Uşaq evindən sonra...
17 iyul 2009 21:00 (UTC +04:00)

Uşaq evindən sonra...

Onların taleyi hamını maraqlandırmalıdır

Bu gün bütün dünya həm də uşaqların nəzarətsiz qalıb küçələrə düşməsi problemi ilə üzləşib. Problemin çözümünü axtaran əcnəbi təşkilatlar "xüsusi qayğıya ehtiyacı olan uşaqlar" terminindən istifadə edir. Əslində bu termin bir çox kateqoriyadan olan uşaqları əhatə edir. Bura küçə uşaqlarıyla yanaşı ata-ana himayəsindən məhrum olmuşlar, qaçqın övladları, QİÇS-ə yoluxmuş azyaşlılar və s. daxildir.

Yol ayrıcında

Küçə uşaqlarının sayına dair göstərilən rəqəmlər xeyli fərqli olur. Son məlumatlara görə, dünyada 1 milyard uşaq günlərini evlərindən kənarda keçirir. Təkcə Türkiyədə 20 min uşaq həyatını küçədə yaşayır. Bizdə isə statistika Daxili İşlər Nazirliyində aparılır. Bir müddət əvvəl Azərbaycan Dövlət Statistika Komitəsi ölkəmizdə yaşayan küçə uşaqlarının taleyi barədə statistik məlumat hazırlamışdı. Rəsmi statistikaya görə, paytaxtda 9-17 yaş arasında 208 baxımsız uşaq var. Onlardan 165-i oğlan, 43-ü qızdır. Bu uşaqların yarısı doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsi də alıb. Hər 10 uşaqdan biri bu sənədlərə malik olmadığını söyləyib. 40 faizi ümumiyyətlə, bu sənədlərin nə olduğunu da bilmir. Küçədəki uşaqların 40 faizinin ailəsi Bakıdan kənarda yaşayır. Hər 3 oğlandan birinin və qızların 70 faizinin ailəsi əsasən, Yevlax, Bərdə, Ağdaş və Ağsu rayonlarındadır. Hər iki uşaqdan birinin ailəsi isə 1988-ci ildən Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində köçən ailələrin uşağıdır.


QHT-lərin göstəricilərində isə vəziyyət fərqlidir və bundan dəfələrlə çoxdur.

Əslində, bu rəqəmlərin heç bir önəmi yoxdur. Əgər cəmi bir uşaq küçəyə düşübsə, nəzarətdən, himayədən kənar qalıbsa bu artıq problemdir. QHT-lərin apardığı sorğuya görə, küçədə yaşayan uşaqların 66%-i düşdükləri vəziyyətə görə valideynlərini, 44%-i isə hökuməti günahlandırır. Uşaqların ailə vəziyyətinə gəlincə isə onların 47%-nin hər iki valideyni, 33%-nin isə bir valideyni var. 20%-nin isə heç bir valideyni yoxdur. Küçədə yaşayan uşaqların 44%-i 15-16 yaş, 36%-i 12-14 yaş arasındadır.


2000-ci illə müqayisədə nikahdankənar doğulan uşaqların da sayı artıb. Məsələn, 2000-ci ildə Azərbaycanda 6282 nikahsız uşaq doğulubsa, bu rəqəm 2001-ci ildə 7318, 2002-ci ildə 8421, 2003-cü ildə 11882 nəfər, 2004-cü ildə durmadan artaraq 26669 nəfər olub. 2007-ci ildə 17873 nikahsız uşaq dünyaya gəlib. Digər illərlə bağlı statistika dəqiqləşdirilir.


YUNİSEF başda olmaqla müxtəlif ölkələrin, o cümlədən də Azərbaycanın çoxsaylı hökumət və qeyri-hökumət təşkilatları bu problemin həlli üçün müxtəlif layihələr hazırlayıb həyata keçirir. Azərbaycanda hələ sovet dövründə geniş internat şəbəkəsi yaradılıb. 2000-ci ildən isə Azərbaycanda Bakıda SOS Uşaq Kəndi bu istiqamətdə fəaliyyətə başlayıb. Hal-hazırda Bakı SOS Uşaq Kəndində 98 nəfər uşaq məskunlaşıb. Gəncə SOS Uşaq Kəndinin yaradılması təşəbbüsü isə 2001-ci il 27 iyun tarixində Heydər Əliyevin “SOS Kinderdorf İnternational” təşkilatının prezidenti, Helmut Kutinlə görüşü zamanı irəli sürülüb. 2006-cı ildən kənddə məskunlaşma başlayıb və hazırda Gəncə SOS Uşaq 46 uşaq məskunlaşıb.

