Orta məktəblərdə buraxılış imtahanları mübahisə yaradıb
22 iyun 2009 13:45 (UTC +04:00)

Orta məktəblərdə buraxılış imtahanları mübahisə yaradıb

Nəticələrə etiraz edən valideynlər Təhsil Nazirliyinin binası qarşısına toplaşıblar

Təhsil Nazirliyi 11-ci siniflər üzrə buraxılış imtahanlarının nəticələrini və attestat qiymətlərini açıqlayıb. Amma imtahandan qeyri-kafi qiymət alan şagirdlər nəticələrə etiraz edirlər. Lent.az-ın məlumatına görə, hazırda bir qrup şagird və onların valideynləri Təhsil Nazirliyinin binası qarşısına toplaşıblar.

Onlar qeyri-kafi qiymət almalarının səbəbləri ilə razılaşmırlar və imtahanda lazımi bilik nümayiş etdirdiklərini söyləyirlər. Şagirdlər və valideynləri Təhsil Nazirliyinin müvafiq şöbələrinin rəhbərləri ilə görüşmək istəyirlər. Lakin hələ onları nazirlikdən heç kim qəbul etməyib.

Təhsil Nazirliyinin əməkdaşı Təranə hacıyeva Lent.az-a açıqlamasında bildirib ki, bu il buraxılış imtahanlarından kəsilənlərin sayı ötən ilkindən qat-qat azdır.

Xatırladaq ki, hazırda Təhsil Nazirliyində orta məktəb direktorlarının iştirakı ilə iclas keçirilir. Yığıncaqda buraxılış imtahanlarının nəticələri müzakirə olunur.

Elxan Salahov
# 574

Oxşar yazılar