elmlər Akademiyası metrosunun yaxınlığında yerləşən, Bakı Dövlət Universitetinin (BDU) müəllimlərinin, Elmlər Akademiyasının işçilərinin yaşadıqları 5 mərtəbəli 10 bloklu bina ilə bağlı məsələ həllini tapıb.

Bina sakinləri Lent.az-ın müxbirinə bildiriblər ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müdaxiləsi məsələnin tam həllini tapması ilə nəticələnib.

Bizi binanın həyətində qarşılayan sakinlərdən pensiyaçı Səfər Cəfərov bildirdi ki, oktyabrın 20-də böhranlı vəziyyət yaranıb. Yasamal rayonunun qaz və su idarələrinin rəisləri mütəxəssislərlə və xüsusi texnika ilə binanın qaz və su təchizatını dayandırmağa gəliblər. Ancaq bina sakinləri buna ciddi müqavimət göstəriblər. Saat 16:20-də Yasamal rayonunun icra başçısı İbrahim Mehdiyev, Yasamal rayonunun polis rəisi 20 polis əməkdaşı ilə əraziyə gəliblər. Bina sakinləri ilə kobud rəftar etməyən polislər sədd yaradıblar və yaşayış binasına gedən qaz borularının biri kəsilib.

Səfər Cəfərov qeyd etdi ki, buna qədər, sentyabrın 10-dan başlayaraq, bina sakinlərinin adından bir qrup, o da daxil olmaqla, fövqəladə hallar nazirinin müavini Orucəli müəllimlə və nazirliyin nəzdindəki Layihə İnstitutunun rəhbəri Xəlil Cəfərovla görüşüb, problemdən çıxış yollarını müzakirə ediblər. Fövqəladə Hallar Nazirliyi Elmlər Akademiyası metrosunun yaxınlığında (hazırkı yaşayış binasından 100 metr uzaqlıqda - red.), Dövlət Gömrük Komitəsinin binasının ətrafındakı iki 14 mərtəbəli binada sakinlərə mənzillər təklif edib. Nazirlikdə bildirilib ki, sakinlərə bu binalarda hazırkı mənzillərinin sahəsindən 20 faiz artıq sahəsi olan mənzil təklif olunur. Onlar ya hazırda yaşadıqları binanın yerində yeni bina tikilənə qədər o mənzillərdə qaz, işıq və su haqqı ödəmədən yaşaya, yəni pulsuz kirayədə qala, ya da bu mənzillərə mülkiyyət hüququ əldə edə bilərlər.

Səfər Cəfərov bildirdi ki, aparılan danışıqlardan sonra bu binada yaşayan 100 ailənin 60 faizi təzə evlərə köçməyə razılıq veriblər. Yalnız 30-40 faiz tərəddüd göstərib: “Danışıqların davam etdiyi bir vaxtda, oktyabrın 20-də yaşadığımız binanın qaz və suyunun kəsilməsinə cəhd göstərilməsi məsələni qəlizləşdirirdi. Mən həmin vaxt Fövqəladə Hallar Nazirliyinin məsul şəxslərinə zəng etdim və köçmə prosesi üçün 1 həftə vaxt istədim, bu müddət ərzində qaz və suyun kəsilməməsini xahiş etdim. 10 dəqiqə keçməmiş ərazidə olan Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyevə zəng gəldi. Bu zəngdən sonra icra başçısı göstəriş verdi ki, kəsilmiş qaz borusu bərpa olunsun və bizə onlarla birlikdə Fövqəladə Hallar Nazirliyinə getmək təklif olundu”.

Səfər Cəfərov da daxil olmaqla, bina sakinlərinin bir qrupu Yasamal rayon icra hakimiyyətinin başçısı, polis rəisi və digər məsul şəxslərlə Fövqəladə Hallar Nazirliyinə yollanıblar. Onları fövqəladə hallar naziri Kəmaləddin Heydərov qəbul edib: “Nazir bizi hörmətlə qarşıladı və bizə yaşadığımız binanın qəzalı vəziyyətdə olmasını ətraflı izah etdi, belə bir binada yaşamağın çox təhlükəli olduğunu vurğuladı”.

Görüşdə bina sakinlərinə Dövlət Gömrük Komitəsinin binası yaxınlığındakı 14 mərtəbəli binalarda təklif olunan mənzillərlə bağlı məsələ də müzakirə olunub: “Kəmaləddin müəllim bizə bildirdi ki, ilyarım ərzində bizim binanın yerində təzə bina tikiləcək. Bu müddət ərzində Dövlət Gömrük Komitəsinin binası yaxınlığındakı 14 mərtəbəli binalardakı mənzillərdə ya qaz, su və işıq pulu vermədən kirayədə yaşaya, ilyarımdan sonra təzə tikilən binada yeni mənzillərə qayıda, ya da indidən həmin 14 mərtəbəli binalardakı mənzillərə mülkiyyət hüququ əldə edə bilərik”.

