Misir Mərdanov: “Dostbazlıq eləməyə imkanım olmayıb” - MÜSAHİBƏ
08 sentyabr 2010 18:45 (UTC +04:00)

Misir Mərdanov: “Dostbazlıq eləməyə imkanım olmayıb” - MÜSAHİBƏ

Lent.az “Persona” rubrikasının budəfəki qonağı təhsil naziri, professor
Misir Mərdanovdur. Rəsmi tədbirlərdə, televiziya kanallarından görüb tanıdığımız nazirin iç dünyası, yaşam tərzi, düşüncəsi və davranışları hamını maraqlandırır. Ən azı ona görə ki, o həm də ölkənin baş müəllimidir, əsas məqsədi tərbiyələndirmək olan təhsilin yönləndiricisidir. Deməli, həm də ölkənin gələcəyi olan gənc nəslin tərbiyəçisidir, yetişməkdə olan nəsil ondan çox şey görüb-götürür. Elə ictimaiyyət də onun şəxsi keyfiyyətlərinə biganə deyil.

- Mətbuata, ictimaiyyətə ən açıq nazir hesab olunursunuz. Amma ən çox tənqidlərə məruz qalanların biri də elə Sizsiniz. Sizcə, niyə?

- Əsas səbəb mənim rəhbərlik etdiyim sahə daha geniş spektri əhatə eləməsidir. Başqa strukturlardan fərqli olaraq, Təhsil Nazirliyi və onun strukturları ilə bağlı hər gün hər ailəyə yeni və bəzi hallarda ziddiyyətli məlumatlar gedir. Bizim millətimizin çox dəyərli və qiymətli xüsusiyyətləri ilə yanaşı, dedi-qoduya meylliliyi də var. Bir-birimizin ayağını çəkmək, irəli gedənin qabağına daş atmaq vərdişləri də var. Bu, indinin işi deyil, tarixən belə olub. Ona görə də mən şəxsən belə düşünürəm ki, bir çox hallarda bizdən qabiliyyətcə və sayca çox aşağı olan millətlər bir çox məsələlərdə bizi üstələyir. Biz bunun ağrısını bu gün də yaşayırıq. Bizim əsas çatışmayan cəhətimiz odur ki, heç kəs məndən inciməsin, tarixən irəliyə gedən insanların arxasından tutub geri çəkmişik, onlar haqqında yazılar yazmışıq. İndi mən kiməm ki? Azərbaycanın bir məmuru. Heydər Əliyev kimi böyük bir şəxsiyyət Azərbaycanı 70-80-ci illərdə qurdu, dünyada tanıtdı və getdi SSRİ-nin ali rəhbərliyinə. Digər millətlərin irəli çıxanlarından fərqli olaraq, bizim yerdəki adamlarımız onun dalınca nə qədər məktublar, yazılar yazdılar. Yəni bu hallar var. Vaxtilə mən bu məsələləri rəhmətlik Heydər Əliyevin özü ilə də müzakirə etmişəm. Bir dəfə dedim ki, cənab prezident, haqqımda ədalətsiz yazılar yazırlar. Cavab verdi ki, səndən çox yazırlar, yoxsa məndən? Dedim əlbəttə, sizdən. Dedi bəs, onda nə deyirsən?! Yəni mən bu məsələlərə qarşı çox dözümlü olmağa çalışıram. Açığını deyim ki, haqqımda yazılanların hamısını oxusam da, çoxuna fikir verməməyə çalışıram. Və düşünürəm ki, nə vaxtsa o adamların da ağlı başına gələcək. Haqqımda yazılanların əksəriyyəti şəxsi xarakter daşıyır, yəni öz işi keçəndə dost olur, bir yerdə keçməyəndə düşmən olur. Təəssüf ki, belə hallar da var.

- İctimaiyyətə, mətbuata açıqlıqdan ziyan çəkməmisinz ki?

- Vallah, mənə çox adamlar deyir ki, lazım deyil bu qədər açıq olmaq. Ancaq mən yaşımın bu vaxtında həyatımı dəyişə bilmərəm, ona görə də hər zaman, ömrümün sonuna qədər camaatın, ictimaiyyətin içərisində olacağam. Mən bununla fəxr edirəm.

