“Diffamasiya: şərəf, ləyaqət və işgüzar nüfuz media müstəvisində”
31 may 2010 15:00 (UTC +04:00)

“Diffamasiya: şərəf, ləyaqət və işgüzar nüfuz media müstəvisində”

Əflatun Amaşov: “Həm diffamasiya haqqında qanun layihəsi hazırlanmalı, həm də paralel olaraq peşə prinsiplərinə riayət sahəsində iş aparılmalıdır”


Bu gün Mətbuat Şurası Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı “Media problemlərinin müzakirəsi jurnalsit peşəkarlığının və məsuliyyətinin artırılmasına dəstək kimi” layihəsi çərçivəsində “Diffamasiya: şərəf, ləyaqət və işgüzar nüfuz media müstəvisində” mövzusunda “dəyirmi masa” keçirib.

Lent.az-ın verdiyi məlumata görə, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, rəhbərlik etdiyi qurum bu ilin əvvəlindən başlayaraq ATƏT-in Bakı Ofisi ilə birlikdə yekun nəticə etibarilə diffamasiya haqqında qanunun qəbulunu nəzərdə tutan təşəbbüsün gerçəkləşdirilməsinə başlayıb.

Əflatun Amaşov bildirib ki, mövcud istiqamətdəki fəaliyyət dairəsinə jurnalistlərin peşə davranışı qaydalarının təkmilləşdirilməsi də daxildir və bu proses hər iki istiqamətdəki fəaliyyət zəruriləşdirir: “Həm diffamasiya haqqında qanun layihəsi hazırlanmalı, həm də paralel olaraq peşə prinsiplərinə riayət sahəsində iş aparılmalıdır”. Ölkədə diffamasiya haqqında qanunun qəbulunu vacib sayan Mətbuat Şurasının sədri hesab edir ki, bunun üçün zəmin də hazırlanmalıdır. Onun sözlərinə görə, diffamasiya mövzusu istər media, istərsə də bütövlükdə ölkə ictimaiyyəti içərisində geniş müzakirəyə səbəb olub, bununla bağlı müxtəlif fikirlər var: “Bir qisim qanunun qəbulunu, digəri isə hələlik buna ehtiyacın duyulmadığını vurğulayır. Aparılan rəy sorğuları da fikir rəngarəngliyindən xəbər verir. Hər bir halda maraqların uzlaşdırılmasına ehtiyac var, bu isə mövzu ətrafındakı müzakirələrin davamını aktuallaşdırmaqdadır”.

Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli də qeyd edib ki, Azərbaycanda diffamasiya ilə bağlı problemlər var. Mətbuat Şurasına daxil olan müraciətlərin təxminən 30 faizində diffamasiyaya dair motivlər mövcuddur və bu, məsələnin daim diqqət mərkəzində saxlanılmasını vacib edir: “Müsbət haldır ki, diffamasiya haqqında qanunvericilik layihəsi ətrafında müzakirələrə səngimək bilmir. Hesab edirəm ki, diskussiyaların birbaşa jurnalistlər üçün də faydalı tərəfləri var”.

Qeyd edək ki, Mətbuat Şurasının reallaşdırdığı layihənin məqsədi Azərbaycan mediasının hazırkı problemlərini sistemləşdirməkdən, onların həlli yollarına dair fikir və təklifləri qruplaşdırmaqdan, həmin çətinliklərin aradan qaldırılmasında ictimai aktivliyi artırmaqdan ibarətdir.
# 571

Oxşar yazılar