Şura 65 təşkilata 253 000 manat maliyyə yardımı ayırıb
01 sentyabr 2010 15:10 (UTC +04:00)

Şura 65 təşkilata 253 000 manat maliyyə yardımı ayırıb

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2010-cu ildə QHT-lərə növbəti maliyyə yardımı müsabiqəsini yekunlaşdırıb.



Şuranın Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, maliyyə yardımı müsabiqəsi 25 iyun 2010-cu ildə elan edilib, ərizələrin qəbulu 23 iyul 2010-cu ildə başa çatıb.

Müsabiqə aşağıdakı fəaliyyət istiqamətləri üzrə layihələrin maliyyələşdirilməsini nəzərdə tutub:

- Demokratikləşmə prosesinin dərinləşməsinə dair təşəbbüslər
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması
- Qaçqın və məcburi köçkünlərin hüquqlarının beynəlxalq təşkilatlarda və beynəlxalq məhkəmə orqanlarında müdafiəsi
- Virtual məkanda Azərbaycan həqiqətləri ilə bağlı elektron resurslarının mövcud vəziyyətinin öyrənilməsi və müvafiq hesabatların hazırlanması
- Beynəlxalq təşkilatlar və xarici QHT-lərlə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində təşəbbüslər
- Tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər
- Təhsilin keyfiyyətinin artırılmasına dair təşəbbüslər
- Mədəniyyətə dair təşəbbüslər
- Xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial problemlərinin həllinə dəstək
- Sosial xidmətlərin yaxşılaşdırılması sahəsində təşəbbüslərə dəstək



Müsabiqəyə 210 layihə daxil olub. Şura katibliyinin apardığı ilkin seleksiya zamanı 65 təşkilatın təqdim etdiyi sənədlərdə çatışmazlıqlar və müsabiqə şərtlərinə uyğunsuzluqlar aşkar edilib, bu layihələr ekspertizaya göndərilməyib. 145 QHT-nin layihə təklifləri ekspertizaya təqdim edilib. Hər bir layihə iki ekspert tərəfindən qiymətləndirilib.


Katiblik ekspertizadan keçmiş hər bir layihə üzrə arayış hazırlayaraq Şuranın müzakirəsinə təqdim edib. Maliyyə yardımı haqqında son qərarı qəbul etmək üçün Şura ekspertlərin rəyini, layihənin aktuallığını, ictimai əhəmiyyətini və əvvəlki müsabiqələrdə QHT-nin həyata keçirdiyi layihələrin icra vəziyyətini nəzərə alıb. Beləliklə, 2010-cu ildə QHT-lərə növbəti maliyyə yardımı müsabiqəsinin qalibi olaraq 65 təşkilat seçilib.


Qeyd etmək lazımdır ki, QHT-lərə növbəti maliyyə yardımı müsabiqəsi üçün ilkin mərhələdə 175 min vəsaitin ayrılması nəzərdə tutulurdu. Lakin Şura bir sıra layihələrin ictimai əhəmiyyətini nəzərə alaraq, bu vəsaitin daha 78 min manat həcmində artırılmasını mümkün sayıb.


Müsabiqənin nəticələri ilə bağlı apelyasiya müraciətləri 7 sentyabr saat 16.00-dək Şuranın müvafiq komissiyası tərəfindən qəbul edilir.


Maliyyə yardımı ayrılmış QHT-lər müqavilə bağlamaq üçün 30 sentyabr 2010-cu ilədək (bayram və istirahət günləri istisna olmaqla) Şuranın katibliyinə müraciət etməlidirlər. Bu müddət ərzində QHT-nin Şuraya müraciət etməməsi ayrılmış maliyyə vəsaitindən imtina kimi qəbul olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 826

Oxşar yazılar