- Bəzən belə fikirlər də səslənir ki, başqa nazirlər rəhbərlik etdiyi strukturlarda işçilərini dolandırır. Misir Mərdanov isə belə şərait yaratmır...

- Müəllimlik o qədər müqəddəs peşədir ki, o, pulu başqa yollarla qazanmamalıdır. Şagird, ya tələbə bilsə ki, onun müəllimi rüşvət alır, onda onun müəllim adının üzərindən xətt çəkir. Onda onun müəllimliyindən heç nə qalmır. Mən düşünürəm ki, o məsələ müəllim adına ləkə gətirir. Ona görə də qətiyyən buna imkan vermək lazım deyil. Müəllim təkcə uşağa, cəmiyyətə bilik və bacarıq vermir, həm də cəmiyyətin mənəviyyatını formalaşdırır. Çünki təhsilin əsas məqsədi həm də tərbiyədir. Ola bilər ki, çox bacarıqlı və bilikli müəllimlər var, amma mənəviyyatı sağlam olmaya bilər. Bəs, mənəvi sağlamlığı müəllim nə ilə yarada bilər? Gərək özü mənəvi cəhətdən saf və ədalətli olsun ki, uşaq ona inansın. Əgər uşaq ona dərs deyən müəllimə inanmırsa, aralarında səmimi dostluq münasibəti yoxdursa, onun nə müəllimliyindən söhbət gedə bilər, nə də təhsilindən. Mənə belə gəlir ki, müəllim ilk növbədə öz hərəkət və davranışı, şagirdə, valideynə, təhsilə münasibəti ilə nümunəvi insan olmalıdır. Hətta müəllimlər geyim-kecimindən, ailədə münasibətindən, övladlarının davranışından seçilməlidir. Məsələn, mən eşitsəm ki, övladım cəmiyyətdə mənə yaraşmayan bir addım atıb, o gün mənim üçün ən ağır gün olacaq. Özünüz arayıb-axtara bilərsiniz, mənim 2 oğlum var, cəmiyyətdə onlar adi adamlardan qətiyyən seçilə bilməz. Nəvələrim də həmçinin. Niyə seçilməlidir ki?! Əksinə, mənim övladım daha dözümlü olmalıdır, o bilməlidir ki, onun atası müəllimdir, nazirdir, bu boyda təhsilə, 400 min müəllim və cəmiyyət qarşısında cavabdehdir. Yəni o, atasının mən olduğunu bilərək başını aşağı dikib insanlarla bir yerdə olmayacaqsa, mənim övladım deyil. Ancaq mən şəxsən fəxr edirəm ki, mənim övladlarım da, qardaş-bacılarım da, qohum-əqrəbam da cəmiyyətdə heç bir şeyləri ilə adi adamlardan seçilmir.

- Evdə tərbiyəçi olmaq çətindir, yoxsa çalışdığınız sahədə?

- Hər ikisi çətindir. Mən həmişə öz ailəm və övladlarımın ailəsi arasında müqayisə aparıram. Mənə belə gəlir ki, valideynin bilikli və təhsilli olması tərbiyədə çox vacibdir. Ancaq ondan daha vacibi atanın və ananın bir-birinə olan münasibətidir. Ola bilər ki, ailədə ata da, ana da professordur, ancaq uşaqları tərbiyəli deyil. Yəni uşağa “tərbiyəli ol” deməklə tərbiyəli olmur. Uşaq görməlidir ki, onun atasının anasına və anasının atasına, eləcə də valideynlərin qardaş-bacılara münasibəti necədir. Uşaq tərbiyəni bu münasibətlərdən götürür. Ona görə də mən həmişə bu məsələlərə diqqət yetirmişəm. İndiyədək nə atamın, nə də anamın mənə əl qaldırdığını xatırlamıram, bir kəlmə onların dilindən ağır söz eşitməmişəm. Valideynlərim bir dəfə də nə mənə, nə də bacı-qardaşlarıma deməyiblər ki, a bala, dur dərsini oxu.

- Yəqin uşaqlıqda sakit olmusunuz...