Bir SOS təşəbbüsü

Qısası, uşaqların küçə həyatı yaşamaması üçün Azərbaycanda bir sıra addımlar atılıb və atılır. Ancaq ortaya başqa bir problem çıxır. İnternat evlərində böyüyən uşaqlar sonradan gənc kimi həyata qədəm qoyduqları zaman mənzil və işlə təminat kimi ciddi problemlərlə üzləşirlər. Belə uşaqların demək olar 90 faizinin yaşının 18-ə çatmasına baxmayaraq getməyə yeri olmadığı üçün uşaq evlərində qalmağa məhkumdur. Onların əməyə cəlb olunmasına şərait yaradılmaması isə bu gənclərin ələbaxımlı olmasına rəvac verir. Bir il əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə, Təhsil, Ədliyyə nazirlikləri deinistituializasiya proqramı üzərində birlikdə işlədikləri açıqlanmışdı. Əsas məqsəd uşaq evlərində yaşayan uşaqların ailələrə verilməsi idi. Ancaq uşaq evlərindəki uşaqların hamısının ailələrə verilməsi çox çətindir. Eyni zamanda qanunvericilik yolu ilə də internatda böyüyən və sonradan həyata atılan bu gənclərin mənzil və iş problemlərini həll etməyə cəhd göstərmək birmənalı çıxış yolu sayıla bilməz. Ümumən cəmiyyətin bu məsələyə diqqətinin yönəldilməsi, eyni zamanda həmin gənclərin onlarla bağlı qanunvericilikdə əksini tapmış güzəştlər barədə məlumatlandırılması lazımdır.


Bu baxımdan bu günlərdə SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə irəli sürdüyü təşəbbüs maraq doğurur.

SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyasının Fandreyzing və İctimaiyyətlə Əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi uşaq evlərini, internatları, alternativ qayğını tərk etməkdə olan və tərk etmiş gənclərlə bağlı kampaniya çərçivəsində jurnalistlər arasında “Uşaq evindən sonra” mövzusunda müsabiqə elan edib. Bu gənclərin müstəqil həyata hazırlanması, onların təhsil, iş, mənzil hüquqları və digər güzəştlərdən faydalanma imkanları, cəmiyyətə inteqrasiya, alternativ qayğı və uşaq evlərindən sonra yarana biləcək problemlərinin həlli, həll olunmadıqda isə bunun cəmiyyət üçün təhlükələri əsas mövzu istiqaməti kimi müəyyənləşib. Bu mövzuda yazan jurnalistlərin mükafatlandırılması da nəzərdə tutulub. Həm də günümüzün jurnalistikası üçün normal məbləğlər müəyyənləşdirilib.


Əslində cəmiyyətimizdə bir az çəkinə-çəkinə danışılsa da, bəllidir ki, uşaq evindən sonra bu uşaqların bir qismi iş və mənzil problemlərini həll edə bilmədikləri üçün cinayətkar aləmin potensial üzvlərinə çevrilirlər. Bir müddət əvvəl uşaq evində böyümüş bir qızın arzuolunmaz həyat yaşaması və HİV-ə yoluxması, başqalarını da yoluxdurması faktı yəqin ki, hələ yaddaşlardan silinməyib. Bu baxımdan jurnalistlərin bu mövzuda yazılar yazmağa həvəsləndirilməsi müsbət haldır.


Elə problemlər var ki, onları heç bir halda görməməzliyə vurmaq olmaz. Çünki sonradan cəmiyyətin bətnində sürətlə böyüyən şiş xəstəliyinə çevrilir. Qeyd olunan problem də bu qəbildəndir. Ona görə də aidiyyəti dövlət qurumlarının, cəmiyyətimizin, mediamızın bu problemə diqqət yetirməsi və çıxış yolu araması gərəkdir...

Ramiz Mikayıloğlu
# 642

Oxşar yazılar