Nazirdən dərslik yazanlara ismarıc
19 oktyabr 2009 14:15 (UTC +04:00)

Nazirdən dərslik yazanlara ismarıc

Misir Mərdanov: “Bundan sonra heç kəs tanışlıqla, tapşırıqla dərslik yaza bilməyəcək”

“Orta məktəb şagirdlərini yüksək səviyyəli dərsliklərlə təmin etmək, bu sahədə ciddi dönüş yaratmaq üçün yeni kollektiv, peşəkar nəşriyyatlar formalaşmalıdır”.

Lent.az-ın məlumatına görə, təhsil naziri Misir Mərdanov Təhsil Nazirliyi 1-ci siniflərdə yeni kurikulumların və dərsliklərin tətbiqi ilə bağlı aparılan sorğunun nəticələrinə həsr olunmuş iclasda belə deyib. O qeyd edib ki, Təhsil Nazirliyi yeni dərslik siyasətinə 1999-cu ildən start verib. Dərslikləri Qiymətləndirmə Şurasının yaradılması da bu siyasətə xidmət edir. Onun sözlərinə görə, iki il əvvəl dərslik komplekslərini hazırlayan komandalar formalaşıb. Amma bu komandalar keyfiyyət və kəmiyyət baxımından hələ də tam qaneedici deyil.

“Sovet dövründə dərsliklərin çoxu Moskvada hazırlanırdı. Azərbaycanın özündə hazırlanan dərsliklər isə 70 il ərzində monopoliyada olub. Bu müddət ərzində ölkədəki nəşriyyatların rəhbərləri bilirdi ki, hansı dərslikləri hazırlayacaq. O dövrdə müəllimlərə dərslik yazmağa imkan vermirdilər. Ömrü boyu orta məktəbin qapısını açmayan akademiklərin dərslik yazması gülüş doğurur. Ona görə də biz bu siyasəti dəyişdik və indi istəyirik ki, dərslikləri bu sahə ilə birbaşa məşğul olanlar yazsınlar” - deyə, Misir Mərdanov bildirib.

Nazir deyib ki, dərsliklərin hazırlanmasına ciddi nəzarət var və bundan sonra heç kəs tanışlıqla, tapşırıqla dərslik yaza bilməyəcək: ”Biz dərslik yazanlara qadağa qoymuruq. Amma istəyirik ki, bu işi peşəkarlar görsün. Dərslik yazan kollektivlər formalaşsın və onlar öz işlərini daim təkmilləşdirsinlər”.

Elxan SALAHOV
# 411

Oxşar yazılar