- Deyə bilmərəm, adi bir adam olmuşam, kənddə oxumuşam. Ancaq heç bir vaxt oxumağım barədə valideynlərimdən mənə irad və tələb qoyulmayıb. İndi özümü övladlarımla, övladlarımı nəvələrimlə müqayisə edirəm. Görünür, zamanın da özünün rolu olub, atam vəzifə adamı idi, səhər tezdən çıxıb axşam gələrdi. Anam evdar qadın idi – indi yaşayır – evə, həyət-bacaya baxmaqla məşğuluydu. Əlbəttə, bizim təhsilimizə indiki valideynlər qədər diqqətlə yanaşmazdı, heç buna vaxtı da yox idi. Bizim dərslərə hazırlaşmağımız üçün əlavə müəllim tutmazdılar. Ancaq yaxşı oxuyub yaxşı təhsil almışıq. Mənim indi 60-dan çox yaşım var, həyatda başıma gələnləri bir daha süzgəcdən keçirərək belə düşünürəm ki, ən əsas məsələ tərbiyə məsələsidir və valideynin, sonra isə müəllimin özünün tərbiyəsindən, ədalətindən çox şey asılıdır. Əgər bir müəllim bilən uşağa qəsdən aşağı, bilməyənə isə onun gözü qarşısında yüksək qiymət yazırsa, o gün onun müəllimliyinin üzərindən xətt çəkmək lazımdır. Belələri bir tərəfdən qabiliyyətli, yetişməkdə olan uşağın qəlbini sındırır, onun gələcəyə olan ümidini itirir, digər tərəfdən ədalətsiz addım atır. Sonra bu uşaq ona qızıldan don geyinsə də inana bilməz. Bu, çox ciddi məsələdir.

- Siz orta məktəbdə oxuyanda belə haqsızlıqla üzləşmisiniz?

- Yox, xatırlamıram.

- Bəs, özünüz necə, tələbəyə ədalətsiz qiymət yazmısınız?

- Mənim əsas pedaqoji fəaliyyətim ali məktəbin sonuncu kursunda oxuyarkən başlayıb. 4-cü və 5-ci kursda Bakıdakı 176 saylı məktəbdə praktikaya getmişəm və orada dərs dediyim şagirdlər bu gün də yadımdadır. Sonra mən ali məktəbdə işləmişəm. Əlbəttə, dövrün-zamanın və özümün imkanlarım daxilində həmişə çalışmışam ki, ədalətli olum. Uzun illər qəbul imtahanları götürmüşəm, orada da çalışmışam ki, haqq-ədaləti pozmayım.

- Səhv etmirəmsə, orta məktəbi doğulub boya-başa çatdığınız Qaraqoyunlu mahalında oxumusunuz.

- Bəli, mən Göyərçin kəndində anadan olmuşam, sonradan Salah kəndinə köçmüşük. Birinci sinfə də elə Salahda getmişəm. O zaman mən bir il itirmişəm, onda nə Salahda, nə də Göyərçində məktəb yox idi. Biz bir kənd qadınının evində oxuyurduq, I və III siniflər bir yerdə. Təxminən 7-8 nəfər idik. Qadın səhər tezdən evindən çıxanda olurdu məktəb, günortadan sonra məktəb çevrilib olurdu ev. Bax, biz birinci sinfə belə oxumağa başlamışıq. Sonralar IV-V siniflərdə həmkəndlimizin tikdirdiyi yeni məktəbdə oxumuşuq, onda artıq I və III, II və IV siniflər bir yerdə oxuyurdu. VII sinifdə oxuyanda isə artıq kənddə böyük bir məktəb tikilmişdi. Biz belə bir şəraitdə oxumuşuq. Bizdən əvvəl yalnız ibtidai siniflər öz kəndimizdə oxuyublar.

- Orta məktəbi bitirən il ali məktəbə daxil ola bildinizmi?