Səfər Cəfərov Dövlət Gömrük Komitəsinin binası yaxınlığında təmirsiz vəziyyətdə olan 14 mərtəbəli binalardakı mənzillərin təmir olunması barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun elə görüşdə tapşırıq verdiyini söylədi: “Kəmaləddin müəllim mənzillərin 2 ay ərzində təmir olunmasını tapşırdı. Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev görüşdə bu müddət ərzində mənzillərin təmir ediləcəyini bildirdi. Biz görüşdən çox razı qaldıq. Bu iki ay ərzində hazırda yaşadığımız binanın qaz, su və işığı da kəsilməyəcək. Kəmaləddin müəllim bizə xüsusi diqqət və hörmətlə yanaşılmasını tapşırdı”.

Səfər Cəfərov nəzərə çatdırdı ki, hazırda bina sakinləri və Fövqəladə Hallar Nazirliyinin məsul işçilərindən ibarət komissiya fəaliyyət göstərir. Yaxın 2 gün ərzində Layihə İnstitutu Dövlət Gömrük Komitəsinin binası yaxınlığındakı 14 mərtəbəli binalarda mənzillərin layihələndirmə işi başa çatdıracaq, eyni zamanda bina sakinlərinin iki siyahısı hazırlanacaq: “Ona görə iki siyahı hazırlanacaq ki, bina sakinlərinin bir qismi həmin 14 mərtəbəli binalarda 1,5 il ərzində qaz, işıq və su üçün pul ödəmədən kirayədə yaşamaq, sonra binamızın yerində təzə tikilən binadakı mənzillərdən birinə mülkiyyət hüququ əldə etmək, bir qism isə 14 mərtəbəli binalardakı mənzillərə mülkiyyət hüququ əldə etmək istəyir. Bu işlər başa çatdırılacaq və 2 aydan sonra, yəni yanvarın 20-dən Dövlət Gömrük Komitəsinin yaxınlığındakı 14 mərtəbəli binalarda həm kirayədə yaşamaq istəyən, həm də oradakı mənzillərə mülkiyyət haqqı əldə etmək istəyənlər ora köçəcəklər”.

Binanın digər sakinləri də artıq problemin həllini tapdığını söylədilər.


Qeyd edək ki, Hüseyn Cavid prospektində (Hüseyn Cavid Parkının kənarında), Elmlər Akademiyası metrosunun yaxınlığında yerləşən, Bakı Dövlət Universitetinin (BDU) müəllimlərinin, Elmlər Akademiyasının işçilərinin yaşadıqları 5 mərtəbəli 10 bloklu bina sentyabrın 14-dək boşaldılmalı idi. Sentyabrın 4-də bununla bağlı Yasamal Rayon İcra Hakimiyyəti müvafiq bildirişi blokların qarşısına yapışdırılmışdı. Bildirişdə yazılmışdı ki, Nazirlər Kabinetinin 24 aprel 2009-cu il tarixli 72 saylı sərəncamına müvafiq olaraq bina qəza vəziyyətinə düşərək yararsız olduğu üçün müvafiq tədbirlər görülməsi nəzərdə tutulub. Sakinlərə 10 gün müddətində mənzilləri boşaltmaları, əmlaklarını çıxarmaları tövsiyə olunmuşdu. Bildirişdə vurğulanırdı ki, göstərilən müddət bitdiyi gün elektrik enerjisi, qaz və su təminatı saxlanılaraq, binanın istismarı dayandırılacaq.
Yasamal Rayon İcra Hakimiyyəti sakinlərin nəzərinə çatdırırdı ki, əmlaklarının daşınma xərclərini və 6 aylıq kirayə haqlarını “Kapitalbank”ın 2 saylı Yasamal filialından onların adına açılmış xüsusi hesabdan çıxara bilərlər. Mənzillərə veriləcək zəmanət məktubu ilə əlaqədar isə sakinlər Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət etməli idilər.

Sonradan binanın boşaldılması müddəti oktyabrın 14-dək uzadılıb və bununla bağlı binanın üzərinə yeni bildirişlər vurulub.
Qeyd edək ki, bu binanın qəzalı vəziyyətdə olması və boşaldılması ətrafında qalmaqal keçən ilin yayında başlayıb. Sakinlər o dövrdə binanın qəzalı vəziyyətdə olmadığını və mənzillərindən çıxmayacaqlarını bildirmişdilər.

Onu da deyək ki, Dövlət Gömrük Komitəsinin yaxınlığındakı 14 mərtəbəli binalarda kirayə yaşamaq istəyənlərin xərci “Kapitalbank”ın 2 saylı Yasamal filialında sakinlərin adına açılmış hesaba köçürülmüş vəsait hesabına ödənəcək. Yəni bu vəsait onların qazı, işıq və su xərclərini qarşılayacaq.

Ramiz Mikayıloğlu
# 613

Oxşar yazılar