- Bayaq dedim ki, kənddən digər kəndə köçməyimizlə əlaqədar orta məktəbə bir il gec getmişəm. Həm də biz 10-cu sinifdə oxuyanda orta məktəblərin 11 illik olması barədə qərar qəbul olunmuşdu və belə çıxırdı ki, mən iki il də oxumalıyam. Ona görə də mən 10-cu sinifdə oxuyanda sinif yoldaşlarımdan ayrıldım, Bakıda yaşayan qohumlar xəbər verdilər ki, burada eksternat imtahanı götürürlər. Gəldim Bakıdakı 49 saylı məktəbdə eksternat imtahanı verdim və orta məktəbi bir il tez bitirdim. 1969-cu ildə məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil oldum.

- Qaraqoyunlu necə yadınızda qalıb? Darıxmırsınız ki, oralar üçün?

- Əlbəttə, çox darıxıram, mənim uşaqlı dövrüm orada keçib. Əslində mən 1946-cı ildən – dünyaya gözümü açandan 1988-ci ilə qədər birbaşa ora ilə bağlı olmuşam. Sonra bir dəfə Allah qismət elədi 2000-ci ildə getdim öz kəndimizə, evimizi, məktəbimizi gördüm. Ali məktəbdə oxuduğum illərdə də tez-tez gedərdim. Mən dünyanın əksər ölkələrində olmuşam, hər yerdə də hörmət görmüşəm. Ancaq hələ də o yerlər qədər gözəl, səfalı yerlər görməmişəm.

- Hərbi xidmətdə olmusunuzmu?

- Yox, biz oxuyan vaxt ali məktəb tələbələri hərbi xidmətdən azad idi. Eyni zamanda ali məktəblərdə hərbi kafedralar vardı və biz 5 il müddətində həftənin bir günü həmin kafedrada təlim keçirdik. 1968-ci ildə ali məktəbin IV kursunu bitirdikdən sonra bizi 3 aylıq hərbi təlimə apardılar və bizə zabit rütbəsi verdilər. Amma mənimlə birlikdə ali məktəbi bitirənlərin bəziləri sonradan hərbi xidmətə getdilər hərbi işlərdə çalışdılar. Mən isə ali məktəbi bitirib, aspiranturaya daxil oldum.

- Tələbəlik illərinin ən yaddaqalan hadisələrini xatırlayırsınızmı?

- Belə yaddaqalan məqamlar çoxdur. Amma deyim ki, 5 illik tələbə həyatımda mən oxumaqdan və yazmaqdan başqa bir iş görməmişəm. Mən qrupumuzun rəhbəri idim, aramızda kənd uşaqları da, şəhər uşaqları da vardı. Tələbəliyimin ilk iki kursunu yataqxanada yaşamışam. Amma mənim belə bir vərdişim vardı ki, hər gün mühazirələri qaralama şəklində ümumi dəftərə yazardım, yataqxanaya gələn kimi müvafiq ədəbiyyatlardan istifadə etməklə mühazirəni təzə dəftərə köçürürdüm. Bununla həm də dərslərimə hazırlaşırdım. Yəni bütün günü vaxtımı belə keçirirdim. Çünki bizim dövrümüzdə hər mühazirə müəllimləri hər gün bizi sorğu-sual eləyirdi və qiymətimiz əsasən, ona görə müəyyənləşirdi. Ona görə də 5 illik tələbəlik dövründə mən nə Bakının özünü, nə də kinoteatrları tanımamışam, həyatım sırf riyaziyyatla, yazıb-oxumaqla keçib.

- O dövrdə heç sevdiyiniz qızla da kinoteatra getməmisiniz?

- Yox, qətiyyən. Heç vaxt elə bir imkanım olmayıb.

- Sosial baxımdan o dövrdə tələbə olmaq asan idi, yoxsa indi?

- Mənə elə gəlir ki, hər iki dövrün çətinliyi də var, asanlığı da. Çətinlik onda idi ki, insanlarda pul yox idi. Mənim valideynlərim həmişə imkanlı olublar, bizim – iki il sonra bacım da mənimlə birgə oxuyurdu – bütün ərzağımız nə qədər uzaq olsa da, Qaraqoyunludan gəlirdi. Yağ, kartof, yumurta, ət, alma – hər şeyi atam gətirərdi, yaxud da özümüz gedəndə gətirərdik. Yəni bu imkan olsa da, pul imkanımız çox az idi. O dövrdə ən imkanlı adamların da pulu yox idi. Belə deyim ki, o dövrdə pula heç çox ehtiyac da yoxuydu, müəyyən imkanlar daxilində dolanırdıq. Ancaq indi hər şey bahadır, eyni zamanda adamlarda pul da çoxdur. Mən tələbəlik illərini ən çox qazandığım dövr kimi xatırlayıram. Eyni zamanda ən çox itirdiyim illər kimi yadımda qalıb. O mənada qazandığım illər olub ki, bu gün də istifadə elədiyim bilik və bacarıqları o dövrdə əldə etmişəm. İtirdiyim isə odur ki, dediyiniz o məqamlardan istifadə etməmişəm.

- Həyatda ən böyük çətinlikləriniz hansı dövrə təsadüf edir?

- Ümumiyyətlə, bizim ailəmiz elə olub ki, mən maddi cəhətdən ciddi sıxıntı keçirməmişəm. Atam həmişə vəzifədə olub və o zamankı dövrün tələblərinə uyğun ortadan yuxarı səviyyədə bizim üçün şərait yaradıb. Ali məktəbi və aspiranturanı bitirdikdən sonra da atamın diqqəti üzərimdə olub. Düzdür, qardaş-bacılarım da gəlirdi bura, ancaq yenə də atamın köməyi ilə yaşamışıq. Namizədlik dissertasiyasını müdafiə edib indiki Bakı Dövlət Universitetində müəllimliyə başladıqdan sonra evləndim və özüm öz ailəmi saxladım. Sonralar universitetdə vəzifə sahibi oldum, artıq maddi imkanlarım artmağa başladı. Mən Allahımdan çox razıyam, övladlarım dünyaya gələndən sonra heç bir maddi sıxıntı çəkməmişəm. Hər zaman həmyaşıdlarımdan, mənimlə bərabər çalışan insanlardan daha yüksək səviyyədə dolanmışam. Məsələn, universitetdə çalışan zaman çox az adamın xüsusi maşını vardı, amma atam mənə maşın almışdı. Getdikcə də bu imkanlar ətrafımda mənimlə bərabər olan insanlardan ən azı bir az yüksək olub.

- Gənclik illərində davakarlığı xoşlamısınız?

- Yox, mənim davakarlığa münasibətim həmişə mənfi olub. Heç zaman kiminləsə dava etməmişəm və bu gün də belə fikrim yoxdur.

- Bu sakitlik ailədəki tərbiyədən irəli gəlir, yoxsa cəmiyyətdə qarşılaşdıqlarınızın təsiridir?

- Mənə elə gəlir ki, hər ikisinin rolu var. Əlbəttə, ilk növbədə ailə tərbiyəsinin. İkincisi də, mən çox cavan yaşlarımdan vəzifədə olmuşam, 1978-ci ildən mənim yüksək vəzifəm olub və 30 ildən çoxdur ki, bu vəzifələrdə işimi davam etdirirəm. Mənə elə gəlir ki, vəzifələrdə olmaq insanı dözümlülüyə sövq edir. Vəzifədə o zaman uzun müddət işləyə bilərsən ki, dözümlü olasan, insanları eşitməyi bacarasan, müəyyən məqamlarda güzəştə getməyi bacarasan. Bunlar vəzifə karyerasının ilk şərtləridir. Vəzifə sahibi olanda mənim cəmi 32 yaşım vardı. O dövrdən indiyədək təxminən yüksələn xətlə getmişəm. Hər halda vəzifə məni necə deyərlər, döyə-döyə bu işlərə aparıb.

- Yaxşı övlad olmusunuz, yoxsa yaxşı valideynsiniz?

- Məncə, mən ata-anamın yaxşı övladı olmuşam. İstəyərdim ki, övladlarım da ən azı mənim kimi olsun. Bu, mənim arzumdur.

- Övladlarınızdan narazı qaldığınız məqamlar olub?

- Allaha şükür, hələlik narazı qaldığım elə bir şey olmayıb. 3 övladım var, hər üçü sakitdir. Onların da hərəsinin 2 övladı var. Mənim üçün ciddi problemlər yaratmırlar.

- Övladlarınız Bakıda yaşayır?

- Bəli, hər 3-ü Bakıda yaşayır.

- Sizcə, gənclərin valideynlərin məsləhəti ilə ailə qurması yaxşıdır, yoxsa onları sərbəst buraxmaq lazımdır?

- Şəxsən mən atamın məsləhəti ilə ailə qurmuşam. Bu günə qədər də qətiyyən peşman deyiləm və atamın ruhu qarşısında baş əyirəm ki, məni halal bir insanla birləşdirib. Mən 40 ilə yaxındır ki, həyat yoldaşımla birgə ömür sürürük. Həyatda nail olduqlarıma görə atamdan-anamdan sonra həyat yoldaşıma borcluyam. Çünki o mənim bütün əziyyətlərimə, evdən tez çıxıb gec gəlməyimə, digər problemlərimə qatlaşıb. Baxmayaraq ki, özü çox qabiliyyətli insandır, amma bütün həyatını mənə və mənim övladlarıma qurban verərək evdar qadın olub. Mən bunu heç vaxt unutmaram.

- Yoldaşınız heç işləməyib?

- Əvvəllər işləyib. Övladlarım dünyaya gələndən və mənim bu işlərim ortaya çıxandan sonra özü oturdu evdə ki, uşaqların tərbiyəsi ilə məşğul olsun.

- Yəqin ali təhsillidir.

- Bəli, tam ali təhsillidir. Həm texnikumu, həm də institutu fərqlənmə diplomu ilə bitirib. Ancaq bütün həyatını mənə və uşaqlarımın, nəvələrimin inkişafına həsr edib. Düşünürəm ki, övladlarımın böyüməsində və bugünkü səviyyəyə çatmasında məndən çox yoldaşımın rolu böyükdür.

- Görünür, lazımi təminatları da ödəmisiniz, ev problemi, sosial qayğılar, yeri gələndə gəzintilərə çıxmaq imkanları...

- Şübhəsiz, bunlar olub. Ancaq elə hallar var ki, onlar olan yerdə də ailədə müəyyən uğursuzluqlar olur. Yenə də deyirəm, ata-anamdan sonra bu gün nəyim varsa, hamısına görə ilk növbədə həyat yoldaşıma minnətdaram. Biz 1971-ci ildə həyat qurmuşuq, gələn il 40 ili tamam olacaq. Bu 40 il ərzində mənim bütün ağrılarıma, problemlərimə, uşaqlarımın problemlərinə dözmək hər adamın işi deyil. Sevinirəm ki, bu 40 ildə bizim aramızda heç bir mübahisə və münaqişə olmayıb.

- Ailədə sakitsiniz, yoxsa tələbkar?

- İndi siz məni sakit görürsünüz. Bəzən adamın beyni qızanda qabağında durmaq olmur. Ona görə də sakitlik nisbi şeydir, adam müəyyən həddə qədər səbrini basır, elə məqamlar var ki, adam özündən çıxır. Bu baxımdan deyə bilmərəm ki, həmişə belə sakit olmuşam. Çalışıram ki, sakit olum, ancaq bəzən insan özünü cilovlaya bilmir.

- Hələ çata bilmədiyiniz arzularınız varmı?

- Əlbəttə, çox arzularım var. Şəxsi arzularım odur ki, balalarım, nəvələrim istədiyim kimi böyüsün, hamısının uğurlarının şahidi olum, sevinim. Daha bir arzum odur ki, Azərbaycan inkişaf eləsin, zəbt olunmuş torpaqlarımız geri qaytarılsın, Azərbaycan bütövləşsin, ölkəmizin daxilindəki bəzi mənfi cəhətlər olmasın. Azərbaycan xalqının hər bir nümayəndəsi qonşusunun, yanındakı insanın inkişafından zövq alsın, onun inkişafına təkan verməyə çalışsın. Bir arzum da var – mən uzun illərdir Azərbaycanın təhsil tarixinə dair kitab üzərində çalışıram, artıq birinci və ikinci cildlərini çapa hazır vəziyyətə gətirmişəm. Arzulayıram ki, üçüncü cild də tez başa gəlsin və həyatda olduğum zaman 3 cildlik Azərbaycanın həqiqi təhsil tarixini ölkə ictimaiyyətinə təqdim edə bilim.

- Misir müəllim dostlarından xəyanət görübmü?

- Xeyr, görməmişəm.

- Bəs, siz özünüz nə vaxtsa dostlarınızın xətrinə dəymisiniz?

- Yox, heç zaman belə şey ola bilməz. Hər zaman dostlarıma, yoldaşlarıma qarşı etibarlı və səmimi olmağa çalışmışam. Belə deyim ki, uzun illər əsas gücümü ilk növbədə işimə və ailəmə sərf etmişəm. Gördüyünüz kimi işim belədir, bundan əvvəl də çətin idi. Ona görə də açığını deyim ki, dostbazlıq eləmək, dostla davamlı olaraq görüşmək imkanlarım olmayıb. Mənim dostlarım, əgər onlara həqiqi mənada dost demək mümkündürsə, həyatda tez-tez rastlaşdığım adamlardır, bir də ali məktəbdə bir yerdə oxuduğumuz bəzi adamlarla əlaqə saxlayıram. Ancaq yenə də deyirəm, dost üçün vaxt ayırmağa imkanım yoxdur. Əsas vaxtımı işimə və ailəmə ancaq çatdıra bilmişəm.

- Az-az görüşməyinizə, yaxud zəngləşməyinizə görə inciyən olmayıb ki?

- Bəlkə də olub. Bəlkə də məndən umub-küsənlər var. Bunlar dostlarım da, qohumlarım da arasında ola bilər. Bəlkə onların istədiklərini mən bir çox hallarda eləyə bilmirəm. Bəzi hallarda qanundankənar arzu və istəklərini yerinə yetirə bilmirəm. Ancaq çalışıram ki, nədəsə onlara kömək olub, əlbəttə, hər şeyi edə bilmərəm.

- Azərbaycanın hansı bölgəsində dincəlməyə üstünlük verərdiniz?

- Deyim ki, vəzifənin həm çətin və mürəkkəb cəhətləri var, həm də çox yaxşı şeydir vəzifə. Hər yerdə hörmət və diqqət görürsən. Kim desə ki görmürəm, yalandı. Vəzifədə olduğum dövrdə bütün dünyanı gəzmişəm. Eyni zamanda Azərbaycanı gəzmişəm. Azərbaycanın 9 milyon əhalisinin bəlkə də böyük əksəriyyətinin ölkəmizdən xəbəri yoxdur. Ancaq mənim bu illər ərzində Azərbaycanda ayağım dəymədiyi yer olmayıb. Maralgöldən, Göygöldən tutmuş Gədəbəyə, Lerikin, Yardımlının ən ucqar kəndlərinə, Xınalıq kəndinə, Şah düzünə qədər Azərbaycanın bütün bölgələrində, məktəblərində, ailələrində, gəzməli-görməli yerlərində, bulaqlarında olmuşam. Ona görə də mən Azərbaycanın hər yerində istirahət eləmək istəyərdim. Dincəlmək üçün Azərbaycanın heç bir yerini digərindən seçməzdim.

- Məmurlar, imkanlı şəxslər səfalı yerlərdə özləri üçün bağ-istirahət yerləri, villalar tikdirir. Sizin də varmı?

- Novxanıda köhnədən bağımız var və İsmayıllıda birmərtəbəli evimiz var. Düzdür, İsmayıllıya çox az-az, ildə bir-iki dəfə gedə bilirəm. Bu il isə heç gedə bilməmişəm. Ancaq hazırda Novxanıdakı bağımda yaşayıram.

- İmkanlı şəxslər, sahibkarlar istirahət zonalarının tikintisinə sərmayə qoymağa belə demək mümkünsə, əlini qısır. Sizcə, bu, nədən irəli gəlir?

- Bu, daha çox onunla bağlıdır ki, həmin adamlar risk eləməkdən ehtiyatlanırlar. Fikirləşirlər ki, cəmiyyət buna nə deyər, axırı nə olar? Bizdə hələ elə bir cəmiyyət formalaşmayıb ki, hər adam rahat şəkildə istədiyi işi qura bilsin. Həm də açıq deyək ki, halal pul əldə eləmək çətindir.

Elxan SALAHOV
# 2573

Oxşar yazılar